ADU-da Polşada nəşr olunan “Azərbaycan dili“ dərsliyi təqdim olundu
Bizi izləyin

Qırmızı.az

ADU-da Polşada nəşr olunan “Azərbaycan dili“ dərsliyi təqdim olundu

Dekabrın 5-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyevanın Polşanın “Dialoq” nəşriyyatında Azərbaycan və polyak dillərində nəşr olunan “Azərbaycan dili“ (Varşava Universiteti üçün) dərsliyinin təqdimat mərasimi keçirildi.

Tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov giriş sözü ilə çıxış edərək Azərbaycan dilinin dünyada ən çox yayılmış dillər sırasına qoşulmasına öz töhfəsini verən “Azərbaycan dili“ dərsliyinin müəllifi Fəridə Səfiyevanın əməyini xüsusi qiymətləndirdi. Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıtmağın bir sıra sahələrlə mümkün olduğunu deyən rektor Səməd Seyidov Azərbaycan dilinin tanıdılmasında, digər ölkələrdə inkişaf etdirilməsində Polşada Azərbaycan dilinin tədrisində bir vasitəyə çevriləcək kitabın mühüm hadisə olduğunu qeyd etdi. Azərbaycan elminin dünya səviyyəsinə qalxması, dünya ölkələri tərəfindən qəbul olunması və bu ölkələr arasında Azərbaycan dilinə zərurətin olmasından xəbər verdiyini deyən professor Səməd Seyidov Azərbaycan dilinin dünyaya tanıdılması və yayılmasının Azərbaycan Dillər Universiteti üçün prioritet məsələ oldğunu dedi. ADU-da 22-ə yaxın xarici dillərin tədris olunduğunu deyən rektor Səməd Seyidov Azərbaycan dilini dünya səviyyəsində təqdim etmək üçün universitetin beynəlxalq əlaqələr üzrə mütəxəssislərinin xarici vətəndaşlar üçün Azərbaycan dilinin öyrədilməsi istiqamətində dərslik hazırladığını dedi. Dərsliyin Azərbaycan dilçiliyinin növbəti uğuru olduğunu deyən rektor Səməd Seyidov bildirdi ki, bu gün azərbaycanlı alimin yazdığı kitabın Polşada xarici tələbələrə tədris vəsaiti kimi təqdim olunması göstərir ki, Azərbaycan dilçiliyində işlər düzgün istiqamətdə qurulub və inkişaf edir. Səməd Seyidov kitabın uzun sürən zəhmət nəticəsində ərsəyə gəldiyini dedi. Rektor dərsliyin müəllifi, professor Fəridə Səfiyevanı təbrik edərək kitabın ərsəyə gəlməsində əməyi keçmiş hər kəsə öz təşəkkürlərini bildirdi.

Azərbaycan Atatürk Mərkəzinin sədri, Milli Məclisin deputatı, təqdimatı keçirilən kitabın elmi redaktoru Nizami Cəfərov çıxış edərək bu dərsliyin çapdan çıxmasını böyük hadisə kimi qiymətləndirdi. O, Fəridə Səfiyevanın kitabın hazırlanmasında xüsusi məsuliyyətlə çalışdığını dedi. Dərslikdə professor F. Səfiyevanın tətbiq etdiyi metodun düzgün olduğunu deyən N. Cəfərov kitabda verilmiş dil öyrətmə modellərinin digər dillərdə də istifadə oluna biləcəyini vurğuladı. Ana dilini dünyada tanıtmaq üçün dünya dillərini mənimsəməyin mühüm vasitə olduğunu deyən Nizami Cəfərov Azərbaycan Dillər Universitetinin ana dilimizi dünyaya yüksək səviyyədə təqdim edən ali təhsil müəssisəsi olduğunu vurğuladı. Fəridə Səfiyevanı təbrik edən N. Cəfərov müəllifə fəaliyyətində uğurlar arzuladı.

Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Polşada nəşr olunan dərsliyin Azərbaycan dilçiliyinin və elminin nailiyyəti olduğunu dedi. Dərsliyi Azərbaycan dilini ölkə xaricində təbliğ etməklə bağlı siyasətin davamı kimi qiymətləndirən F. Şahbazlı kitabın ərsəyə gəlmə prosesindən danışdı. Azərbaycan dilinin xarici ölkələrdə təqdim olunması istiqamətində ADU-nun fəaliyyətini təqdirəlayiq hal hesab edən F. Şahbazlı kitabın işıq üzü görməsi münasibətilə hər kəsi təbrik etdi.

AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri Sevil Mehdiyeva yaranan ideyanı reallaşdırmaq üçün mühitin önəmli təsirindən danışdı. Bu mühitin Azərbaycan Dillər Universitetində mövcud olduğunu deyən S. Mehdiyeva ana dilimizi dünyaya tanıtmaq və təbliğ etməyin hər kəsin borcu olduğunu söylədi. Bu cür dərsliyin hazırlanmasının qloballaşma şəraitində inteqrasiyaya ən gözəl cavab olduğunu qeyd edən S. Mehdiyeva Azərbaycan dili və mədəniyyətinin zənginliyindən danışaraq öyrənilməyə layiq olduğunu vurğuladı.

Sonda çıxış edən “Azərbaycan dili“ dərsliyinin müəllifi, professor Fəridə Səfiyeva Azərbaycan Dillər Universitetinin əməkdaşı olduğundan fəxr hissləri keçirdiyini dilə gətirdi. O, rektor, professor Səməd Seyidovun universitetdə yaratdığı mühitdən ilhamlanaraq yeni uğurlara nail olduğunu söylədi. Dərsliyin Polşanın Varşava Universitetində təqdimat mərasiminin keçirilməsi məqsədilə yanvar ayında oraya dəvət aldığnı deyən müəllif kitabın ərsəyə gəlməsində əməyi keçən və ona dəstək olan hər kəsə təşəkkürünü bildirdi.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Təhsil Nazirliyi ölkənin ali təhsil müəssisələri, Xarici İşlər Nazirliyi (XİN), Milli Məclis, Bakı şəhər Baş Təhsil idarəsi, Nizami adına Ədəbiyyat muzeyi və digər qurumların rəsmi nümayəndələri və siyasətçilər iştirak edirdi.

Qeyd edək ki, ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyevanın müəllifi olduğu “Azərbaycan dili“ dərsliyi Polşanın “Dialoq” nəşriyyatında çapdan çıxıb. Azərbaycanın Polşadakı Səfirliyinin təşəbbüsü, Azərbaycan Təhsil Nazirliyinin maddi dəstəyi, Varşava Universitetinin layihəsi əsasında Azərbaycan və polyak dillərində Polşada nəşr olunan kitab Polşanın Varşava Universiteti Elmi Şurasının qərarı ilə dərs vəsaiti kimi istifadə ediləcək. Bu dərs vəsaiti Azərbaycan mədəniyyətinə, incəsənətinə Beynəlxalq səviyyədə ildən-ilə artan maraq baxımından Azərbaycan dili, onun öyrənilməsi, təbliği, Azərbaycanı dünyaya daha yaxından tanıtmaq məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş “Azərbaycan dilini öyrənən xarici vətəndaşlar və xarici dil öyrənmək istəyən azərbaycanlılar üçün tədris vəsaititnin daha da intensiv hazırlanmasının təmin olunması” 4.1.14 bəndinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq ərsəyə gəlib. Dərslik Azərbaycan Dillər Universitetində hazırlanıb, elmi redaktoru professor Nizami Cəfərov, ön sözün müəllifi Azərbaycanın Polşadakı səfiri professor Həsən Həsənovdur. Dərsliyə professorlar Adil Babayev, İkram Qasımov, dosentlər Faiq Şahbazlı, Fazil Əhmədov rəy veriblər. Dərs vəsaiti nəzəri materiallar (fonetika, söz yaradıcılığı, morfologiya, sintaksis), çalışmalar, dialoq və mətnlərdən ibarətdir. Nəzəri material sxemlərldə verilmişdir. Bu da vizual yaddaşa əsaslandığı üçün mənimsəməni xeyli dərəcədə asanlaşdırır. Çalışmalar öyrənilən materialın möhkəmləndirilməsinə, söz ehtiyatının artırılmasına xidmət edir. Tərcümə üçün nəzərdə tutulan dialoq və mətnlər həm şifahi nitq vərdişlərinin yaranmasına, həm də Azərbaycanın tarixi keçmişi, mədəniyyəti, incəsənəti, adət-ənənəsi, musiqisi, görkəmli şəxsiyyətləri ilə bağlı məlumatlar əldə olunmasına yardım edir. Lüğət bölməsində kitabda verilən materiallara uyğun sözlərin tərcüməsi əksini tapır.

Xatırladaq ki, professor Fəridə Səfiyeva 50-dən artıq elmi məqalənin, iki dərs vəsaitinin, iki monoqrafiyanın, üç proqramın müəllifidir. Elmi məqalələri Rusiyada, Türkiyədə, Ukraynada və digər xarici ölkələrdə çap olunan F. Səfiyeva bir sıra beynəlxalq elmi konfransların iştirakçısıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm