• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Sevgilim mənə öz əvvəlki sevgililərindən danışır...”

“Sevgilim mənə öz əvvəlki sevgililərindən danışır...”

“Odaçılar” layihəsinin ilk qonağı “Oda” Teatrının təsisçi və bədii rəhbəri Elmin Bədəlovdur:

“Oda” Teatrını necə yaratdınız?

9 ay bir qrup gənclə “teatr qrupu” formasında yığışıb sadəcə məşqlər edir, dərslər keçirdik. Üzə çıxmırdıq, tamaşalar göstərmirdik. Günlərin birində eksperiment olaraq Qoqolun “Evlənmə” əsərini səhnələşdirdik və nümayişə çıxardıq. Pulsuz göstərdik və gördük ki, insanların marağına səbəb oldu. Daha sonra bir müddət sönüklük oldu və qrupumuz demək olar ki, dağıldı. Sonra qərara aldım ki, artıq teatr yaratmağın zamanıdır. Gəncləri yenidən ətrafıma topladım və onların köməkliyi ilə “Oda” Teatrını yaratdım. 2013-cü ilin iyul ayında icarəyə yer götürdük və tamaşaların nümayişinə başladıq. Yeni tamaşalar hazırlamağa başladıq. Artıq bizimlə həvəskarlar yox, peşəkar aktyor və rejissorlar da çalışmağa başladılar. Bu bizim uğurumuz idi. Sürətlə inkişaf edirdik. Artıq 4-cü yerimizdəyik, repertuarımızda 10-dan çox tamaşa var. Məncə 2 illik teatr üçün bu çox yaxşıdır. Bir neçə aydan sonra, iyulun 15-də 3-cü mövsümə qədəm qoyacağıq.

Çox vaxt Azərbaycanda müstəqil teatrların ömrü 2-3 ay çəkir. Necə oldu ki, iki ildir ayaqdasız?

Teatrı idarə etmək çox çətindir. Biz artıq 3-cü ilimizə keçirik. Ancaq bu zaman ərzində çox problemlərimiz olub. Hətta öz aramızda, iş zamanı da. Mən əvvəl elə bilirdim ki, rəhbər olmaq çox asandır. Amma indi görürəm ki, çox insanın çalışdığı bir yeri idarə etmək çox çətindir. Burada səbr və işgüzarlıq önəmlidir. Bilirsiniz, teatrda əziyyəti sevənlər, teatrı sevənlər qalır. Maddiyatı düşünənlər heç vaxt teatrda olmur. Bizim sıralarımıza çox insan qatılıb və aramızdan uzaqlaşanlar da olub. Bəzən maddiyyat azlığına görə, bəzən anlaşmadığımıza görə, bəzən də dözmədiklərinə görə. Mən özüm dəfələrlə bu işlərdən uzaqlaşıb gedib başqa işdə işləmək - fəhləçilik etmək, nəsə başqa bir iş görmək istəmişəm. Amma görmüşəm ki, bunu bacarmayacam və getməmişəm. Kənardan teatrda işləmək insanlara çox asan görünə bilər, amma bu göründüyündən çətindir. Mənə elə gəlir ki, bizim teatrın iki ildir fəaliyyət göstərməsi mənim və kollektivin dözümlü, mübariz olmağından irəli gəlib. Bəlkə də teatrda çalışanlar mənə dəstək olmasaydılar, mənimlə birgə cəhd etməsəydilər, bütün bunları bacarmazdım. İndi teatrda olanlarla bu işi birgə davam etdiririk. Onlar Nihad Qulamzadə, İlqar Cahangir, Rauf Şahsuvarov, İmam Həsənov, Aynur Zərrintac, Niyaz İlyasoğlu, Könül Şahbazova, Anar Əliyev, Şəbnəm Abdullazadə, Gülnar Səlimova və bizə texniki işlərdə kömək edən insanlar. Biz əl-ələ verib, belə desək daşı daş üstünə qoyuruq. Hələ ki, davam edirik. Görək axırı necə olacaq. Ümidliyik və pozitivik. Düşünürük ki, hər şey yaxşı olacaq. Davam etməkdən çəkinmirik.

“AzDrama”, “Yuğ”, “Pantomima” kimi dövlət teatrları rəqibinizdir. İnsanlar “Oda”ya niyə gəlib baxmalıdırlar?

Normal rəqabət yaxşı şeydir, əlbəttə. “Oda”nı yaradanda düşünməmişdik ki, başqa teatrların tamaşaçılarını öz teatrımıza cəlb edək. Ölkədə teatra, mədəniyyətə marağı artırmaq və bu sferada canlanma yaratmaq istədik. Əslində bizim tamaşaçımız başqa sferadır, digər teatrların tamaşaçıları başqa. Çünki xətlər, baxışlar, işlər fərqlidir. Əslində biz sırf intellektual kütləni, yaxud əksini özümüzə cəlb etmək istəmirik. Biz bütün təbəqə insanlarınıöz teatrımıza cəlb etmək istəyirik. “Oda” fərqli tamaşalar ortaya qoyur. Məhz buna görə, insanların bizim teatra gəlməsini istəmişik. İstəmişik ki, insanlar bu fərqli baxışla da tanış olsunlar. Bəyənənlər bizim daimi tamaşaçımıza çevrilir. Bir sözlə biz demirik ki, insanlar ancaq “Oda” Teatrına gəlsinlər. Yox, bizimlə bərabər digər teatrlara, mədəniyyət ocaqlarına, kinolara baxmağa getsinlər. İnkişafa gedən yol mədəniyyətdən keçir.

Yazarlar, tanınmış adamlar niyə “Oda”dan uzaq düşüblər? Daimi tamaşaçılarınız təsadüfi adamlardır. Bəlkə bu vəziyyət İsa Şahmarlı haqda çəkdiyiniz video-roliklə əlaqədardır?

Deməzdim. İsa Şahmarlı ilə bağlı video-rolikə görə bizi qınayan yazarlar, jurnalistlər onsuz da bir dəfə də olsun bizim teatrımıza gəlməmişdilər. Onlar bizi heç əslində çox yaxından da tanımırlar. Və elə düşünmürəm ki, tanınmışlar “Oda”dan uzaq düşüblər. Teatrşünaslar, yazarlar, jurnalistlər mütəmadi olaraq “Oda”ya gəlirlər. Düzdür əvvəlki kimi bizim haqqımızda yazmasalar da hərdən baş çəkirlər. Bir-iki yazar ola bilər ki, çoxdandır bizim teatra gəlmir. Amma bu o demək deyil ki, hamısı belədir. Bəlkə də başqa işləri var, vaxt tapa bilmirlər. Bəlkə də bizi bəyənmirlər. Bu normaldır. Biz insanlara təklif edirik ki, gəlib alternativ teatrla tanış olsunlar, onları məcbur etmirik. Seçim insanlarındır. Əgər ümumiyyətlə istəməzlərsə, biz bu işdən çəkilərik. Amma hazırda insanlar istəyirlər ki, biz davam edək.

Oynadığın tamaşalar içərisində hansı obraza daxil olmaq çətin olub və o tamaşa sənə ağır təsir edib.

Ümumiyyətlə oynadığım bütün obrazlara daxil olmaq mənə çətin olub. Bir tamaşanın məşqi ən azı bir ay davam edir. Mən adətən məşqlər bitəndə, ən sonuncu məşqlərdə rolumu daha yaxşı dərk etməyə başlayıram. Bilmirəm niyə, amma məndə obraza daxil olmaq çətin olur. İstəmirəm obrazları özümə daşıyım, özüm obrazların içində olmaq istəyirəm. Bu asan olmur heç də.

Sizcə niyə belə olur?

Bilmirəm, bəlkə də hər şeyin daha yaxşı olmasını istəyirəm, ondan. Amma mənə ən pis təsir edən obrazlarımdan biri monotamaşamdır. “İntihar” tamaşasını oynamaq mənim üçün çox çətin olur. Bu tamaşa başlamazdan 2 saat qabaq mən böyük həyəcan keçirirəm. Elə bilirəm ki, ürəyim yerindən çıxacaq. Tamaşa özü də çox enerji tələb edir. Həmçinin bütün tamaşanı təkcə mən oynayıram deyə çox həyəcanlanıram. Bir səhnədə səninlə birgə başqa aktyorlar olanda, hərdən düşünürsən ki, sən çaşsan başqası sənə kömək edə bilər. Ancaq bir səhnədə təkcə sən və qarşında tamaşaçılardısa bu artıq çox çətin olur. Bütün insanları hadisənin içində təkcə sən saxlamalısan. Əlbəttə bu çox çətindir. Bu tamaşadan sonra mən çox yoruluram və halsız oluram. Bəzən tamaşadan sonra durub harasa getməyə elə bilirəm ki, ayaqlarım yeriməyəcək. Amma çox çətin olsa da zövqvericidir. Mən çətinliyi sevirəm.

Deyirlər ki, xeyli qız fanatların var.

Xeyli deməzdim. Hamısı sağ olsun. Düzü, bəzən düşünürəm ki, uzun, əyri burnum və yaraşıqsız sifətim var. Niyə belə olsun axı?! (Gülür).

Mətbuatda yazıldı ki, “Oda” dünyaya açılır. Bu haqda məlumat verə bilərsiz?

Biz regionlarda tamaşalar göstərməyə başlamışıq. Teatrın ilk qastrol səfəri Biləsuvara oldu. Çox uğurlu səfər oldu. Qarşıda bir neçə rayona da getmək planımız var. Artıq dəvətlər almışıq. Bundan da əlavə ölkə hüdudlarından kənara çıxmağı fikirləşirik. Elə ilk təklif Fransadan gəldi. Biz artıq Frasnsanın “Avropa və Şərq evi” teatrının online teatr festivalına qatıldıq. Fransanın aktyorlarını bizim teatrda tamaşalar göstərəcəyi gözlənilir. Eyni zaman da biz Fransaya qastrol səfəri etməyi düşünürük. Bundan əlavə may ayında Gürcüstanın Pantomima teatrının 50 illik yubileyidir. Mən bu teatrın direktoru ilə görüşəndə o bizi Gürcüstana dəvət etdi. Eyni zamanda dedi ki, istəyərik iyul ayında “Oda” Teatrının 3-cü mövsümə keçməsi münasibəti ilə biz Bakıya gələk və sizin səhnədə tamaşa göstərək. Biz bu qarşılıqlı səfəri də planlaşdırırıq. Təkcə Bakıda yox, müxtəlif yerlərdə də tamaşalar oynamaq istəyirik.

Bildiymiz qədərilə fransız aktrisa ilə sevgilisən. Onunla ilk tanışlığın necə olub?

Elza Fransa Mədəniyyət Mərkəzində işləyir. Tez-tez bizim teatra gəlirdi. Xaricilər müstəqil teatra getmək istəyəndə axtarıb bizi tapırlar. Çünki indi müstəqil teatr yalnız “Oda”dır. Bizim tamaşalara baxandan sonra hər dəfə söhbət edir, öz fikirlərini bölüşürdü bizimlə. Bu bizə çox maraqlı idi, çünki Elzanın teatr praktikası çoxdur. Və beləcə biz dost olduq. Biz dostluqdan əlavə qarşılıqlı bir maqnit, cəzbetmə qüvvəsi hiss edirdik. Uzun zaman görüşməyəndə darıxırdıq. Hər dəfə də o zəng vururdu, mən çətinlik çəkirəm belə məqamlarda. O, gözləyirdi ki, günlərin birində onu sevəcəyimi deyəcəm. Amma sevgimi biruzə verə bilmirdim. Günlərin birində Elzanın səbr kasası daşdı və məni öpdü. Hər şey də həmin gündən başladı. Artıq beş aydır ki, sevgiliyik. Elza sevilməyə layiq insandır. Çünki hər şeyin düznü danışır. Hətta o mənə öz keçmiş sevgililərindən danışıb. Mən də ona.

Bəs qısqanmırsız?

Əlbəttə qısqanclıq olur. Onda da, məndə də. Amma əsas odur ki, yalan danışmırıq. Həm də bunlar bizim sevgili olmağımızdan qabaq olur. Əsas odur ki, biz sevgili olduğumuz müddətdə bir-birimizə xəyanət etmirik. Əgər biz ayrılsaq, əlbəttə onun da başqa sevgililəri ola bilər, mənim də. Bu normaldır. Ancaq indiki anda anlaşa bilirik. Həm də o məni çox başa düşür, işlərimə hörmətlə yanaşır. Mən İsa Şahmarlı ilə bağlı rolikə çəkiləndə Elzaya dedim ki, belə bir mövzuda obraz canlandıracam, inciməzsən ki? O, mənə güldü və dedi ki, bu sənin işindir, sən aktyorsan. Mən də aktrisayam və bilirəm ki, bu çox normaldır. Deyir hətta sən bu videoda oğlan ilə öpüşsəydin də bunu normal qarşılayacaqdım. Bunlardan əlavə problemlərim olanda, işlərimdə çətinlik çəkəndə hər zaman öz dəstəyini göstərir. Bəlkə də bu ayrı mədəniyyətlərdir, ayrı xüsusiyyətlərdir. Məsələn, mən öz ailəmə Elzanı dostum kimi təqdim etmişəm, cəsarət edib sevgilim deyə bilməmişəm. Düşünmüşəm ki, bəlkə qəbul etməzlər. Ancaq Elza atasına, anasına, qardaşına məni sevgilisi kimi təqdim edib, hətta onlarla “skype”də danışmışıq, məni Fransaya qonaq da dəvət ediblər. Mən də belə olmaq istəyirəm, baryerləri daha da aşmaq istəyirəm. Amma bəzən elə gəlir ki, bunu tam etməmişəm, yaxud da buna gücüm çatmaz. Amma əsas odur ki, cəhd edirəm. 5 aydır ki, sevgiliyik, hər şey yaxşıdır. Amma bir il sonra nə olacağını bilmirik. Çünki bir ildən sonra onun Azərbaycandakı iş müqaviləsi başa çatacaq. Elə hey ikimiz də bunu düşünürük, çıxış yolları axtarırıq, amma tapa bilmirik.

Aktyorluq kursları açmısınız. Tələbələrin marağı necədir?

Bu “Oda” Teatrında ikinci aktyorluq kursudur. Birinci kursu ödənişsiz etmişdik və 30-a yaxın insan qatılmışdı. Ancaq onlar dərslərə məsuliyyətsiz yanaşırdılar. Dərsin sonunda 4-5 nəfər məsuliyyətlisi çıxdı və onlar axıradək kursu keçdilər. Digərləri dağılışdılar. İkinci kursu isə ödənişli etdik və kursa qatılan cəmi 4-5 nəfər oldu. Onlar da hamısı dərslərə məsuliyyətlə yanaşırlar. Görək sonu necə olacaq. İstəyirik ki, bizdən sonra da yolumuzu davam edəcək insanlar olsun. Ona görə belə kursları daimi olaraq keçmək istəyirik.

Söhbətləşdi: Oğuz Ayvaz
Fotolar: Nihad Qulamzadə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR