Nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimdir? - QƏRAR
Bizi izləyin

Qırmızı.az

Nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimdir? - QƏRAR

Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair Şəmkir rayon Məhkəməsinin müraciəti ilə bağlı qərar qəbul edib.

Konstitusiya Məhkəməsindən Publika.az-a verilən məlumata görə, Şəmkir rayon Məhkəməsi Məcəllənin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsini xahiş edib.

Dövlət ittihamçısının mövqeyinə görə, istintaq orqanı N.Zeynalova nəqliyyat vasitələrini idarə etmək hüququ verən 23 may 1985-ci ildə əldə etdiyi sürücülük vəsiqəsinin etibarlı olub-olmamasını müəyyən etməmiş, yalnız həmin sürücülük vəsiqəsinin müddətsiz verilməsinə istinad edərək yanlış olaraq 78 yaşlı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun olması qənaətinə gəlmişdir. Belə ki, təqsirləndirilən şəxs N.Zeynalov sürücülük vəsiqəsini 50 yaşında almış və yuxarıda qeyd olunan normativ hüquqi aktların tələblərinə görə hadisə törədilən zaman onun nəqliyyat vasitələrini idarə etmək hüququ olmamışdır.

Şəmkir rayon Məhkəməsi hesab edir ki, keçmiş SSRİ nümunəli müddətsiz sürücülük vəsiqəsi olan şəxsə münasibətdə Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin dispozisiyasında əks olunmuş “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının tətbiqində yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə həmin müddəanın şərh edilməsinə zərurət yaranmışdır.

Konstitusiya Məhkəməsi qeyd olunan məsələ ilə bağlı qərar qəbul edib.

Qərarda qeyd olunur ki, Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir.

Keçmiş SSRİ nümunəli müddətsiz sürücülük vəsiqəsinə malik olan şəxs “Yol hərəkəti haqqında” Qanunun 34-cü maddəsinin V hissəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir.

Keçmiş SSRİ nümunəli müddətsiz sürücülük vəsiqələrinin “Yol hərəkəti haqqında” Qanuna uyğun olaraq yeniləri ilə əvəz olunması işinin təşkil edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına tövsiyə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm