Dünən şəhid olmuş kapitanın iki övladı onun öldüyünü hələ bilmir
Bizi izləyin

Qırmızı.az

Dünən şəhid olmuş kapitanın iki övladı onun öldüyünü hələ bilmir

Azərbaycan Milli Ordusunun şəhid zabiti, kapitan Elnur Cəfərovun meyiti ötən gecə Bakıdakı “Göy məscid”də yuyulduqdan sonra doğulduğu Naxçıvan MR-in Şərur rayonuna yola salınıb. Modern.az saytı xəbər verir ki, bu barədə şəhidin yaxın qohumu, jurnalist Məhəmmədəli Qəribli bildirib.

“O, mənim çox yaxın qohumumdu. Elnurun ölüm xəbəri məni həddən artıq sarsıltdı. Bir yerdə böyümüşdük. Qorxmaz və cəsuruydu. Uşaqlıqdan hərbçi olacağını deyirdi. Yadımdadır, "Naxçıvanski" adına hərbi məktəbə daxil olanda bizdə qalırdı. İmtahanları öz gücünə verdi. Qəbul olduğunu eşidəndə sevincinin həddi-hüdudu yox idi. Bəlkə də bu onun qədəriydi. Peşəkar həbçiydi, ancaq ona olan münasibət göstəricilərinə, Vətəni sevmək dərəsinə adekvat deyildi. Sosial şəbəkələrdə onun ölümü ilə bağlı gedən diskussiyalara fikir verirəm. Şəhidimizi hətta səhlənkarlıqda ittiham edənlər də tapılır. Belə deyil! Qohumum olduğu üçün demirəm. Ona münasibətdə edilən haqsızlığın həddi-hüdudu yoxdur. Tərcümeyi halına fikir verin. 1996-ci ildən xidmət edən peşəkar hərbçi hələ də kapitandı. Bu müddət ərzində onun rütbəsi iki dəfə kiçildilib. 18 ildir ki, Elnur cəbhə bölgəsində xidmət edir. Axı niyə? Bilirəm ki, Elnur özünə sığışdırıb kimdənsə özünün sakit yerə dəyişdirilməsini istəməzdi. Bəs, bizim qanunvericiliyimiz harda qaldı?”-deyə M.Qəribli bildirib.
Jurnalistin sözlərinə görə, şəhid kapitan Elnur Cəfərovun həyat yoldaşı və iki övladı yadigar qalıb. “Ancaq onlar zabitimizin şəhid olduğunu bilmirlər. Ailəsinə onun yaralandığını deyiblər”

Qeyd edək ki, yanvarın 23-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar.

Nəticədə Silahlı Qüvvələrimizin zabiti 1978-ci il təvəllüdlü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılan kapitan Cəfərov Elnur Cəfər oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm