• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Amaliya Pənahovanın ailəsini dağıtmaq istəyən məşhur kimmiş? – FOTO

Amaliya Pənahovanın ailəsini dağıtmaq istəyən məşhur kimmiş? – FOTO

Sənəti, yaradıcılığı barədə çox yazmışıq, cox eşitmişik.

Bu dəfə də istədik onu daha yaxından tanıyaq. Xalq artisti, sevilən aktrisa Amaliya Pənahova Publika.az-la uşaqlıq və gənclik xatirələrini paylaşır….

- Bir az uşaqlığınızdan danışın, necə bir ailədə böyümüsünüz?

- Gəncədə dünyaya gəlmişəm – böyük bir ailədə. Nənəli-bibili bir ailədə körpə doğulur və çox sevilən bu uşağa Amaliya adını qoyurlar. Bu da təsadüfi olmur. Gorünür, ad, doğrudan da, insanın taleyinə təsir edir. Mən anadan olan vaxtlarda Gəncə Teatrında Şillerin “Qaçaqlar” əsəri tamaşaya qoyulubmuş. Həmin tamaşa hər kəs tərəfindən çox sevilirmiş. Anam həmin tamaşanın qəhrəmanı olan Amaliyanın adını çox bəyənir və mənə bu adı verir. Ümumiyyətlə, anam-atam teatrı çox sevirdilər. Elə buna görə də, mənə teatr qəhrəmanlarından birinin adını vermişdilər. Sonralar bu adla bağlı hətta mənə irad tutanlar da oldu. 1990-cı illərdə qarışıqlıq zamanı Azadlıq meydanında olarkən gözləri qanla örtülmüş bir gənc oğlan mənə yaxınlaşdı və dedi: “Biz sizi çox istəyirik, sənətinizə də böyük hörmətimiz var, amma bu erməni adını dəyişin”. Mən çaşıb-qaldım və ona dedim ki, bu ad erməni adı deyil. Mən niyə öz adımı dəyişdirməliyəm ki… Amaliya İtaliyada, Almaniyada, Yunanıstanda çox sevilən bir addır və Şiller kimi dahi bir yazarın da əsərinin qəhrəmanı məhz Amaliyadır. “Qaçaqlar” əsərinin baş qəhrəmanıdır Amaliya. Neyçünsə o oğlana elə gəlmişdi ki, Amaliya erməni adıdır.

- Bildiyimə görə, valideynləriniz sizin aktrisalığınızın əleyhinə olub?

- Gizlətməyəcəyəm, valideynlərim istəmirdilər aktrisa olum. Onlar heç vaxt məni aktrisa kimi görmək arzusunda olmayıblar. Həkim və digər sənət sahibi olmağımı istəyiblər, amma aktrisa yox. Atam 15-18 yaşınadək Gəncə Teatrında çalışmışdı, amma məni aktrisa görmək istəmirdi. Bunun da səbəbləri vardı, qız uşağının aktrisa olmasına insanlar pis baxırdı. Elə Gəncədə də belə idi, çox mühafizəkar idilər. Qız uşağını səhnədə görməyə alışqan deyildilər. Elə indi də bir çox ailələr qız uşaqlarının aktrisa olmasını istəmirlər. Əslində, onları da başa düşmək olar, çünki bu sənət çox çətin və keşməkeşli bir sənətdir. Zaman-zaman haqsızlıqlara məruz qala bilirsən. Ümumiyyətlə, Şərqdə qadının aktrisa olması çox çətindir - mən belə düşünürəm. Avrora ölkələrində belə bir problem yaşanmır. Bizim evimiz Gəncə teatrında çalışan aktyorların yaşadığı üçmərtəbəli binaya yaxın idi. Biz orada yaşayan aktyor ailələri ilə dostluq edirdik. Ailəm sənət adamları ilə dostluq edirdi, mən də onların uşaqları ilə. Bu dostluq mənim sənət həyatıma da təsirsiz ötüşmədi. Əlbəttə, onların həyat tərzi, sənətə olan maraq və sevgisi mənə də sirayət etdi.

- Orta məktəbdə oxuyarkən necə bir şagird idiniz?

- Utancaq, qapalı bir qız olmuşam. Bu utancaqlıq kompleksi məni illərlə təqib edib. İndinin özündə də diqqət mərkəzində olmağı istəmirəm. Yalnız səhnədə mənə diqqət yetirmələrini istəmişəm. Orta məktəbdə oxuyarkən çox qapalı olmuşam, halımdan da çox məmnun idim. Hətta 15 yaşıma qədər şeirlər də yazırdım. Amma bütün bu hallar sonradan ötüb keçdi. Əlaçı deyildim, hətta həndəsə fənnindən “üç” də alırdım. Yalnız tarix, ədəbiyyat, bir sözlə, humanitar fənləri əla oxuyurdum. Orta məktəbdə oxuyarkən artıq qərarımı da vermişdim – aktrisa olacaqdım. Mən ümumiyyətlə, özümü dərk edəndən həyatımı bir sahəyə – aktrisalığa bağlayacağıma əmin idim. Beynimdə başqa heç bir sahəyə marağım yox idi və heç bir arzu da qurmamışdım.

- O vaxt kumiriniz vardı?

- Orta məktəbdə oxuyarkən kumirim yox idi, çünki fərd olaraq tanınmaq istəyirdim. Elə sonradan tələbələrimə də belə məsləhət gördüm ki, fərd olaraq tanınsınlar. Yadımdadır ki, hər kəs kimi məktəb illərində mənim də hobbim vardı. SSRİ məkanında məşhur olan aktyor və aktrisaların fotolarını yığırdım. Əlimə düşən bütün pulları verib, o fotoları alırdım. Demək olar ki, böyük bir kolleksiyam da var idi. Çox əziz idi mənə o şəkillər. Amma sonralar ailə həyatı qurdum və o fotokolleksiyamı uşaqlarımın qarşısına tökdüm.

- Bildiyimə görə, həyat yoldaşınızla da çox gənckən tanış olmusunuz...

- Onda 17 yaşım vardı. Məni təsadüfən yolda görüb bəyənmişdi və arxamca İncəsənət İnstitutuna gəlmişdi. O mənə görə bu instituta daxil oldu və mənimlə eyni kursda oxudu. Biz 2-ci kursda oxuyarkən nişanlandıq, ali məktəbi qurtarandan sonra isə ailə qurduq. Yusif məni həddən artıq çox sevir və qoruyurdu. İndi onun haqqında danışmaq istəmirəm, çünki mənə çətindir. Mən onun ölümü ilə sanki bir qanadımı itirdim.

- Çox gənckən səhnəyə çıxmağınız yaşlı aktrisalarda paxıllıq hissi oyatmadı ki?

- Bu sənətdə çox gənckən parlamağım mənə baha başa gəlib. 17 yaşımdan səhnəyə çıxdım, təbii ki, zamanında mənə qarşı paxıllıqlar da oldu, haqsızlıqlar da. Hətta ailəmi də dağıtmağa cəhd göstərdilər. Çox pisliklərlə qarşılaşdım. Məni bu sənətdən uzaqlaşdırmaq üçün dəridən-qabıqdan çıxanlar məşhur səhnə adamları olub. Danışıram, çox pis oluram. O illəri xatırlamaq belə istəmirəm. Əlbəttə, bütün bu haqsızlıqlar mənə sənət yoldaşlarım tərəfindən olunurdu. Onlar mənim səhnədə belə tez məşhurlaşmağımı həzm edə bilmirdilər. 17 yaşlı bir gənc qızın səhnədə böyük rollar alması və onun üçün məxsusi rolların yazılması – bunu kim həzm edə bilərdi ki… İlyas Əfəndiyev kimi nəhəng bir yazıçı mənim üçün məxsusi rollar yazırdı. O tamaşalar indi Azərbaycan teatrının ən gözəl nümunələridir.

- Bəs necə oldu ki, Tofiq Kazımov 17 yaşlı qızı teatra dəvət etdi?

- O zaman mən İncəsənət İnstitutunda təhsil alırdım, birinci kursda. Böyük sənətkarımız Tofiq Kazımovun tələbələri kurs tamaşası hazırlayırdılar - “Romeo və Cülyetta”nı. Həmin tamaşada mənə də rol vermişdilər. Mən o tamaşada Cülyetta rolunu oynayanda Tofiq Kazımov məni görüb bəyəndi və böyük səhnəyə dəvət etdi. Şekspirin “Hamlet” tamaşasında Ofeliyanı oynadım. Çox böyük səs-küyə səbəb oldu bu rol. Sonra İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsəri əsasında hazırlanan tamaşada Nargilə rolunu mənə verdilər. Təsəvvür edin, bir gecənin içində məşhurlaşdım. Yaşıdlarım həmin vaxt hələ məktəb və tələbə həyatı yaşayırdılar, amma mən artıq bütün Azərbaycanda çox məşhur idim. Bu tamaşanın ardınca mən İlyas Əfəndiyevin silsilə tamaşalarında rollar almağa başladım. Tələbə ikən tanındım. Səhnəyə çıxdığım vaxtdan düz 50 il keçir. 1964-cü ildə “Sən həmişə mənimləsən” tamaşası ilə böyük səhnədə göründüm, o vaxtdan indiyədək görün nə qədər illər keçib. Bu il səhnə fəaliyyətimin 50 illiyini qeyd edəcəyəm.

- Heç səhnədə ekstrim hallarla rastlaşdınızmı?

- Çox olub belə hallar. Təsəvvür edin, “Hamlet” tamaşasının premyerasından iki gün sonra qızım dünyaya gəldi. Mən elə vəziyyətdə tamaşanı təhvil vermişəm. “Nişanlı qız” tamaşasına mən yanıq ayaqlarımla çıxmışam. Həmin vaxt evimizə qonaqlar gəlmişdi və mən onlara çay süfrəsi hazırlayırdım. Qaz plitəsindən qaynar çaydanı götürəndə əlimdən saldım və ayaqlarım yandı. Dörd saatdan sonra səhnəyə çıxmalı idim. Həkimə apardılar, iynə vurub ağrılarımı yüngülləşdirməyə çalışdılar. O vəziyyətdə tamaşanı oynadım və heç kəs bunu hiss etmədi. Mən səhnəyə belə bağlı insan olmuşam.

- Gənclikdə elə bir tamaşa olubmu ki, oynamaqdan imtina edəsiniz?

- Bəli, bəzi tamaşalar olub. Bunun da səbəbləri olub. Məsələn, “Efigeniya” tamaşasında mənə verilən rolu oynamaqdan imtina etdim. Bir ana öz övladları üstündə ağı deyirdi, çox faciəvi bir rol idi. İmtina etdim roldan və başa saldım ki, belə dəhşətli rolu oynaya bilmərəm. O vaxt yenicə ana olmuşdum. Bacarmazdım, buna görə də oynamadım. Bir ana kimi özüm və övladım gəlib durdu gözümün qabağında. Onu da deyim ki, mən səhnənin fanatı idim və oynadığım hər bir obrazı içimdə yaşayıb oynayırdım.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR