• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Macarıstanda Azərbaycan günləri

Macarıstanda Azərbaycan günləri

Noyabrın 21-22-də Macarıstanda Azərbaycan turizm günləri keçirilib. Macarıstan-Azərbaycan Gənclər Birliyi (MAGB) tərəfindən təşkil olunan tədbirə ölkəmizin Macarıstandakı səfirliyi təşkilati dəstək verib. Tədbirdə Macarıstan parlamentinin, Mərkəzi Avropa ölkələrinin QHT nümayəndələri və fəal gənclər iştirak ediblər.

Tədbirin Macarıstan parlamentində keçirilmiş ilk gününü giriş sözü ilə açan MAGB-nin sədri İbrahim Səfərli qonaqlara birliyin fəaliyyəti, həyata keçirdiyi layihələr və Azərbaycan turizm günlərinin məqsəd və məramı barədə məlumat verib.

Daha sonra Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev çıxış edərək iki ölkə gəncləri arasında mövcud əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana bu yaxınlarda etdiyi işgüzar səfərin, iş adamları arasında keçirilmiş biznes forumun, səfər çərçivəsində imzalanmış saziş və müqavilələrin ölkələrimiz arasındakı sıx əməkdaşlığın bariz nümunəsi olduğunu bildirib.

Macarıstan parlamentinin üzvü, Azərbaycan-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri Marton Döndöşi son illər iki ölkə arasında əlaqələrin sürətli inkişafından məmnunluğunu ifadə edərək bu kimi layihələrin əməkdaşlığa böyük töhfə verdiyini diqqətə çatdırıb.

Sonra Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin, eləcə də Hungarian Tourism LTD, Balance Law and Tax Firm və Rİxos Hotels şirkətlərinin nümayəndələri müvafiq təqdimatlarla çıxış ediblər. İnformativ və interaktiv xarakter daşıyan təqdimatlar iştirakçıların xüsusi marağına səbəb olub. Onlara viza, immiqrasiya hüququ, eləcə də ölkə mehmanxanaları və turizm sahələri barədə məlumatlar verilib.

Tədbirin ikinci günü Azərbaycanın Macarıstandakı səfirliyində keçirilib. Qonaqlar səfirliyin binası və konsulluq şöbəsinin iş prinsipi ilə tanış olublar. Burada Azərbaycana səfərlə bağlı e-viza sistemi, onun mahiyyəti və işləmə mexanizminə dair təqdimat edilib.

Xatırladaq ki, MAGB Macarıstanda yaşayan gənc azərbaycanlı və macar fəalların təşəbbüsü ilə 2012-ci ilin dekabrında yaradılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR