• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Hacıların bir çoxunda kəskin virus aşkarlanıb - YENİLƏNİB

Hacıların bir çoxunda kəskin virus aşkarlanıb - YENİLƏNİB

“Azərbaycandan Həcc ziyarətinə getmiş zəvvarlarda qrip virusuna yoluxma halı hər zaman olub və bu il də belə hal baş verib. Bu məsələ ilə bağlı mətbuatda məlumatların şişirdilməsi düzgün deyil”.

Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov deyib.

Onun sözlərinə görə, bu il 500-dək ziyarətçinin qrip olması böyük rəqəm sayıla bilməz. Çünki ötən illərdə də xəstələnən ziyarətçilərin sayı bu səviyyədə olub.

M.Payızov əlavə edib ki, qrip virusuna yoluxma hallarının mümkünlüyü nəzərə alındığından hər il ziyarətçilərə qripə qarşı peyvəndin aparılması tövsiyə edilir. Ancaq zəvvarlar bu peyvəndi etməkdə maraqlı olmurlar. Nəticədə də belə hallar baş verir: “Nəzərə alınmalıdır ki, orada havalar isti olur, bu il isə havalar daha da isti keçib. Ziyarətçilərin də gah isti, gah da soyuq şəraitdə olması nəticəsində xəstəliyin baş vermə ehtimalı artıb. Amma artıq heç bir problem yoxdur, ziyarətçilərin hamısı sağalıb. Adətən, hər il səfər başa çatdıqdan sonrakı 1 həftə ərzində ziyarətçilər qripə yoluxmadan müalicə olunurlar”.

***

Bu il Azərbaycandan Həcc ziyarətinə getmiş zəvvarlardan bir çoxunda virus aşkarlanıb.

Azərbaycandan olan Həcc missiyasının həkim briqadasının rəhbəri Hacı Kitabullah Əkbərov APA-ya bildirib ki, zəvvarlar bu virusa Səudiyyə Ərəbistanında yoluxublar.

Bunun kəskin respiratorlu virus infeksiyası olduğunu deyən K.Əkbərov bildirib ki, xəstəliyin əlamətləri ağır öskürək, asqırma, iştahasızlıq, oynaq-əzələ ağrıları və sairdir: “Həccdən qayıdan 500-dən çox hacı bu virusun daşıyıcısıdır. Buna da səbəb onların orada düzgün pəhriz saxlamamaları, soyuq su içmələri və digər məsələlərdir”.

Qeyd edək ki, bu il Azərbaycandan Həccə 2400 zəvvar gedib, onlardan 3-ü orada dünyasını dəyişib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR