Xəyalə Manaflı: “Tapşırıqla haralarasa çıxmaq mənlik deyil” MÜSAHİBƏ - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Xəyalə Manaflı: “Tapşırıqla haralarasa çıxmaq mənlik deyil” MÜSAHİBƏ - FOTOLAR

Yəqin ki, Azərbaycanda ikinci belə müğənni yoxdur ki, 30 yaşı tamam olmamış, 25 illik səhnə təcrübəsinə malik olsun. Təbii ki, həmsöhbətim Xəyalə Manaflı istisna olmaqla. Ötən əsrin 90-cı illərinin ən çox sevilən uşaq sənətçisi olan Xəyalə, yeni əsrdə də yetərincə maraqlı mahnılar yazdırdı, teleaparıcı kimi fəaliyyət göstərdi, tanındı, sevildi. Amma son iki ildə çox nadir hallarda efirdə görünür. Təbii ki, səbəbsiz deyil bütün bunlar. Onunla söhbətimizdə də bu barədə danışmışıq.

- Xəyalə xanım, uzun müddətdir görünmürsünüz. Yaradıcılıqda hansı yeniliklər var?

-Yaradıcılığımda hələ ki elə bir dəyişiklik yoxdur. Əslində yaradıcılığımla bağlı müsahibə verməməyə çalışıram. Yeniliyim olanda bunu internetdə, sosial şəbəkələrdəki səhifəmdən yayıram.

- Bu qaydanı nə vaxtdan tətbiq edirsiniz?

- İki ilə yaxındır.

- Səbəb nədir?

- Məsələn, bir yaxın jurnalist məndən müsahibə alır, ona səmimi şəkildə fikirlərimi çatdırıram. Jurnalistikaya aidiyyəti olmayan digər cırtdan saytlar da həmin söhbətləri özlərinə uyğun fırladıb, lazımsız cümlə quruluşlarını, demədiyim fikirləri əlavə edirlər. Sonra da hardansa şəkillərimi tapırlar və yazırlar ki, Xəyalə Manaflının yeni fotosessiyası... Mənim adımdan yazılan fikirlər isə tamaşaçının qıcığına səbəb olur. Tamaşaçı da deyir ki, buna nə oldu? Bu niyə belə kobuddur? Bu şeylər məni çox yordu.

- Deməli, mətbuatdan inciksiniz...

- Mətbuatdan incik deyiləm. Çox savadlı jurnalist dostlarım var ki, onlara iradım ola bilməz. Hansısa sanballı portal xəbəri yayır, cırtdan saytlar isə istinadsız, özünə sərf edən başlıqla məqalə buraxır. Nəticədə adımı “google”da axtarışa verəndə biabırçı məqalələr çıxır.

- Adətən, sənət adamları 50-60 yaşda kənara çəkilirlər. Amma mənə elə gəlir ki, son iki ildə sizdə həmin mərhələ yaşanır. İşlədiniz, tanındınız və kənara çəkildiniz... Sanki hər şey çox tez baş verdi. Özünüz hiss edirsiniz bunu?

- Mən belə düşünmürəm və bunu mənə deyən ilk insan deyilsiniz. Amma mənim özümün də yaradıcılıq, həyat prinsipim var. İnsanların gözünü, beynini, qulağını yormaq istəmirəm. Hər gün hansısa kanalda hansısa verilişə çıxmaq gündəmdə qalmaq deyil. Mənə görə, bu daha yorucudur.

- Bir zamanlar özünüz də hər gün efirdə olurdunuz.

-Yox, hər gün efirdə olmamışam.

-Teleaparıcı kimi hər gün efirdə idiniz.

-Teleaparıcılıq başqa bir şeydir. Əgər aparıcıyamsa, hər gün bir saat canlı efirdə olmalıyam. Amma sırf müğənni kimi hər gün efirdə olmaq üçün kimlərdənsə xahiş etmək, tapşırıqla haralarasa çıxmaq, yaddan çıxmamaq naminə həftədə üç dəfə efirdə görünmək mənlik deyil.

- Heç vaxt efirə çıxmaq üçün kimdənsə xahiş etməmisiniz?

- Heç vaxt. Mənim yaradıcılığım hamıdan fərqli olub.

- Nə fərq olub?

- Beş yaşından ilk uşaq estrada müğənnisi olmuşam, böyük səhnədə ifalarım olub, dövlət səviyyəli tədbirləri aparmışam. Görün rejissorlar mənə nə qədər güvəniblər ki, az yaşımda səhnədə prezidentin iştirak etdiyi tədbiri apara bilmişəm.

- Amma yaş baxımından sizin gündəmdə olan vaxtınız indidir.

- Mən gözə girməyi, gündəmdə olmağı heç vaxt istəməmişəm. Bunun başqa fəsadları var. Söhbət gizli və açıq fəsadlardan gedir.

- Konkret hansı fəsadlardan söhbət gedir?

- Ən adi fəsadları deyəcəm. İnsanları bezdirmək çox pisdir. Mən istəmərəm kimsə desin ki, “eee yenə bu?” Bu şeyləri eşitmək, yaxud kiminsə bunu ürəyindən keçirməyini istəmirəm. İkincisi, digər fəsadlardır ki, onları demək istəmirəm. Çünki dinləyici, tamaşaçı, oxucu bunu bilməməlidir.

- Belə hesab etmək olarmı ki, Xəyalə Manaflı özünü bir qədər də biznesə həsr etdiyi üçün yaradıcılıq planında durğunluq var?

- İndi söhbət etdiyimiz məkan media işçiləri üçün nəzərdə tutulub. Digər şəxslər də gələ bilərlər, amma biz əsas üstünlüyü mediaya veririk. Bura bir aydır fəaliyyət göstərir. Kənardan görünə bilər ki, mən gözdən uzağam, yada düşmürəm. Amma əslində elə deyil. Elə verilişlər var ki, bəhanə edib getmirəm.

- Məsələn hansı verilişlər?

- O məkanda mənə aidiyyəti olmayan nələrdənsə, yaxud həkim məsləhətindən, hüquq məsləhətindən söhbət gedəcəksə, altı qonağın içində iki müğənni, bir rəqqas, həkim olacaqsa, mənim orada nə işim var? Əgər saat yarım ərzində cəmi bir mahnı oxuyacağamsa, ora niyə çıxıram? Məni görsünlər deyə çıxım? Bu yaxınlarda internet televiziyalarının birində qonaq oldum. Mövzu ilə maraqlandım məni qane etdi və getdim. Aparıcı və mən çox maraqlı söhbətlər etdik, ürəyimizi boşaltdıq.

- Xəyalə Manaflını müğənnilər arasında ən yaxşı teleaparıcı, yoxsa teleaparıcılar arasında ən yaxşı müğənni hesab etmək olar?

- Onu siz, yaxud tamaşaçılar deyə bilərlər. Bu barədə dəqiq nəsə deyə bilmərəm. Mənimçün aparıcılıq və müğənnilik eyni yaşda, eyni vaxtda başlayıb. Beş yaşımda “7-17” müsabiqəsinin həm aparıcısı, həm iştirakçısı idim. Sonra müsabiqənin qalibi oldum və aparıcı olaraq davam etdim. Ardınca aparıcı kimi 14-15 şəxsi verilişlərim oldu, sərbəst layihələr etdim. Təbii ki, müğənniliyim də öz yerində. Aparıcı kimi təhsilim olmasa da, müğənni olaraq ali təhsil almışam. Bakı Musiqi Akademiyasında xalq artisti Xuraman Qasımovanın sinfini bitirmişəm. Fikrimcə, aparıcılıqda canlı efir təcrübəsi təhsildən daha vacibdir. Ola bilər mən aparıcılığın təhsilini almamışam, amma bu peşənin peşəkarları ilə ünsiyyətdə olmuşam, görüb-götürmüşəm.

- Yaxın vaxtlarda sizi teleaparıcı kimi yenidən efirdə görə bilərikmi?

- Belə təkliflər çox olur. İndi bir layihə üzərində dayanmışam. Hazırda o verilişin sponsor məsələləri ilə məşğuldurlar, mən isə verilişə aparıcı kimi dəvətliyəm. Öz istədiyim bir-iki layihə var idi. Bəzi prodakşnlara o layihəni təqdim etdim. Çünki çox “mənəm-mənəm” deyirdilər. Ancaq layihənin qol-qanadını sındırıb, bir neçə ay fəaliyyət göstərdikdən sonra dayandırdılar. İnşallah, özümün yetərincə pulum olduğu zaman layihələrimi maliyyələşdirəcəyəm.

- Solo konsertiniz olub?

- 1994-cü ildə iki gün anşlaqla solo konsert vermişəm.

- Sizə elə gəlmirmi ki, bütün uğurlarınız uşaqlıq illərinizə təsadüf edir?

- Bir səmimi söz deyim. Sizcə, hər şey pula bağlıdır?

- Hər şey yox, amma çox şey pula bağlıdır.

- Əfsus ki, bizim o çox şeylər pula bağlıdır. Solo konsert vermək üçün maliyyə dəstəyi olmalıdır. Mən konserti bir zal və 30 nəfərlik qonaqla vermək istəmirəm.

- Bəs o vaxt solo konsert verəndə pula ehtiyac yox idi?

- Xeyr, onda tam başqa cür idi, başqa aləm idi.

- Amma çox qocaman danışdınız...

-(gülür) Neyləyim ki, mən elə böyüdüm. Nə edim ki, iki dövr arasında - sənətə, musiqiyə dəyər verən yaxşı bir dövr, musiqi deyil, başqa şeyə dəyər verən ikinci dövrdə qaldım.

- Başqa şeylər deyərkən?

-(gülür) Niyə qazırsınız? Bunu tamaşaçı da, dinləyici də, siz də bilirsiniz. Hər kəsin həyatı göz qabağındadır və jurnalistlər bundan daha yaxşı xəbərdardırlar. Məni bir neçə yaş nəsli görüb və sevir. Bu, mənimçün hər şeydən - məşhurluqdan da, gündəmdən də üstündür.

- Son zamanlar sənət adamlarının filmlərə, seriallara çəkilməyi dəb halını alıb. Sizə belə bir təklif olubmu?

- Bir neçə təklif oldu. Söhbət çiy oldu, özüm “yox” dedim. Amma özüm uşaqlıqda bir neçə filmə çəkilmişəm. Hacı Zeynalabdin Tağıyevin həyatı haqda bir film idi. Mən onun bacısının uşaqlıq illərini oynayırdım. Təəssüf ki, maliyyə probleminə görə efirə getmədi.

-Təzada baxın, milyonçu haqqında çəkilən film maliyyəyə görə efirə getmir...

- O fakt mənim də fikrimdən keçib. O vaxt “Vahidbank” filmi dəstəkəyirdi. Hacı Zeynalabdinin atasını isə Hacı İsmayılov oynayırdı. İndi də yaxşı bir film, ssenari olsa, çəkilərəm. Seriala çəkilmək istəməzdim. Serial bu gün var, sabah yoxdur. Bədii filmə çəkilməyi çox istərdim.

- Son olaraq, planlarınız nədən ibarətdir? Bu templə də davam edəcəksiniz, yoxsa hansısa dəyişikliklər oalcaq?

- Bu templə gedəcəyəm. Fərqli bir şeylər təqdim olunarsa, məmnuniyyətlə qəbul edərəm, yenilik etmək istəyərəm. Amma hazırda elə bir şey yoxdur.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm