2 uşağı ağır xəstə olan ata fəryad etdi: “Kömək edin!” – FOTOLAR/VİDEO
Bizi izləyin

Qırmızı.az

2 uşağı ağır xəstə olan ata fəryad etdi: “Kömək edin!” – FOTOLAR/VİDEO

“3 uşağım var, ikisi ağır xəstəlikdən əziyyət çəkir. 7 yaşlı oğlum Altay autizm xəstəsidir, kiçik qızım Aylada isə kəskin leykoz tapılıb. Göz görə-görə onların məhv olması bizə çox ağır gəlir”.

Bunu Publika.az-a iki uşağı xəstə olan Fərhad Azayev deyib. Kömək üçün redaksiyaya üz tutan valideyn mətbuat vasitəsilə imkanlı şəxslərdən uşaqların sağalması üçün yardım etmələrini xahiş edir.

“Əvvəlcə oğlum Altayda inkişaf normal idi, diş çıxardı, danışmağa başladı, artıq yaşyarımında xeyli söz bilirdi. Peyvəndlərdən sonra uşaqda müəyyən dəyişikliklər başladı. Psixoloqlara, nevropatoloqa göstərdik. Dedilər ki, uşaqda əqli inkişafdan geriqalma, autizm əlamətləri hiss olunur. Körpəni Sankt-Peterburqa apardıq, orada da həmin diaqnozu qoydular. Hazırda uşaqla psixoloqlar, həkimlər məşğul olur, idman və digər üsullarla müalicə olunur ki, yaşıdlarından geri qalmasın, insanlarla əlaqə yarada bilsin”.

5-6 ay əvvəl oğlunu həkimə aparan ailə kiçik qızında ağır xəstəliyin olduğunu təsadüfən öyrəndi. Elə çətin günlər də bundan sonra başladı:

“Oğlumuzu növbəti dəfə müayinəyə aparırdıq. Balaca qızımızın qızdırması var idi, yemək yemirdi, qaytarırdı. Qorxduq, onu da özümüzlə apardıq. Oğlumu müayinə edən həkimin gözləri təsadüfən qızıma sataşdı və dedi ki, rəngi xoşuma gəlmir, gətirin müayinə edim. Baxan kimi dedi ki, uşağı tərəddüd etmədən Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna aparaq. Həmin gün qan və sümüyündən analiz götürdülər. Uşağın qarın nahiyəsində yerləşən daxili orqanlarda şişkinliklər əmələ gəlmişdi. Bədəni göyərmişdi, xəstəlik metastaz verirdi. O zaman qızım 1 yaş 10 aylıq idi. 2 həftə orada qaldıq, sonra dedilər ki, uşağın sağ qalma ümidi çox azdır. Hətta bəzi həkimlər dedilər ki, “get, kəfəni hazırla...” Amma xoşbəxtlikdən, biz öyrəndik ki, Belarusda bu xəstəliyin müalicəsi mümkündür və ora yola düşdük”.

Bir çox qurumlara müraciət etsələr də, ailəyə yaxın duran, kömək edən olmayıb. Keçən hər saatın uşağın ömrünü qısaltdığını deyən valideynin sözlərinə görə, Belarusda həkimlər onlara bir az gecikdiklərini desələr də, körpəni sağaltmağı boyunlarına götürüblər.

“Bizə dedilər ki, 8-9 aylıq uzunmüddətli müalicə və 2 il möhkəmləndirici tədbirlər görülməlidir. 4 aydan çoxdur ki, Ayla Belarusdadır, müalicəsini alır, normal şəkildə danışır, yemək yeyir, qarındakı şişlər tamamilə çəkilib, pozitiv enerjisi var. Hər gün əlaqə saxlayırıq. Amma maliyyə vəsaiti lazımdır. Hər iki uşağın müalicəsi böyük vəsait tələb edir. Oradakı müalicəyə qohum-əqrəba, dost-tanış, eşidən-bilən hamı kömək edir. Tələb olunan vəsaitin 30%-dən çoxu toplanıb, o qədər də böyük vəsait qalmayıb”.

F.Azayevin sözlərinə görə, Aylanın müalicəsinə 25 min dollar lazımdır. Bu məbləğin yarısı yığılıb xəstəxanaya ödənilib. Lakin qalan hissəsini ödəmək ailənin imkanları xaricindədir. Göz görə-görə uşağının maddi çətinliklər ucbatından məhv olması ata-anaya böyük dərddir.

Şimali Kiprdə ali məktəbi bitirmiş müsahibim ingilis dilini tam bilsə də, müxtəlif işlərdə çalışsa da, hazırda işsizdir. İşlədiyi vaxtda çətinliklə də olsa, problemlərin öhdəsindən gələn ata iki xəstə uşağın qarşısında acizdir.

Ailə gümanı gələn hər şeyi satıb. Hazırda valideynlərinin evində qalan F.Azayev işsiz olduğundan atasının maşınından gündəlik çörəkpulunu çıxarmaq üçün taksi kimi yükdaşımada istifadə edir. Oğlu 13 yaşına kimi müalicə olunarsa, tam başa düşməsi, insanlarla az da olsa ünsiyyət qurması mümkündür. 2 yaşlı Aylanın da sağalması olunacaq maddi yardımdan asılıdır. Valideynlərin yeganə ümidi imkanlı şəxslərin edəcəyi maddi yardımdır.

Mümkün yardımı aşağıdakı bank hesabına köçürmə yolu ilə və ya nağd formada təqdim edə bilərsiniz. Valideynin (Fərhad Azayev) əlaqə nömrəsi 070 378 93 44.

Online köçürmə üçün:

Dollar - AZ15IBAZ33882018402130398206

Manat - AZ20IBAZ33881019442130398206

online ödəniş kartı - 4127222239133028

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm