“Ermənilərə tərəf çıxandan sonra Orxan Pamuka Nobel mükafatı verildi” – MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

“Ermənilərə tərəf çıxandan sonra Orxan Pamuka Nobel mükafatı verildi” – MÜSAHİBƏ

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyinin sədri, AMEA-nın Şərqşünaslıq İnstitutunun dosenti Məmmədəli Babaşlının Publika.az-a müsahibəsi:



- 31 mart Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd etdik. Necə düşünürsünüz, indi dünyada yaşayan soydaşlarımızın həmrəyliyi nə qədər güclüdür?

- Bilirsiniz ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 1989-cu il dekabrın sonunda Cənubi Azərbaycan ilə Şimali Azərbaycan arasındakı sərhəd dirəklərinin və tikanlı məftillərin aradan götürülməsi ilə başlamış oldu. Ancaq 1991-ci il dekabrın 16-da ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, bu hadisənin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması haqqında tarixi qərar imza atmış oldu.

O dövrdə dünyada bölünmüş xalqlar var idi. Yaxın tarixdə Vyetnamda, Koreyada, Almaniyada, Yəməndə xalqlar bölünmüşdü. Onlardan bəziləri bu gün birləşsə də, ancaq bu qalmaqdadır. Təbii ki, bu gün real olaraq sərhədlərin dəyişdirilməsi mümkün deyil. Ancaq ən azından xaricdə yaşayan azərbaycanlıların mədəni bir birliyinə son dərəcə ehtiyac var idi. Belə bir gün də ulu öndər Heydər Əliyevin tarixi qərarı ilə mümkün oldu.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün maraqlı olan məqamı odur ki, həmin günü dünyada Yeni il bayramı qeyd olunur. Əslində, burada da müdriklik özünü göstərir ki, dünyada olan soydaşlarımız həmin günü hesabat verib, yeni il üçün daha da yaxşı hazırlaşsınlar. Biz bunu sadəcə tədbir kimi keçirməli deyilik, həm də mütəmadi olaraq bununla bağlı işlərimizi davam etdirməliyik. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla mədəni əlaqələri daha da inkişaf etdirmək, onların övladları üçün Azərbaycan dili və tarixi ilə bağlı biliklərə yiyələnməyinə kömək göstərmək və sairə yaxşı olardı. Bu, onların yaşadığı cəmiyyətlərə faydalı inteqrasiya olunmasına və Azərbaycanla əlaqələrin qorunub saxlanılmasına kömək etmiş olar. Arzu edərdim ki, xaricdə yaşayan soydaşlarımızın övladları üçün Azərbaycanın ayrı-ayrı bölgələrində yay məktəbləri və burada onlara Azərbaycanla bağlı mühazirələr təşkil olunsun.

Bizim ictimai birliyimizin xətti ilə xaricə gedən gənclərimizin də qarşısına bu cür məqsədlər qoyuruq.

Digər tərəfdən isə biz xaricdə yaşayan bütün soydaşlarımıza Azərbaycan səfirlikləri ilə yaxın təmasda olmalarrını tövsiyə edirik. Bu, onların Azərbaycanı yaxşı təmsil etməsinə də faydalı olar. Çünki səfirliklərimiz onlara Azərbaycanla bağlı lazım olan materialları da çatdıracaq. Gənclərimiz xaricdə çox diqqətli olmalıdır. Çünki bəzən xaricdə Azərbaycanla bağlı doğru olmayan məlumatlar yayırlar. Bu cür məlumatlar adətən erməni diasporu üzvləri tərəfindən ortalığa atılır. Xaricdə yaşayan soydaşlarımız da erməni lobbisinə qarşı mübarizədə birgə olmalıdır, daim haqq səslərini dünyaya çatdırmalıdırlar. Bir yerdə olanda, onların mübarizəsi də effektli olacaq.



- Son vaxtlar Azərbaycanın ayrı-ayrı təhsil mütəxəssisləri də Azərbaycan alimlərinin Nobel mükafatı almamasından narahat olduqlarını bəyan edirlər. Sizcə, bu problemin kökü nədədir? Niyə bizim alimlər Nobel mükafatı ala bilmirlər?

- Bu mənim subyektiv fikrimdir. Bizim alimlərin istedad sarıdan heç bir problemi yoxdur. Yəni, Nobel mükafatı almağa layiq olan kifayət qədər istedadlı soydaşlarımız var. Sadəcə olaraq burada onların düşdüyü mühit məsələsi də vacib amildir. Mən inanıram ki, yaxın gələcəkdə bizim alimlər də Nobel mükafatı alacaq. Nə vaxtsa Harvard Universitetində akademik fəaliyyət göstərmək bizə xəyal kimi gəlirdi. Ancaq indi Harvard Universitetində də soydaşlarımız akademik fəaliyyət göstərir. Bu gün dünyanın bir çox tanınmış elmi və təhsil müəssisələrində azərbaycanlılar var. Doğrudur, Nobel mükafatı elm aləmində zirvə sayılır. Ancaq soydaşlarımız arasında Nobel mükafatı alanın olmaması o demək deyil ki, bizim alimlərimiz istedadsızdır. Təbii ki, bu gün Nobel mükafatı almaqla bağlı pərdəarxası məqamlar mövcuddur. Bu mükafatı haqqı ilə alanlarla yanaşı, ədalətsiz olaraq alanlar da var. Biz bunu ədəbiyyat sahəsində Orxan Pamukda gördük. Yəni, ermənilərə tərəf çıxan ifadələrindən sonra Orxan Pamuka Nobel mükafatı verildi. Çox təəssüf ki, günümüzdə bu mükafatı artıq siyəsətləşdiriblər. Ədəbiyyat, hüquq müdafiəsi və digər bu kimi sahələrdə artıq Nobel mükafatının siyasiləşdirilməsinin nümunələri var. Ancaq dəqiq elmlər sahəsində azərbaycanlıların Nobel mükafatı almaq imkanları var. Düşünürəm ki, bunun ardınca getmək lazımdır.

Digər tərəfdən isə biz alimlərimizin elmi nailiyyətlərini dünyaya kifayət qədər tanıda bilmirik. Bizdə elmi potensial vaar, ancaq o potensialı dünyaya təqdim edə bilmirik. Alimlərimizi həm ölkədə, həm də xaricdə tanıtmaq lazımdır. Bizim o qədər alimlərimiz var ki, onların kəşfləri tanınmaz olaraq qalır. Bunları dünyaya tanıtmaq vacibdir. Bəlkə də onları dünyada tanıtsaq, biz də Nobel mükafatı ala bilərik.




Vasif Həsənli

Fotolar müəllifə məxsusdur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm