Əfşar Süleymani: “İranda ana dilinə qoyulan məhdudiyyətlər, ona marağı artırdı”
Bizi izləyin

Qırmızı.az

Əfşar Süleymani: “İranda ana dilinə qoyulan məhdudiyyətlər, ona marağı artırdı”

Bu gün Beynəlxalq Ana dili günüdür. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib.

Hazırda dünyada mövcud olan 6700 dilin yalnız beş faizindən fəal istifadə edilir və sənədləşdirilib.

ABŞ-dakı Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) məlumatına görə, dünyada hər 14 gündə bir dil sıradan çıxır. Bu gedişlə də 2100-cü ilə qədər daha 3500 dil məhv olacaq.

Hazırda məhv olmaq təhlükəsi altında olan dillərin əsasən Yeni Qvineya, Qafqaz və Sibir zonalarında olduğunu deyirlər.

Azərbaycan dili təhlükə altında deyil. Amma YUNESKO-nun 2000-ci illərin əvvəlinə aid araşdırmalarında dilimiz itmə təhlükəsi yaşayan dillər siyahısına daxil edlib. Bu gün Azərbaycan Respublikası ilə yanaşı bir sıra ölkələrdə-Cənubi Azərbaycan, Türkiyə, Gürcüstan, Şərqi İraq, Dağıstanda bu dilin daşıyıcıları yaşayır. Onların hamısının öz dilində təhsil almaq imkanı yoxdur. Bəs ana dillərindən sərbəst istifadə məhdudiyyətləri dilin unudulmasına təsir edirmi?

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani İranda ana dilinə münasibətin çox yüksək səviyyədə olduğunu dedi:

“Bizdə hər gün ana dili günüdür, hər gün ana dilində danışılır. Yalnız azərilər yox, kürdlər, ərəblər, bəluclar, hətta ləhcələri olan vətəndaşlar da evdə, məktəbdə, televiziya və radioda ana dilində danışırlar. Həmçinin ana dilində qəzet çıxır, musiqilər səslənir. Gənc nəsil də ana dilindən istifadə edir. Düzdür, məktəblərdə rəsmi dil olaraq fars dili işlənir, amma bu vəziyyət bir çox ölkələrdə var. Lakin ana dilinə yasaq qoymaq olmaz. İranın yeni prezidenti Həsən Ruhani ana dilində tədris məsələsi barədə söz verib. İran Konstitusiyasının 15 və 19-cu bəndinə əsasən, bu məsələnin həll edilməsi ilə bağlı lazımı tapşırıqlar verib və bununla bağlı məsul şəxs də təyin edib”.

Əfşar Süleymani məhdudiyyətin dilə marağı daha da artırdığını bildirdi. İranda qoyulan məhdudiyyət də marağı daha çox artırdı deyə bilərik:

“Amma buna baxmayaraq ana dilində əlifbanın olması və yazılması vacibdir. Əlbəttə, ana dilinin tədrisi ilə ana dilində tədris fərqlidir. Bir ölkədə bütün dərslərin hər bir xalqın öz dilində keçilməsi mümkün deyil. Lakin bir kitabda ana dilində tədris etmək olar. Azərbaycanda belə ləzgi, talışların hamısı bütün dərsləri öz dilində keçə bilmir. Amma inşallah bir-iki ilə İranda ana dilinin tədrisi həyata keçirilə bilər”.

Dilçi alim Qəzənfər Paşayevin sözlərinə görə, bütün məhdudiyyətlərə baxmayaraq, dilimizi qoruyub saxlaya bilmişik. Bəzən müəyyən vəzifə, yaxud başqa səbəblərdən dili unudublar. Amma onların sayı çox deyil. Başqa dildə yazan yazarlarımız belə milli ruhu saxlaya biliblər.

“Baxmayaraq ki, türmənlər İraqda kürdlər arasında məskən salıblar. Onlar dillərinə bu günə qədər qoruyub saxlayıblar. 1797-ci ildən İraqda yaşayan azərbaycanlılardan ayrı düşmüşük, lakin bu gün onlarla bizim danışığımız arasında fərq yoxdur. İraqda yaşayanların danışığı hətta Osmanlı türkçəsindən daha anlaşılandır”.

Dilin necə qorunmasına gəldikdə isə, Q.Paşayev bunu dilin xalqa məxsus olması ilə əlaqələndirdi:

“Xalqa qarşı nə qədər təzyiqlər olsa da, dil unudulmur. Hətta cəzalara qarşı mübarizə aparmaq üçün dil daha yaxşı qorunur. Sovet dövründə də Azərbaycan dilinə qarşı basqılar var idi. Amma Dilçilik İnstitutu dilin inkişafı çox fəal işlər gördü. Həmin dövrdə ABŞ-da da Azərbaycan dili ilə bağlı tədqiqatlar aparılırdı. Alimlər arasında Cənubi Azərbaycanda olanlar var idi. İndi də Cənubi Azərbaycanda fars dili rəsmi dil olsa da, azərbaycanlılar öz dillərində qəzet, kitab çıxarırlar. Bir şey ki, bütün xalqa aid olur, o heç vaxt yoxa çıxa bilməz”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm