• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Səngərdən yazan jurnalist hərbi xidmət keçməlidir”- MÜSAHİBƏ

“Səngərdən yazan jurnalist hərbi xidmət keçməlidir”- MÜSAHİBƏ

Onunla Ramil Səfərov adına Cənub İdman klubunda görüşdük, özü də məşq zamanı. Hər zaman ekstremal yerlərdən materiallar hazırlayan müsahibimiz, deyəsən, bu dəfə də döyüşdə qan tökməmək üçün təlimdə tər tökmək prinsipini əsas tutur. Söhbət hərbi jurnalist, ehtiyatda olan mayor Rahib Qəribdən gedir...

- Cəbhədə baş verən son hadisələrdən sonra “Feysbuk”da hərbi geyimli şəklinizi paylaşmısınız. Şəkil nə vaxt çəkilib?

- Bu şəkil döyüşçülərlə birgə 1993-cü ildə Füzuli istiqamətində ağır döyüşlərin getdiyi dövrdə çəkilib. O şəkildə bizim studiyanın əməkdaşı İlqar Behbudov var, Şuşada döyüşürdü. Şəkildəki rejissor Nadir Diridağlı indi seriallar çəkir, tanınmış rejissorlarımızdan biridir. Qardaşım var, müharibə veteranıdır. Belə şəkillər, xatirələr çoxdur. Biz o vaxt proqramları ardıcıl olaraq səngərlərdən hazırlayırdıq. Orada Füzuli istiqamətində qoca kişilər döyüşürdü. Biri Xanış kişi idi, o birisi də Əhməd kişi. Onların döyüş səhnələrini ayrıca verirdik. Doğurdan da, cavan uşaqlarla müharibə veteranlarının çiyin-çiyinə döyüşməsi insanlarda ruh yüksəkliyi yaradırdı. Belə maraqlı süjetlər hazırlamağa çalışırdıq ki, arxadakılarda ruh yüksəkliyi yaransın, səngərdən çəkinməsinlər. İndi səngərlər haqda, döyüş bölgələri haqda pis bir obraz yaradıblar. İnsanlar səngərə getməyi sanki sürgünə getmək kimi qəbul edir. Ancaq səngərə hər kəs getməlidir, sənətindən, vəzifəsindən asılı olmayaraq hər kəs orda olmalıdır. Bu insanın içindən gəlməlidir. Bizdə ANS televiziyasinda mənə şərait yaradırlar, kömək edirlər, mən də gedib çəkilişlərimi aparıram. Ancaq orda heç kim məni məcbur etmir ki, sən mütləq şəkildə səngərə getməlisən, döyüş bölgəsindən veriliş hazırlamalısan. Bu mənim öz içimdən gələn bir istək, bir hissdir. Mən hər hansı dünya ordusu haqda da veriliş hazırlaya bilərəm. Buna imkanlarım da var, rus dilini gözəl bilirəm, ingilis dilini bilirəm. Ancaq bunu etmirəm, çünki mənim üçün, ANS telekanalı üçün bu dəqiqə ən maraqlı, ən önəmli səngərdir, cəbhədir.

- Məqalənizdə bəzi saytları və jurnalistləri yalan informasiyalar yaydıqlarına görə tənqid etmisiniz. Necə düşünürsüz, hərbidən yazan jurnalist necə olmalıdır və onun mütləq şəkildə hərbi jurnalist olmasına ehtiyac varmı?

- Qətiyyən belə düşünmürəm. Sadəcə, hazırkı jurnalistlərin böyük əksəriyyəti qeyri-peşəkardır. Peşəkarlıq olmayan yerdə də belə problemlər yaranır. Döyüşdən yazan jurnalist gərək o döyüşçülərin sırasında özünü hiss edə bilsin. Səngərdən yazanda özünü səngərdə hiss etməlisən, o anı, çətinliyi yaşamalısan. Silahları tanımalısan. Hansı materialın ordumuzun əleyhinə işləyə biləcəyini bilməlisən. Jurnalist bilməlidir ki, nəyi, hansı materialı vermək, hansını verməmək lazımdır. Yüzlərlə belə elementlər var. Bunları bilmədən gedib ordudan nə yazmaq olar? Hərbi xidmətdə olmayan jurnalist necə yaza bilər hərbidən, döyüşdən? Səngər bulvarda qurulan toy şənliyi deyil ki, ora şənlik kimi yanaşasan. Səngərdən yazan, döyüşdən yazan jurnalist mütləq şəkildə peşəkar olmalıdır və mütləq şəkildə hərbi xidmət keçməlidir. Jurnalist getdiyi obyekti, görüşünə getdiyi insanı mütləq tanımalıdır. Məni televiziya verilişinə dəvət ediblər, jurnalist deyir, müəllim, mən sizə nə sual verim e? Belə şeyləri görəndə adam dəhşətə gəlir. Bu, biabırçılıqdır! Mən səngərə gedəndə ilk növbədə tamaşaçı üçün oradan nə gətirəcəyimi yox, düşmənə psixoloji silah olaraq nə atacağımı düşünürəm. Mən gedib oradan burdakı Əli üçün, Vəli üçün, Fatmanisə üçün maraqlı olacaq mövzulara toxunmuram. Fikirləşirəm ki, mən gedib səngərdəki əsgərlərimizə, hərbiçilərimizə bir jurnalist olaraq mənəvi dayaq olmalıyam. Onlarda ruh yüksəkliyi, döyüş əzmi yaratmalıyam. Bax, bunu düşünmək lazımdır. Ancaq təəssüf ki, son hadisələrdə döyüş bölgəsinə gedən jurnalistlər bunu düşünmədilər. Hamısı publikaya, rekalama hesablanıb. Məşhurlaşmağa çalışırlar, verdikləri materialların çox tıklanmasına çalışırlar. Ancaq yazının çox tıklanması onun keyfiyyətli olması demək deyil. İndi pornoqrafik yazıları da çox tıklayırlar. Bu onun keyfiyyətindən xəbər vermir ki. Yəni bütün bu düşüncə tərzi dəyişməlidir və ən əsası, jurnalist mütaliə etməli, öz üzərində işləməlidir.

- Konkret kimlərin, hansı jurnalistlərin fəaliyyətindən narazısınız, bəlkə ad çəkəsiniz?

- Bu, bir-iki nəfər deyil ki, ad çəkəm. O qədərdir. Hansının adını çəkim? Məsələn, imkanım olsa, qadınların cəbhədən yazmasını xüsusi nəzarətə götürərdim. Çünki onlar bu mövzuya ana, bacı həssaslığı ilə yanaşırlar. Bu da qeyri- peşəkarlığa gətirib çıxarır. Bu mənada bəzi kişilər də qadınlardan geri qalmır. Onlar hadisəyə qadın şivənliyi ilə elə yanaşırlar. Yazırlar niyə bizim tərəf bu qədər çox itki verdi. Onlara sual verirəm ki, sən nə bilirsən ermənilər nə qədər itki verib? Sənin o döyüş əməliyyatından xəbərin var? Döyüş əməliyyatı hazırlanır. O, uğurludursa, bizim xeyrimizədir, uğursuzdursa da bizim bəlamızdır. Bunu reytinq qazanmaq üçün, İP qazanmaq üçün tirajlamaq olmaz. Hərbi sirr deyilən bir şey var. Ordunun problemi ordunun içində həll olunmalıdır. Yəni orduya, zabitə, əsgərə, döyüşçüyə yanaşma bir az fərqli olmalıdır. Siyahını götürsünlər, kim orduda olmayıb onun hərbi mövzuda yazmasına qadağa qoysunlar. Mən redaktor olsam, hərbi xidmət keçməyən jurnalistə qadağan edərəm ordudan yazmağı! Əsgərlikdə olmayan jurnalistin cəbhəyə getməsi, döyüşdən yazması biabırçılıqdır! O gedib cəbhədə kor kimi qalacaq. Kəşfiyyat məlumatlarını da bilmədən düşmənə ötürəcək. Yeri gələndə Ləman Əliəşrəfqızının qələmi mənim qələmimdən də itidir. Ancaq o, hərbi mövzuda material hazırlayanda mənimlə məsləhətləşir. Mən də yeri gələndə İlqar Mikayıloğlu ilə məsləhətləşirəm. Bilirəm ki, o, hərb sahəsini yaxşı bilir. Bütün silah- sursatları əzbər bilir. Belə də olmalıdır. Rəhbərlik səviyyəsində bu işə nəzarət olmalıdır. Bu gün qəzetlərin, saytların səviyyəsi olduqca biabırçıdır.

- Çingiz Mustafayev, Mirşahin Ağayev, İlqar Mikayıloğlu və Rahib Qəribi formalaşdıran döyüş səhnələri idi. Bu mənada qəhrəmanın, hərbi jurnalistin yetişməsi üçün mühit vacib deyil? Bəlkə, müharibə başlasa, yeni bir Çingiz Mustafayev yetişəcək...

- Mübariz İbrahimov üçün, Fərid Əhmədov üçün mühit yaratmışdıq məgər? Mübariz öz ürəyinin hökmü ilə getmişdisə, Fərid konkret tapşırığı yerinə yetirmək üçün getmişdi. Jurnalist ona deyərəm ki, mühiti özü yaratsın. Bu gün qəhrəmanlar kompüter salonlarında yatır. Bax onları oradan çıxarmaq lazımdır. Bu iş də jurnalistlərin üzərinə düşür. Düzdür, problem cəmiyyətdədir. Ancaq gəlin unutmayaq ki, cəmiyyəti də formalaşdıran jurnalistlərdir. Bir jurnalistin yazdığını minlərlə insan oxuyur.

- Ramil Səfərov adına Cənub İdman Klubu və Rahib Qərib. Maraqlıdır, təsadüfən idman biznesi ilə məşğul olmursuz ki?

-Yox boş vaxtlarımda burda idmanla məşğul oluram. Problemlər çoxdur, sağ olsun məşqçi, burada pulsuz məşq etməyim üçün şərait yaradıb (gülür). Mənə qalan ancaq budur.

Hikmət Kərimoğlu

Fotolar müəllifindir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR