• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Zemfira Nərimanova: “O qədər insanı yandırmışam ki...” – MÜSAHİBƏ

Zemfira Nərimanova: “O qədər insanı yandırmışam ki...”  – MÜSAHİBƏ

Həmsöhbətim xalq artisti, səhnəmizin sarışın gözəli Zemfira Nərimanovadır.

Akademik Milli Dram Teatrının səhnəsində, eləcə də Azərbaycan Televiziyasında bir-birindən gözəl obrazlar yaradan cazibədar aktrisa Zemfira xanım. Efir, gündəm, reklam xətrinə bütün günü efirlərdən düşməyən bəzi həmkarlarından fərqli olaraq son illər onu nə efirlərdə görürük, nə seriallarda, nə də tədbirlərdə. Elə teatr tamaşalarında da onu görmək nadir hallarda mümkündür. Müsahibə verməklə isə heç arası yoxdur.

“Bütün bunlara mənim vaxtım yoxdur”-, deyən xalq artisti bizə vaxt ayırdı. Amma belə başa düşdüm ki, nəzakət xətrinə bizi qırmadı. Çünki suallarımızı da sona qədər cavablandırmadı. Bilmirəm buna hövsələsi çatmadı, ya da sadəcə, istəmədi. İstənilən halda, buna da hörmətlə yanaşdıq.

- Hər zaman xalqın görmək istədiyi bir aktrisasınız. Amma Sizi nə efirdə, nə seriallarda, nə də tədbirlərdə görə bilirik. Niyə, səbəb nədir?

- Vaxtım məhdud olduğundan nə efirlərdə görünürəm, nə də seriallarda.

- Vaxtınızın teatrda tamaşalara daha çox sərf olunduğunu deyəcəksinizsə, qabaqcadan deyim ki, heç Sizi tamaşalarda da istədiyimiz qədər görə bilmirik…

- Yox, daha çox Mədəniyyət və İncəsənət Universitetində oluram. Bizi əvəzləyən bir nəsil gəlməlidir axı. Təbii ki, bizi əvəz edən olmayacaq, amma düşünürəm ki, yeni nəsil gəlməlidir və hazırda bu iş üzərində çalışırıq.

- Niyə yeni nəslin yetişəcəyi ilə bağlı bu qədər ümidsiz danışırsınız?

- Yox, Allah eləməsin ümidsiz danışım. Hər kəsin yadındadır ki, biz özümüz teatra yeni qədəm qoyduğumuz vaxtda bir gecənin içərisində populyar olmuşduq. Bir tamaşada oynadıq və səhəri gün hər kəs bizi tanıdı. Tanındıq və həm də sevilən olduq. Amma indi artıq belə hadisələr baş vermir.

- Sizcə, dövr dəyişdi, yoxsa gənclərin marağı?

- Yox, deməzdim gənclərin marağı dəyişdi. Çünki indinin özündə də gənclər mənimlə şəkil çəkdirirlər. Vaxtilə oynadığım televiziya tamaşalarının da adlarını əzbər bilirlər. Nə dövr dəyişib, nə də insanların marağı.

- Yaxşı, bəs onda dəyişən nədir?

- Əfsuslar olsun ki, insanlar öz məşğul olduqları sənətə ciddi yanaşmırlar.

- Bəs bu gün çəkilən seriallarda niyə yoxsunuz, dəvət etmirlər, yoxsa özünüz imtina edirsiniz? Hərçənd sənət yoldaşlarınızın əksəriyyəti həmin seriallarda rol alırlar…

- Gəl, bu barədə danışmayaq. Dedim, axı vaxtım məhduddur.

- O zaman sualı başqa cür qoyaq: yerli serialları izləyirsinizmi?

- Demək olar ki, izləmirəm.

- Bəs türk seriallarına necə, baxırsınız?

- Hərdən olur. Bəzilərinə baxıram. Özü də vaxtım olanda maraqla baxıram.

- Maraqla baxdığınız serialların adlarını çəkərdinizmi?

- “Kurd Seyid və Şura”, bir də “O heyat benim”…

- Yerli seriallarımıza marağınız olmadığı üçün baxmırsınız, yoxsa sizi cəlb etmir?

- Cəlb etmir.

- Bəs efirlərdə niyə görünmürsünüz, çağırmırlar, yoxsa, özünüz getmək istəmirsiniz?

- Dedim axı, vaxtım yoxdur.

- Bəs izlədiyiniz verilişlər varmı?

- Yox, kimsə zəng edib deyəndə ki, filan verilişə bax, onda izləyirəm. Başqa vaxt televizora baxmıram.

- Nəsə küskün danışırsınız...

- Yox, yox, qətiyyən küskün deyiləm.

- Bəzən aktrisa olduğunuza görə peşmanlıq hissi keçirirsiniz?

- Qətiyyən, niyə peşman olmalıyam ki? Bu qədər yol keçib, istədiyim səviyyəyə çatmışam. Xalq artistiyəm, bundan artıq hansı titul var ki? Demirəm ki, yerimdə saydım, xeyr, artıq yeni nəsil yetişdirirəm.

- Maşallah, çox gözəlsiniz, hər kəs sizin gözəlliyinizdən danışır...

- Amma mən dəyişməmişəm ha! Çox adam deyir ki, hamı dəyişildi, Zemfira Nərimanovadan başqa. Hələ indiyə qədər heç bir yerimdə plastik əməliyyat olunmayıb, həmişə çalışıram necə varamsa, elə də qalım.

- Bu gendən gələn bir gözəllikdir, yəqin.

- Yəqin ki… Bizim nəsildə hamı belədir.

- Nə vaxtsa, plastik əməliyyat etdirməyi düşünürsünüz?

- Yəqin ki. Ola bilər. Amma illərin izləri deyilən bir şey də var. İllərin saldığı izləri götürtrmək olar, burda bir qəbahət iş yoxdur. Yəqin ki, lazım gələndə bunu edəcəyəm. Amma bu o demək deyil ki, mən burnumu, qaşımı, gözümü dəyişdirəcəyəm, yox. Əslində, illərin saldığı izləri də dəyişmək istəməzdim, amma bir az yüngülləşdirmək olar. (gülür)

- Bəs formanızı necə saxlayırsınız? İdman, pəhriz yolu ilə, yoxsa, bu da genetikdir?

- Yox, yox, idmanla da məşğul olmuram.

- Bir ara demişdiniz ki, rəqslə formanızı saxlayırsınız.

- Yox, əvvəllər rəqsə gedirdim, indi buna vaxtım da yoxdur. Buna sərf etdiyim vaxtı səhnədə keçirirəm.

- Ümumiyyətlə, gözəl olmaq qadının xoşbəxtliyi üçün yetərlidirmi?

- Qətiyyən. Bizdə bir müəllim vardı, həmişə deyirdi ki, mən gözəl deyiləm, bəxtim gözəl olsun. İstər qadın olsun, istər kişi, bəxt gözəl olmalıdır. Buna görə də qız da, oğlan da doğulanda deyirlər ki, Allah bəxtini versin. Əsas olan insanın gözəl olması yox, bəxtinin gözəl olmasıdır.

- Maraqlıdır, sizin anlamınızda xoşbəxtlik nədir? Çoxları deyir ki, xoşbəxtlik anlardadır, daimi deyil.

- Əlbəttə, kim desə ki, tam xoşbəxtəm, deməli, başı xarabdır. Xoşbəxt olduğun məqamlar var, yaşayırsan keçib gedir.

- Gözəl xanımsınız, amma maraqlıdır, kompleksləriniz varmı?

- Heç bir kompleksim yoxdur.

- Hansı xasiyyətinizi silib atmaq, ondan qurtulmaq istərdiniz?

- Heç birini, heç birini…

- Hətta xoşlamadığınız, sizə mane olan xasiyyətinizi belə?..

- Mən özümə qarşı tələbkar insan deyiləm. Mən artıq özümü təsdiq etmiş bir insanam. Demirəm, özümdən razıyam, xeyr. Yəni demək istəyirəm ki, artıq buyam.

- Kaprizli xanım sayırsınız özünüzü?

- Yox, yox. Mən müəyyən məqamlarda kompromisə gedən insanam.

- Bəs hansı məqamda insanlara güzəştə getmirsiniz?

- Yalnız bir məqamda - satqınlıqla qarşılaşdığım zaman. Bunu insanlara keçmirəm.

- Həyatda ən böyük zərbəni kimdən almısınız?

- Cox istədiyim insanlardan.

- Belə çıxır ki, çox istəsəniz də, həmin adamları yaxşı tanımamısınız?

- Tanımışam, niyə tanımamışam ki? Sadəcə, hamı kimi mənim də səhvlərim olub. Bəlkə də, görməmişəm, tanısam da, sadəcə, həmin insanların səhvlərini görmək istəməmişəm – buna görə. Bəzən insan kimisə özü üçün ideallaşdırır, onun necə bir adam olduğunu görmür, yaxud da istədiyi kimi görmək istəyir o adamı. Amma bu da çox çəkmir, həmin adamın iç üzü mütləq açılır, tanıyırsan onu. Belə bir deyim də var, əgər canavar saxlayırsansa, mütləq onun gözü meşəyə baxacaq. Yəni xisləti üzə çıxacaq.

- Bəs insanlardan, daha doğrusu, sevdiklərinizdən zərbə alanda reaksiyanız necə olur?

- Təbii ki, ilk anda şok keçirirəm. Elə bil tarazlığımı itirirəm, yalnız bir müddət keçəndən sonra özümə gəlirəm.

- Yəni, depressiyaya düşürsünüz?

- Təbii ki, depressiyaya düşürəm və çalışıram ki, bunu heç kim görməsin. Xoşlamıram bu halımda məni kimsə görsün.

- Yəni, göz yaşınızı göstərməyi xoşlamayan xanımsınız?

- Bəli. Göz yaşımı başqaları niyə görməlidir ki? Mən çox güclü insanam.

- Gücünüz nədədir?

- Özümdə.

- Kədərli anlarınızda, depressiv halınızda dərdinizi kimlərlə paylaşırsınız?

- Heç kimlə. Mən paylaşmağı xoşlamıram. Depressiya yaşayıramsa da, bu proses mənim öz daxilimdə baş verir.

- Qisas hissi var sizdə?

- Yox, sadəcə, mənə pislik edən, zərbə vuran insanları Allaha tapşırıram. Allah böyükdür.

- Ümumiyyətlə, sizə zərbə vuran insana nə vaxtsa geri dönürsünüzmü, yoxsa, birdəfəlik silib atırsınız?

- Baxır o insan məni nə qədər yandırıb.

- Maraqlıdır, özünüz kimlərisə yandırmısınız?

- O qədər insanı yandırmışam ki…

- Bəlkə, elə o yandırdıqlarınızın əvəzidir, qarşınıza çıxır? Həyatda hər şey bumeranqdır axı...

- Bəlkə də… Təbii ki… Kosmosa nə göndərdim, onu da aldım.

- Bilirəm ki, sevənləriniz çoxdur, sevilmək gözəl hissdir, deyilmi?

- Artıq mənim üçün belə şeylər adiləşib.

- Niyə?

- Nə bilim, yəqin, artıq müdrikləşmişəm, ona görə.

- İnsanlarda görmək istədiyiniz, amma görə bilmədiyiniz hansı cəhət var?

- Bəxtiyar Vahabzadənin gözəl bir misrası var: “İnsan göydə ay kimidir, görünməyən tərəfi var...” Görünməyən tərəfləri biz haradan görə bilərik axı?

- Zemfira xanım, mənə maraqlıdır, şeir, gündəlik yazmaq kimi hobbiniz varmı?

- Yox, nə şeir yazıram, nə də gündəlik. Məndə o hövsələ haradaydı, oturub bunları yazım.

- Hər bir insan müəyyən məqamlarda yalan danışmaq məcburiyyətində qalır. Bax siz sonuncu dəfə nə vaxt yalan danışmısınız? Lap adi bir yalan olsun…

- İnanın ki, yalanı heç sevmirəm. Həmişə də deyirəm ki, mənə şokoladla bəzənmiş şirin yalan lazım deyil. Acı olsun, amma həqiqət olsun. Özümü həmişə başqasının yerində hiss edib, deyirəm ki, niyə axı yalan danışım, kimisə aldadım. Olan budur, xoşuna gəlsə də, gəlməsə də. Qəbul eləyirsən elə, eləmirsən öz işindir. Bir də, həyatda çox düz insanam, nə varsa, düz üzünə deməyi bacarıram.

- Amma “düz düzdə qalar” - belə bir deyim də var…

- Düzgün deyimdir. Mən də bunu bilirəm və bu deyimlə razılaşıram. Amma mən necə varamsa, eləyəm. Demirəm yaxşıdır, ya pis, sadəcə, necəyəmsə, buyam.

- Yəni bu halınızla özünüzü bəyənirsiniz?

- Mən demirəm e, bəyənirəm. Hamı kimi mənim də pis və yaxşı xüsusiyyətlərim var. Demək istəyirəm ki, necəyəmsə buyam. Bütün xüsusiyyətlərimlə birgə olduğum kimiyəm.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR