• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycanlıların soyqırımı həqiqətləri (1918-1920-ci illər)

Azərbaycanlıların soyqırımı həqiqətləri (1918-1920-ci illər)

29 Mart 2014 tarixində “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi tərəfindən “Azərbaycanlıların soyqırımı həqiqətləri (1918-1920-ci illər)” adlı dəyirmi masa keçirilmişdir.

Seminarın qonaqları AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli və AMEA A.Bakıxanov adına Tarix İnstitutu “Əhali tarixi və tarixi demoqrafiya” şöbəsinin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov olmuşdur.

Giriş sözü ilə çıxış edən ictimai birliyin sədri dosent Məmmədəli Babaşlı Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv öyrənilməsi istiqamətində görülən işlərdən danışaraq, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımları haqqında da məlumat vermişdir.

M. Babaşlı öz çıxışında erməni millətçilərinin "Böyük Ermənistan" yaratmaq uğurundakı qanlı əməlləri nəticəsində Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Güney Azərbaycanın müxtəlif şəhərlərində minlərlə dinc əhalinin qətlə yetirilməsi ilə bağlı seminar iştirakçılarına ətraflı məlumat vermişdir.

AMEA AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli 1918-1920-ci illərdə erməni millətçiləri tərəfindən Güney Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı hərəkətləri ilə bağlı məlumat verərək bildirmişdir ki, 1918-ci ildə ermənilər Azərbaycan türklərinə qarşı kütləvi qırğınlar törədəndə ən çox ziyan çəkən bölgələrdən biri də Cənubi Azərbaycan əhalisi olmuşdur. Ermənilər xüsusilə rusların köməyi ilə 1918-ci ilin birinci yarısında Urmiyə, Xoy, Səlmasda, Qərbi Azərbaycanın bir sıra kənd və qəsəbəsində Azərbaycanlılara qarşı soyqırımı törətmişlər.

AMEA A. Bakıxanov adına Tarix İnstitutu “Əhali tarixi və tarixi demoqrafiya” şöbəsinin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov 1918-1920-ci illərdə erməni millətçiləri tərəfindən Şimali Azərbaycanda həyata keçirilən soyqırımı haqqında məlumat verərək bildirmişdir ki, “Bakı Quberniyası üzrə 1918-ci ilin mart-sentyabr aylarında 50 min, Bakıda 12 min, Şamaxıda 8 min, Qubada 16 min, Gəncə quberniyasının Zəngəzur qəzasında 115 kənd dağıdılıb, 2096-sı uşaq olmaqla 7729 nəfər qətlə yetirilib. Bunlardan 2276 nəfəri qadın, 3200 nəfəri kişi idi. Ümumilikdə Cənubi Azərbaycanda 130 min azərbaycanlı qətlə yetirilmişdir”.

Səmimi şəraitdə baş tutan görüşdə İctimai Birliyin üzvlərinin suallarını cavablandıran qonaqlar mövzu ilə bağlı dəyərli tövsiyələrini verdi. Görüşün sonunda GEAD İctimai Birliyinin sədri dosent M.Babaşlı səmimi keçən görüş üçün qonaqlara təşəkkür etmişdir.

"GEAD" mətbuat xidməti

Xəbər lenti

DAHA ÇOX XƏBƏR