DİN-dən ölkədəki kriminogen durumla bağlı HESABAT
Bizi izləyin

Qırmızı.az

DİN-dən ölkədəki kriminogen durumla bağlı HESABAT

İyunun 6-da Daxili İşlər Nazirliyində "Mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması" və "Ailə-məişət münaqişəsi zəminində törədilən cinayətlərin qarşısının alınması" sahəsində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Publika.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini bildirib.


Nazir bildirib ki, respublika üzrə qeydə alınan cinayətlərin orta hesabla 30 faizini təşkil etdiyinə, onların qarşısının alınması, açılması, vətəndaşların hüquqlarının bərpası və dəymiş zərərin ödətdirilməsi sahəsində görülən işlər mühüm əhəmiyyət kəsb etdiyinə görə mülkiyyət əleyhinə olan hüquqazidd əməllərlə mübarizədə idarəçiliyin təkmilləşdirilməsi daim diqqət mərkəzində olub.

Ailə-məişət zəminli hüquq pozuntularının qarşısının alınmasının, belə halların yaranmasının səbəb və şəraitinin aradan qaldırılmasının profilaktik işin vacib elementlərindən biri olduğu, son illər ictimaiyyətlə, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmini işinin beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə mühüm tədbirlərin görüldüyü, zəruri funksional və struktur dəyişikliklərin aparıldığı vurğulanıb.

Mövcud kriminogen duruma toxunan nazir cari ilin 5 ayında da cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması üzrə kompleks tədbirlərin uğurla davam etdirildiyini, keçən ilin müvafiq dövrü ilə müqayisədə göstərilən müddətdə ümumi cinayətlərin, o cümlədən şəxsiyyət və mülkiyyət əleyhinə olan hüquqazidd əməllərin açılmasının yaxşılaşdığını, bağlı qalmış cinayətlərin sayının isə azaldığını diqqətə çatdırıb.

Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski çıxış edib və deyib ki,mülkiyyət əleyhinə cinayətlərin profilaktikasında Nazirliyin informasiya sistemlərinin tətbiqinin də böyük rolu olub. "102" xidməti və "Təhlükəsiz şəhər" sisteminin texniki imkanları ilə 55 oğurluq, 6 quldurluq, 2 dələduzluq, 5 soyğunçuluq, 1 əmlakı qəsdən məhv etmə və sair cinayətlər "isti izlərlə" açılıb, axtarışda olan 152 avtomobil saxlanılıb, avtomatlaşdırılmış kriminalistik uçotlar vasitəsilə 174 cinayət açılıb.

Xüsusi mülkiyyətdə olan obyektlərdə və şəxsi mənzillərdə mühafizə-siqnalizasiya vasitələrinin quraşdırılması məqsədilə əhali arasında təbliğatın gücləndirilməsinə dair aidiyyəti Kollegiya qərarlarının icrası üzrə görülmüş tədbirlərlə cari ildə mühafizəyə götürülmüş obyektlərin sayı 165, mənzillərin sayı isə 354 vahid artıb. Son il yarım ərzində qorunan 191 obyektdə oğurluq faktlarının qarşısı alınaraq 78 nəfər yaxalanıb. Bu və digər təşkilati tədbirlər mülkiyyət əleyhinə olan cinayətlərlə mübarizədə kriminogen durumun bütövlükdə nəzarətdə saxlanılmasını təmin edib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 2014-cü ildə və cari ilin ötən dövründə mülkiyyət əleyhinə cinayətlər törətmiş 1810 nəfərdən ibarət 657 qrup və mütəşəkkil dəstə, o cümlədən mənzillərdən oğurluq etmiş 251 nəfərdən ibarət 85 qrup zərərsizləşdirilib. Mülkiyyət əleyhinə olan 7986 cinayətin açılması təmin olunub, 4581 nəfər məsuliyyətə cəlb edilib, habelə axtarışa elan olunmuş 1292 təqsirləndirilən şəxs tutulub.

Bu müddətdə Baş İdarənin yerlərə göstərdiyi əməli köməkliklər nəticəsində 200-dən çox cinayət açılıb, o cümlədən Cibgirlik cinayətlərinə qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatları əsasında Bakı şəhərində və Abşeron rayonu ərazisində mənzillərdən 103 oğurluq cinayəti törətmiş Azərbaycan və Gürcüstan vətəndaşlarından ibarət qrup ifşa edilib.

Ailə-məişət münaqişəsi zəminində törədilən cinayətlərin qarşısının alınması sahəsində görülən işlər barədə məruzə ilə çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov bildirib ki, son il yarım ərzində respublika üzrə açılması təmin edilmiş qəsdən adam öldürmə və ona cəhdlərin 54,2 faizi, həmçinin qəsdən sağlamlığa ağır və az ağır zərər vurmaların 70,4 faizi ailə münaqişəsi zəminində törədilib.

İclasa yekun vuran nazir gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək müvafiq istiqamətlərdə qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm