“Priton”dakı “masajçılar”: “HƏR CÜR xidmət göstərirəm...” - REPORTAJ
Bizi izləyin

Qırmızı.az

“Priton”dakı “masajçılar”: “HƏR CÜR xidmət göstərirəm...” - REPORTAJ

Bu gün Bakının bir çox yerlərində müxtəlif adla fəaliyyət göstərən masaj salonlarına rast gəlmək mümkündür. Onların hamısı olmasa da, bir qismi masaj xidmətilə yanaşı, müştərilərə intim xidmət də göstərirlər. Və artıq bu, heç kimə sirr deyil.

Belə ki, paytaxt sakinlərinin bir çoxuna bəllidir ki, bu cür obyektlər bəzən gizli, bəzən də açıq-aşkar şəkildə “priton” kimi fəaliyyətlərini davam edirlər. Düzdür, hüquq mühafizə orqanlarının əməkdaşları onların müəyyənləşdirilib qanuna müvafiq formada cəzalandırılması istiqamətində zəruri tədbirlərə baş vursa da, görünən odur ki, bu, yetərli deyil.

Məsələ ilə bağlı apardığımız araşdırma zamanı bəlli oldu ki, bu tip masaj salonlarına daha çox “28 May” metro stansiyasının yaxınlığında, Rəşid Behbudov küçəsində rast gəlmək mümkündür. İş o yerə çatıb ki, artıq müxtəlif sosial şəbəkələrdə və bəzi elan saytlarında dırnaqarası hər növ masaj ustalarının elanlarını da görmək olar. Məhz bu səbəbdən də yalnız kişilərə xidmət göstərən qadın masajçıların masajın hansı növünü tətbiq etdiklərini, buna görə nə qədər xidmət haqqı aldıqlarını, həmçinin Rəşid Behbudov küçəsində fəaliyyət göstərən masaj salonlarında nə cür ab-havanın hökm sürdüyünü öyrənmək qərarına gəldim.

Beləliklə, ilk baş çəkdiyim məkana daxil olduqda qarşılaşdığım mənzərə heç də xoş olmadı. Çünki özlərini masajçı kimi təqdim edən qadınların geyim üslubu açıq şəkildə onların hansı peşənin sahibləri olduğunu büruzə verirdi. Bir qədər ətrafa göz gəzdirdikdən sonra masaj salonunun sarı saçlı, qısa ətəkli, əndamı ilə adamın ağlını başından alan administratoru yaxınlaşdı və nə içəcəyimlə maraqlandı. Meyvə şirəsi sifariş etdim. Hələ şirəni içib qurtarmamışdım ki, birdən başımın üstünü özünü Ayka adı ilə təqdim edən bir qız kəsdirdi. “Bura sok içməyə gəlibsən? Gəl gedək, otağa masaja” deyə əlimdən tutub məni ardınca apardı. İçəri girər-girməz “Zəhmət haqqımı ver, ondan sonra” dedi. Sözün açığı, masaj üçün bu qızı seçmək fikrim yox idi. Onun canfəşanlığı, müştərini elə ilk andaca ələ alma bacarığı Aykanın təcrübəli olduğundan xəbər verirdi. Doğrudan da, zənnimdə yanılmamışam. Söhbət zamanı məlum oldu ki, o, 10 ildir ki, bu “sənət”dədir. Və artıq “masaj”ın bütün incəliklərindən xəbərdardır…

Nə isə, ordan-burdan danışdıqdan sonra Ayka masaj üçün məndən 30 manat istədi və bildirdi ki, bu, yalnız masajın qiymətidir. Elə mən də masaj üçün gəldiyimi bildirdim və o, öz işinə başladı. Təxminən, 10 dəqiqədən sonra sifət cizgiləri dəyişən Ayka “İstəsən, yaxşı masaj da edə bilərəm” dedi: “Əgər əlavə 20 manat da versən, sənə unudulmaz anlar yaşadaram”. Onun nəyə işarə etdiyini başa düşmək çətin deyildi. Lakin istəyirdim ki, Ayka özü buranın yalnız masaj salonu olmadığını, əslində “priton” kimi fəaliyyət göstərdiyini etiraf etsin. Odur ki, guya heç nə başa düşmədiyimdən onun daha açıq danışmasını xahiş etdim. “Əşi, sən də elə bil avtobusdan indicə düşübsən. Nə gec başa düşürsən. Deyirəm ki, istəsən, intim xidmət də göstərə bilərəm. Amma bunun üçün əlavə pul verməlisən” deyən Aykanın təklifiylə razılaşdım. Ona 20 manat da uzatdıqdan sonra Ayka çalışdığı masaj salonunun əslində əxlaqsızlıq yuvası olduğunu sübuta yetirməyə hazırlaşdı… və son məqamda “xidmətdən” imtina etdim. Artıq “sübuta” ehtiyac qalmamışdı – hər şey sözün həqiqi mənasında çılpaqlığı ilə göz önündə idi!

Qeyd edim ki, həmin obyekt şəhərin ən gur yerində yerləşir. Həftənin 7 günü, günün 24 saatı Rəşid Behbudov küçəsində fəaliyyət göstərən digər masaj salonları da insanların sıx olduğu ərazidədir. Beləcə, sözügedən ünvandakı bir neçə masaj salonunda olduğumuz müddət ərzində orada onlarla aykaların olduğunu müəyyənləşdirdik. Hamısı da müştərini əvvəlcə masaj adı ilə otağa aparır və daha sonra “ənənəvi üsullları” ilə kişiləri intim münasibətə sövq edirlər…

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, hazırda bəzi elan saytlarında da HƏR NÖV masaj ustalarının elanlarına rast gəlmək mümkündür. Odur ki, onların müştərilərə intim xidmət göstərib-göstərmədiklərini müəyyənləşdirmək üçün yayımlanmış elanları incələdik.

İlk olaraq Aytən adlı masajçıya (051-599-xx-xx) telefon açdıq. Ona əlaqə telefonunu internetdən əldə etdiyimizi bildirdikdən sonra masajın qiyməti və ümumi xidmətlərlə bağlı sual verdikdə Aytən “Bizdə ümumi bədən masajı, “tayski” masaj, “raslableniya”, duş və hamam hamısı birlikdə qiyməti 40 manatdır” dedi: “Öz evimdə xidmət göstərirəm. Tək qalıram. Təhlükəsizliyə başımla cavabdehəm. Narahat olmağa dəyməz. Müştəriyə elə həzz yaşadıram ki, bir dəfə gələn təkrarən gəlmək istəyir”.

İntimə gəlincə, masajçı qeyd etdi ki, əsasən müştərilərə intim xidmət göstərmir. Lakin əlavə ödəniş olarsa, bu da mümkündür: “Müştərilərimə daha çox “raslableniya” ilə xidmət göstərirəm. Bura “tayski” masaj, yağ və balla masaj daxildir. Əgər unudulmaz anlar yaşamaq istəyirsənsə, onda “Həzi Aslanov” metrosunun yaxınlığına gəl, mənə zəng elə. Narahat olma, HƏR ŞEY olacaq”.

Daha sonra Yana adlı (070-825-xx-xx) digər masajçıya telefon açdıqda Azərbaycan dilində danışdığımız üçün o, bizi mədəni şəkildə başından etdi. Odur ki, məcbur olub ki, digər nömrə ilə yenidən Yananı yığdıq və bu dəfə onunla rus dilində ünsiyyət qurmağa başladıq. Masajın qiymətinin 50 manat olduğunu deyən Yananın sözlərinə görə, 100 manat ödədikdə o, intim xidmət göstərə bilər.

Aygün adlı (050-620-xx-xx) masajçı isə “5 mərtəbə”nin yaxınlığına, “Azdrama”nın arxasına gəldikdə ona telefon açmağımızı məsələhət gördü: “Telefonla çox danışa bilmərəm. Gəlin, burda özünüz xidməti yerində görəcəksiniz. Əmin olun ki, peşman olmayacaqsız. 30 manata yalnız masajdır. 50 manat versəniz, intim də olar. Masajı elə bir şəraitdə edirəm ki, ağlın başından çıxacaq. Burdan çıxanda tam rahatlaşmış vəziyyətdə olacaqsan”.

Ümumilikdə 8 masajçıya telefon açdıq və onların hər biri ilk öncə intim münasibətin olduğunu inkar etməyə çalışsalar da, əlavə pul ödəyəcəyimizi dedikdə razılıqlarını bildirdilər. Biri bizi “Xalqlar dostluğu”, biri “Nərimanov”, digəri “Gənclik” metrostansiyasının yanına dəvət etdi. Məlum oldu ki, 50-100 manat civarında xərcə düşən müştəriyə masajla yanaşı, intim xidmət, çay, kofe və hətta enerjili içkilər də təklif olunur. Müştərinin istəyinə görə bir yox, bir neçə masajçı da onun “qulluğunda” dura bilər. Təbii ki, bunun üçün əlavə ödəniş olunmalıdır.

Bir sözlə, aydın oldu ki, paytaxtdakı masaj salonlarının əksəriyyəti əslində, bu ad altında özlərini pərdələyərək “priton” kimi fəaliyyət göstərirlər. Eləcə də “xidmət”ləri ilə bağlı müxtəlif saytlara elanlarını yerləşdirən masajçılar da müştəridən əlavə “zəhmət haqqı” aldıqdan sonra yataqlarını onlarla bölüşürlər.

Valeh Məhəmməd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm