• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Mübariz Mədətov oğlunun məhkəməsindən DANIŞDI

Mübariz Mədətov oğlunun məhkəməsindən DANIŞDI

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətov Bakı Ağır Cinayətlər Məhkəməsində oğlu Xalid Mədətovun cinayət işi üzrə keçirilən məhkəmə istintaqından danışıb.

Publika.az-a açıqlamasında M.Mədətov məhkəmədə baş verənlərdən xəbərsiz olduğunu bildirib.

“Mənim hələ xəbərim yoxdur. Bakıda deyiləm, zəng edib vəkillə də danışacağam”, - o deyib.

Hadisə baş verən ərəfədə də M.Mədətov bizimlə söhbətində vəzifədən çıxarılmasının səbəbsiz olmadığını vurğulamışdı. O, oğlunun hərəkətinə görə çox təəssüfləndiyini dilə gətirib: “Allahın özü kömək olsun. Oğlum hazırda həbsdədir, cəzasını çəkir. Məhkəmənin qərarını gözləyirik. Allahın köməyi ilə hər şey öz qaydasına düşəcək. Ancaq əsas faciə qarşı tərəfdədir. Bizdə nə var ki? Oğlum səhv edib və cəzasını da çəkir. Qarşı tərəfin dərdi daha böyükdür”.

Xatırladaq ki, bu il martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şosesində X.Mədətov “Mercedes-Benz Gelandewagen-55” markalı avtomobilini idarə edərkən xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə çırpılıb. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - xalq artistinin həyat yoldaşı, 1959-cü il təvəllüdlü Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü nəvəsi Ağasəlim Abdullayev hadisə yerində dünyasını dəyişib.

Fakta görə, Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən onun cinayət işinə Cinayət Məcəlləsinin 263.1.4-cü maddəsi də tövsiyə olunub.

Məhkəmə prosesi avqustun 22-də saat 14:00-də davam edəcək.

Onu da bildirək ki, sözügedən qəzadan iki gün sonra Mübariz Mədətov Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR