Mətbuat Şurası ötən ilin yekunları ilə bağlı hesabat verdi
Bizi izləyin

Qırmızı.az

Mətbuat Şurası ötən ilin yekunları ilə bağlı hesabat verdi

Bu gün Azərbaycan Mətbuat Şurasının 2013-cü ildə gördüyü işlərə dair hesabat konfransı keçirilib.

Mətbuat Şurasından Publika.az-a verilən məlumata görə, tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki, ötən il rəhbərlik etdiyi quruma, ümumilikdə 610 müraciət daxil olub. 610 müraciətdən 423-ü bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlərdir. Şikayətlərdən 192-i ayrı-ayrı vətəndaşlardan, 123-ü dövlət idarə müəssisə və təşkilatlarının təmsilçilərindən, 56-ı özəl müəssisələrdən, 21-i ictimai qurumlardan, 19-u siyasi partiyalardandır.

2013-cü ildə Şuraya daxil olan şikayətlərin 241-i katiblikdə həllini tapıb. 182-nə komissiyalarda baxılıb. Bunlardan 105-i Şikayətlər üzrə Komissiyada, 48-i “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında, 8-i Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında, 11-i İnternet media resursları üzrə Komissiyada, 10-u Sosial-iqtisadi komissiyada araşdırılıb.

Şuranın İdarə Heyəti 2013-cü ildə ümumilikdə 17 qərar çıxarıb. Ayrı-ayrı KİV-lərlə bağlı qərarlar onlardan 5-nə xəbərdarlıq edilməsini nəzərdə tutub. 10 qərarda KİV-lərin peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 2 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının “qara siyahı”sına salınmasını nəzərdə tutub. “Qeyd etdiyim kimi, Mətbuat Şurasının 2013-cü ildə növbəti fəaliyyət istiqaməti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş yaşayış binasındakı mənzillərin sahiblərinin müəyyənləşdirilməsi prosesində iştirakdır. Hesab edirik ki, bu, Azərbaycan dövlətinin Şuraya göstərdiyi böyük etimad olub. Mətbuat Şurası 237 namizədin adını Prezident Administrasiyasına təqdim etdi. Redaksiya xəttilə adları təqdim edilən jurnalistlərin ümumi sayı 143, fərdi müraciət sahiblərinin sayı isə 94 oldu. Məlum olduğu kimi, iyul ayının 22-də ümumilikdə 156 jurnalist mənzillə təmin olundu”, - deyən Ə.Amaşov ötən il Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilməsindən, Şuranın İdarə Heyətinin yenidən seçilməsindən, qurumun Nizamnaməsinə edilən dəyişiklikdən də söz açıb.

Ə.Amaşov eyni zamanda bildirib ki, hər il olduğu kimi, 2013-cü ildə də Milli Mətbuat Gününü qeyd edib. MŞ-nin növbəti fəaliyyət istiqaməti jurnalist hüquqları ilə bağlı olub. O bu baxımdan aksiyalar zamanı KİV təmsilçilərinin peşə fəaliyyətlərini yerinə yetirmələrinin monitorinqinin aparıldığını, ayrı-ayrı jurnalistlərlə əlaqədar müvafiq qurumlara müraciətlərin ünvanlandığını, jurnalistlərin 9 oktyabr prezident seçkisini işıqlandırmaları, onlara müvafiq şəraitin yaradılması sahəsindəki vəziyyətin nəzarətdə saxlanıldığını vurğulayıb.

Mətbuat Şurasısın sədri rəhbərlik etdiyi qurumun 2013-cü ildə qəzetlərin yayımı sahəsindəki problemlərin aradan qaldırılması istiqamətində intensiv iş apardığını diqqətə çatdırıb. Qurumun bu məqsədlə ayrıca komissiya yaratdığını, müvafiq araşdırmalar apardığını və yekunların ölkə rəhbəriyinə təqdim olunduğunu vurğulayıb. Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin «Jurnalistlərin dostu» mükafatı təqdimı mərasimində səslənmiş təkliflərdən söz açan Ə.Amaşov MŞ-nin onlarla bağlı da müvafiq müraciətlər ünvanladığını bildirib. Şura sədri çıxışında Mətbuat Şurasının reallaşdırdığı tematik tədbirlər, layihələr, xarici səfərlər, müsabiqələr və sair istiqamətlərlə bağlı da geniş məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm