Çöp varmı? - Həkimlər və çöpçülər mübahisə edir
Bizi izləyin

Qırmızı.az

Çöp varmı? - Həkimlər və çöpçülər mübahisə edir

“Nəvəmin 10 yaşı var, indiyə qədər çöpçüyə aparıram. Uşaq vaxtı ayda bir dəfə gedirdik, indi bir az azalıb, bir neçə aydan bir çöpü qalır. Birinci dəfə çöpü qalanda həkimə apardıq, nə qədər müalicə yazdısa, xeyri olmadı. Tanışlarımızdan biri məsləhət gördü ki, çöpçüyə aparaq. Bir neçə çöpçü gəzdik, amma heç biri kömək olmadı. Sonda Sahibə adlı bir çöpçünü məsləhət gördülər. Çarəmiz tükənmişdi, onun yanına apardıq. Bir dəfə üfürən kimi meyvə tumlarını çıxartdı. Gözümüzə inanmadıq, ondan sonra uşağın temperaturu endi. Amma tez-tez çöpü qalır, əlamətləri görən kimi çöpçüyə aparırıq. İndi nəyin boğazında qaldığını özü deyir, çöpçüyə aparırıq, dediklərini çıxarır”. Bu sözləri Məryəm Həsənova adlı həmsöhbətimiz deyir.

Çöpçülərin xidmətindən tez-tez istifadə edən digər həmsöhbətimiz Xanım Zəkiyeva deyir ki, iki oğlu var, biri 3, o birinin 1 yaşı var, hər həftə çöpçüdədilər.

“Artıq adət etmişik, gözləri yığılan kimi bilirik ki, çöpü qalıb. Sonuncu dəfə oyuncağın bir hissəsi çıxmışdı balaca oğlumun boğazından. Amma çöpçülər arasında yalançılar var. Bir neçə dəfə başqa çöpçülərə aparmışdıq, yalandan meyvə tumu çıxartdığını demişdilər, amma uşağın vəziyyəti dəyişmirdi. İndi getdiyimiz çöpçü tanışdır, hər dəfə 5 manat veririk, yadlar 10 manat. Demək olar ki, hər ay maaşımızın bir hissəsi çöpçülərə xərcləyirik”.

Müsahiblərimizin sayını artıra bilərik. Bəlkə də, elə bir valideyn yoxdur ki, yolu bir dəfə də olsun çöpçü qapısından düşməsin. Əlbəttə, seçimlər qüsurlu ola bilər. Yəni fırıldaqçılar bu sahədə daha yaxşı bazar qurur. Üsulunu özləri daha yaxşı bilir, onlar min bir oyundan çıxaraq uşağın boğazından yemək qalıqları, meyvə tumu, hətta daha iri əşyalar çıxarır. Amma valideynlərə inansaq, həqiqətən çöp çıxaranlar da az deyil. Amma bu ikisi arasında fərqi anlamaq üçün ən azı 10 manatdan keçməliyik. Uşaqda heç bir dəyişiklik olmadığını görəndə aldadıldığınızın fərqinə varacaqsınız. Əlbəttə, bu zaman iş-işdən keçmiş olacaq.

Publika.az-ın “Qırmızı xətt”layihəsində bu dəfə çöpçüləri araşdıracağıq. Həqiqətən çöp qalması mümkündürmü? Niyə çöp qalır? Bu məqamda həkim, yoxsa çöpçünümü seçməliyik? Suallarına cavab axtaracağıq.

Suallarımıza cavab tapmaq üçün əvvəlcə çöpçülərə üz tutduq. 20 Yanvar metrosu yaxınlığında tanınmış çöpçü Sahibə xanımın yanına getdik. Bu çöpçü o qədər məşhurdur ki, evinin yanından keçən bütün avtobusların sürücüləri onu tanıyır. Elə biz də avtobusların birinə yaxınlaşıb, adını çəkmədən yaxınlıqda yaşayan çöpçünün yanına getmək istədiyimizi deyirik ki, bir neçə sərnişinin “mən deyərəm ora çatanda” deyə səsləri ucalır. Bir neçə dəqiqəlik yolda söhbət etdiyimiz sərnişinlərin illərdir çöpçünün müştəriləri olduğunu öyrənirik. Mariya adlı xanım illərdir nəvəsini onun yanına apardığını deyir.

“Əvvəl nə istəsək verirdik, indi qiymət dəqiqdir, 10 manat. Əslində, həkimlərin yazdığı müalicənin yanında, bu çox da böyük pul deyil”,- deyə o, çöpçüsünü tərifləyir. Onun sözlərinə görə, çöpçünün evi hər zaman müştəri ilə dolub-daşır.

Deyilən ünvana çatırıq. Yol kənarında qalanı xatırladan evdə yaşayan Sahibə xanımın qapısında, deyildiyi kimi, müştəri bolluğu yox idi. Villanın qapısı açıqdır, qarşımıza çıxan xanıma Sahibə xanımın yanına getmək istədiyimizi deyirik. O, ikinci mərtəbəni istiqamət verir. Çöpçünün otağına daxil oluruq. Müştəri olduğumuzu sanıb gülərüzlə qarşılasa da, jurnalist kimi gəldiyimizi deyəndə mimikası birdən-birə dəyişir.

“Mən heç kimə danışmıram. Belə şeylərdən xoşum gəlmir. Onsuz da müştərilərim çoxdur, kiminsə məndən yazmasına ehtiyacım yoxdur. Bir dəfə də gəlmişdilər, razı olmadım, danışmadım, evimin şəkillərini vermişdilər. İndiyə qədər də o jurnalistə qarğış edirəm” deyib, məni qovmaqdan pis edir. Bu sözləri nəfəs almadan deyib otaqdan çıxır, yanındakı oğlana da bizi qapıya qədər ötürməyi tapşırır. Sahibə xanımın nə üçün belə davranmasını anlamasaq da, peşəsi barədə danışmaqdan çəkinməyən, amma ünvanının yazılmasını istəməyən Yeganə xanımdan ətraflı məlumat ala bildik.

Həkimin gözü qarşısında çöp çıxartdım

Yeganə xanım deyir ki, uşağa baxan kimi onda çöp qaldığını anlayır. Onun sözlərinə görə, çöp qalanda bəzi uşaqlarda qızdırma olur, gözləri kiçilir, qarın ağrısı, qusma müşahidə edilir. Hər uşaqda fərqli əlamətlər olur, həmin günlərdə uşaq yemək yemir.

“Amma çöpçüyə gələnlərin hamısı inanmır. Gözü qarşısında çöpü çıxarandan sonra artıq inanırlar, ondan sonra əlamətləri görəndə birbaşa mənim yanıma gətirirlər. Çöp çıxan kimi uşağın temperaturu enir. Çöp nəinki uşaqlarda, hətta yaşlılarda da olur, dəfələrlə olub ki, orta yaşlı qadınlar yanıma gəlib. Uşaqların boğazından sırğa, qəpik, sümük, sap, pambıq, meyvə tumu, oyuncaqların bir hissəsini çıxartmışam. Dəfələrlə olub ki, valideynlər son məqamda mənim yanıma gəliblər. Xəstəxanada günlərlə müalicə edilsə də, uşağın temperaturu enməyib. Məni xəstəxanaya aparıblar, həkimlərin yanındaca, üfürüb çöpü çıxardan kimi temperatur enib, uşaq da bir-iki günə sağalıb.

Həkimlər belə uşaqlarını mənim yanıma gətiriblər. Özləri işlərinə görə bizi qəbul etmək istəmirlər, xəstələrə də məsləhət görmürlər. Amma öz uşaqlarında çöp qalanda mənim yanıma gətiriblər. Həkimlər özləri də deyir ki, onların adını verməmək şərti ilə xəstələrə çöpçü məsləhət görürlər”.

Yeganə xanım “bazarda” yalançı çöpçülərin olduğunu deyir:

“Dəfələrlə özüm də rastlaşmışam, yalandan valideyni aldadıblar ki, guya çöp çıxarıb. Amma sonra baxanda görmüşəm ki, heç uşağın boğazında çöp yeri yoxdur. Sonra özüm həmin çöpçünün yanına gedib, görmüşəm ki, yalan deyir.

Bəzən çöp boğazda yer edir və daim həmin adamlarda çöp qalır. Yalançı çöpçülər həmin yeri silərək, bağladıqlarını deyirlər, amma bu mümkün deyil. Bəzi adamlarda isə ömründə bir dəfə qalır, yer eləmir”.

Niyə boğazda çöp qalır?

Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov isə yaşlı insanlarda heç vaxt çöp qalmadığını deyib. Onun sözlərinə görə, bunu deyən çöpçülər yalan danışır. Həkim deyir, çöpçüyə inanmaqdansa, həkimə müraciət etmək ən doğru seçimdir. R.Mahmudov çöp qalmasının səbəblərinə də toxundu. Onun sözlərinə görə, boğazdakı badamcıqları iltihablaşan kimi qida hissələri ora toplanır. Bədəncə qüvvəli olan uşaqlarda çöp qalmır:

“Orqanizmdə 3 orqanın quruluşu təkmilləşməyib, əlbəttə, mənim fikirlərimdir. Bunlardan birincisi göz yuvasıdır. Ona görə ki, göz yuvası silindrik, oval, elə insanlar var ki, daiəvi şəkildədir. Bu, doğuş zamanı formalaşır. Ona görə 2 yaşı olmamış uşaqlara eynək yazılır. İkincisi, böyrəkdir. Böyrək ləyəni bir azca da olsa çəpinə yerləşsə idi, o ləyəndə duzlar qalmazdı. Daş da əmələ gəlməzdi. Üçüncüsü isə udlaqdır. Udlağın arxa hissəsində iti bucaq şəklində hissə var ki, nəsə udulanda, ən çox da uşaqlarda baş verir ki, qida gedib o hissədə qalır. Qida orda qaldıqda isə çürümə gedir. Qida çürüdükcə uşaqlarda müxtəlif narahatlıqlar, qızdırma, qarın ağrısı olur və s. Çöpçülərin gördüyü işin isə elmi əsası olsa da, onların çoxu fırıldaqçıdır. Onların çoxu deyir ki, uşağın boğazından hansısa meyvənin tumunu çıxardım. Əslində, orada qalan tum yox, qida qalığıdır ki, o da orada çürüyür. Hər hansı narahatlıq olarkən valideynlər ilk növbədə qulaq-burun-boğaz həkiminə müraciət etməlidirlər. Həkim xüsusi alətlərlə yoxlmalar aparıb qida qalığını aşkarlaya, lazım olarsa, onu adi liqolla təmizləyə də bilər”.

Həkim deyir ki, çöpçülər meyvə tumu və s. qidalar qaldığını və hətta onu çıxartdıqlarını deyirlər. Lakin onun hamısı yalandır:

“Çöpçü üfürəndə, əgər hər hansı xəstəliyi varsa, avtomatik olaraq uşağa da keçir. Düzdür, bəzi çöpçülər var ki, onlar həqiqətən də meyvə qalıqlarını çıxarır. Amma o qalıqları həkim də çıxara bilər. Çöpün yeri təmizlənmədiyinə görə, iltihabi proses baş verir. Ona görə də, çöpçüyə aparandan sonra yenə çöp qalır”.

Onun sözlərinə görə, boğaz nahiyəsində qalmış həmin qidanı pediatr və ya digər həkimlər gözlə görə bilməz. Buna yalnız lor həkimləri xüsusi aparatla baxmalıdır. Pediatrların lor həkimi məsləhət görməməsi, onun savadından asılıdır.

Çöpçülərin bacarmadığını biz edirik

Qulaq, burun, boğaz həkimi Məzahir Quliyev çöplə bağlı yanaşmaların fərqli olduğunu deyir. Onun sözlərinə görə, çöp qalma bəzən boğazda anomaliyalardan asılı olur. Hər adamda bu problem olmur. Bəzən bu, nəsildə müşahidə edilir.

“Boğazda qalan yad maddəni böyüklərdə görmək şansımız daha çox olur, əlbəttə, görünən yerdə olanda. Uşaqlarda isə bu imkan bir az məhdud olur, çünki uşaqların boğazındakı boşluqlar bir az dərin olur. Lakin nə üçün yemək qalıqları və ya bəzi yad cisimlərin boğazın bir hissəsində qalması elmə bəlli deyil. Özüm də bu barədə maraqlanmışam, lakin səbəbini müəyyən edə bilməmişik”.

Boğazdakı boşluqda qalan qalığı həkimlər necə müalicə edir?

M.Quliyev deyir ki, onlar daha çox iltihabi, simptomatik müalicə yazırlar. Bu müalicə nəticəsində problem aradan qaldırılır:

“Boğaz ətrafında iltihablaşma olanda yediyimiz qidaların müəyyən hissələri orada qalır, simptomatik müalicədən sonra, qida öz-özünə təmizlənir. Qırtlağa balıq sümüyü, sancaq girsə belə həkimlər onu çıxara bilir. Çöpçülərin gördükləri iş elmə əsaslanmır və xəstələrimizi onların yanına göndərməyimiz düzgün deyil. Çöpçülər həkimlərin edə bilmədiklərini bacardıqlarını desələr də, əksinədir”.

Elm təsdiq etməsə də, çöp var

Pediatr Cəmilə Hüseynovanın sözlərinə görə, tibb qəbul etməsə də, bəzi tibb mütəxəssisləri çöp qalmanın mümkün olduğunu və onun çöpçü tərəfindən çıxarıldığını etiraf edirlər. Bəzi uşaqlar var ki, əllərində olan hər şeyi ağzına qoyur, uda bilmədiyi qidalar boğazdakı boşluqda qalır, infeksiyalaşma baş verir, nəticədə uşaqda səbəbsiz narahatlıq müşahidə edilir.

“Burun udlaq büküşlərində elə yerlər var ki, orada qida qalıqları qalır və mədə-bağırsaqda problem yaranır. Həmçinin uşaqlarda ürək bulanma, ishal, halsızlıq müşahidə edilir. Çöp çıxarılan kimi bu hallar aradan qalxır. Bu daha çox azyaşlı uşaqlarda, qidanı yaxşı çeynəmədiklərinə görə olur. Bu bayağı səslənsə də, müayinə etdikdən sonra konkret bir səbəb müəyyən etməyəndə çöpçüyə getməyi məsləhət görürük. Lakin hər çöpçüyə etibar etmək olmaz. Hər xəstəni də çöpçüyə göndərmirik, 20 illik təcrübəmdə çox az xəstəmə çöpçü məsləhət görmüşəm. Bundan başqa, çöpçülər arasında yalançılar da var”.

Pediatr deyir ki, elm bunu qəbul etməsə də, çöp mümkündür.

“Lakin biz çöpçüləri təbliğ etmirik. Çünki əsasən, problem pediatr müalicəsi ilə aradan qaldırırıq”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm