Yaponiya hökumətinin dəstəyi ilə Şəkidə yeni layihə həyata keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Yaponiya hökumətinin dəstəyi ilə Şəkidə yeni layihə həyata keçiriləcək

Martın 7-də “Şəki-Saray” otelinin konfrans zalında Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində həyata keçiriləcək “Şəki şəhərində 15 saylı uşaq bağçasının tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzal

Martın 7-də “Şəki-Saray” otelinin konfrans zalında Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində həyata keçiriləcək “Şəki şəhərində 15 saylı uşaq bağçasının tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilmişdir. Mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi iştirak etmişdir.

AzərTAc xəbər verir ki, tədbiri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq Yaponiyanın ölkəmizdəki səfirliyi ilə şəhər icra hakimiyyəti arasında təməli 13 il əvvəl qoyulmuş əməkdaşlığın uğurla davam etdiyini diqqətə çatdırmış, müxtəlif sahələri əhatə edən layihələrin reallaşmasına göstərdiyi köməyə görə Yaponiya hökumətinə, eləcə də səfirliyin rəhbərliyinə sakinlər adından minnətdarlığını bildirmişdir. Bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.

Səfir Tsuquo Takahaşi Azərbaycanda qısa müddətdir ki, diplomatik fəaliyyətə başlamasına baxmayaraq, Şəkiyə artıq ikinci dəfə səfər etdiyini bildirmiş, bu qədim şəhərin əsrarəngiz təbiətinə, bənzəri olmayan tarixi-memarlıq abidələrinə, daş döşənmiş küçələrinə valeh olduğunu qeyd etmişdir. Səfir demişdir ki, 2000-ci ildən bu vaxta qədər Şəki rayonunda 14 layihə üzrə qrant müqaviləsi imzalanmışdır. Bu layihələr təhsil, tibb, sosial müdafiə, ətraf mühit, ekologiya və digər sahələri əhatə edir. Diqqətə çatdırılmışdır ki, proqram çərçivəsində indiyədək Azərbaycanda ümumi dəyəri 15 milyon 63 min ABŞ dolları olan 181 layihə üzrə qrant müqaviləsi həyata keçirilmişdir. Bu gün imzalanan layihənin dəyəri 121 min 693 ABŞ dollarıdır.

Sonra səfir Tsuquo Takahaşi və layihənin rəhbəri, “Şəki Ekologiya və Təhsil Mərkəzi” İctimai Birliyinin sədri Əlirza Məhərrəmov qrant müqaviləsini imzalamışlar.

İmzalanma mərasimindən sonra Yaponiyanın ölkəmizdəki səfiri “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində 2013-cü ildə əsaslı təmir edilən Şəki peşə təlimi məktəbinə gələrək görülmüş işlərlə yerində tanış olmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm