Sayalı Sadıqova: “Jurnalistlərin söz ehtiyatı çox zəifdir”
Bizi izləyin

Qırmızı.az

Sayalı Sadıqova: “Jurnalistlərin söz ehtiyatı çox zəifdir”

İndiki jurnalistlərin söz ehtiyatı çox zəifdir. Apardığımız araşdırma zamanı məlum olub ki, bir qəzetdə jurnalistlər 500, ən yaxşı halda min sözdən istifadə edirlər. Sovet dövründə bu rəqəm 8 min idi.

Bunu Publika.az-a açıqlamasında AMEA Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova deyib.

Şöbə müdirinin sözlərinə görə, dilimizin söz ehtiyatı daha zəngin olsa da, ondan lazımınca istifadə edilmir.

“Bu da jurnalistlərin dünyagörüşünün, intellektinin, söz ehtiyatının yetərli olmamasından, bədii ədəbiyyata maraqlarının az olmasından xəbər verir.Müəyyən mərhələdən sonra bu işlərin düzələcəyini düşünürəm. Çünki ötən əsrin 90-cı illəri ilə müqayisədə mətbuatın dilində vəziyyət nisbətən düzəlib, artıq normalara daha çox diqqət edilir”.

S.Sadıqova dildə, xüsusən mətbuatda ehtiyac olmayan yeni sözlərin işləndiyini və bunun aradan qaldırılması üçün işlər aparıldığını deyib:

“Çünki mətbuat laboratoriya funksiyasındadır, yeni sözlər burada işlənir, sınaq mərhələsini keçir və ümumişlək sözlərə çevrilir. Alınma sözlər əsasən, dildə qarşılığı olmayanda kütləvi halda işlədilir. Lakin bir çox hallarda zəruri olmayan alınma sözlərin də istifadə edilməsinə rast gəlirik, belə alınmalar özünə yer tapa bilmir.Məsələn, dildə eyni vaxtda həm investisiya, həm sərmayə, həm yaradıcı, həm kreativ sözləri işlənir. Həmin sözün qarşılığı varsa, yeni alınma sözün istifadə edilməsinin tərəfdarı deyilik. Dildə məcburi qəbul edilmiş alınmaların əleyhinəyik”.

Onun sözlərinə görə, artıq dildə öz yerini tutmuş alınma sözlərin lüğəti hazırlanır. Lüğətdə həmin sözlərin izahı da veriləcək:

“Lüğətdə müstəqillikdən sonra dilimizə daxil olan alınma terminlər yer alacaq. Lüğət hazırda redaktə mərhələsindədir. Müxtəlif sahələrdən olan 11 nəfərlik komanda bu istiqamətdə iş aparır. Əvvəllər yeni sözlər lüğəti xüsusi bülletendə nəşr edilirdi. Artıq bu sözlər mənaları ilə birlikdə xüsusi lüğət formasında nəşr ediləcək. Lüğətdə mətbuatın dilində işlənən alınma sözlər üstünlük təşkil edəcək. Təxminən 2500 səhifəlik lüğət 2015-ci ildə nəşr ediləcək. Bu il isə “İnformatika terminləri” lüğəti, "Fəlsəfə elmlərinin izahlı lüğəti”, həmçinin ”Elektrotexnika lüğəti” azərbaycan, rus, türk və ingiliscə nəşr edilib. Bunların hər biri kütləvi nəşrlərdir və satışda var. Terminologiyanın nəzəri problemləri ilə bağlı “Terminologiya problemləri” jurnalı nəşr olunub, ikinci nömrəsi çapa hazırlanır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm