• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

FHN I Avropa Oyunlarına hazırlıqla bağlı tədbir keçirib

FHN I Avropa Oyunlarına hazırlıqla bağlı tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 9 aprel 2015-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Təhlükəsizlik Departamenti ilə birgə “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran vəzifələr” mövzusunda rayon müşavirəsi keçirmişdir.

Publika.az xəbər verir ki, tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri, təsərrüfat rəhbərləri, Bakı şəhəri üzrə polis və səhiyyə, enerji, qaz və su təchizatı idarələrinin, Birinci Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin səlahiyyətli nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Oyunlarla bağlı Nizami rayonunda yeni idman obyektlərinin tikildiyini, bir çoxunun əsaslı təmir olunduqdan sonra istifadəyə verildiyini, eləcə də rayonda geniş abadlıq və quruculuq işlərinin aparıldığını vurğulamışdır.

FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Birinci Avropa Oyunları ilə bağlı qarşıda duran ümumi vəzifələr” mövzusundakı təqdimatında fövqəladə hallar, icra və yerli özünüidarəetmə, polis, təhsil, səhiyyə orqanlarının, eləcə də enerji, qaz, su təminatı təşkilatları və s. müəssisələrin birgə mümkün fəaliyyətinin istiqamətləri və bu istiqamətlər üzrə aidiyyəti təşkilatlar qarşısında duran ümumi vəzifələrdən danışmışdır.

BAOƏK-in qrup meneceri Devid Stor Təhlükəsizlik Departementinin fəaliyyəti, eləcə də yarışlar zamanı ehtimal olunan potensial təhlükələr, onlara qarşı görülən qabaqlayıcı tədbirlər barədə danışmışdır.

Müzakirələrdə çıxış edən rayonun idarə və təşkilatlarının rəhbərləri aparılan hazırlıq işləri, mövcud problemlər və onların həlli yolları barədə məlumat vermişlər.

Müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR