“Səhnəyə çılpaq çıxmaq istəsəm...” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Səhnəyə çılpaq çıxmaq istəsəm...” - Fotolar

Müğənni Şölə Səfərəliyeva 1995-ci ildən peşəkar səhnədədir. “Bəri bax” ansamblından fəaliyyətə başlayan müğənni bu günə kimi qalan yeganə solist kimi fəaliyyətimi davam etdirir. Tabloid.az 20 ilə yaxındır artıq səhnədə olan müğənninin maraqlı müsahibəsini

Müğənni Şölə Səfərəliyeva 1995-ci ildən peşəkar səhnədədir. “Bəri bax” ansamblından fəaliyyətə başlayan müğənni bu günə kimi qalan yeganə solist kimi fəaliyyətimi davam etdirir. Tabloid.az 20 ilə yaxındır artıq səhnədə olan müğənninin maraqlı müsahibəsini təqdim edir:

- Mən solo ifaçı deyiləm. Bu səbəbdən heç kəs məndən partlayış gözləməsin. Heç kəs də lağa qoymasın ki, 100 ildir oxuyur, amma onu tanıyan yoxdur. Məni qrupun solisti kimi yetərincə tanıyırlar. Gündəmdə olmaq isə mənə maraqlı deyil. Mənim üçün əsas sənətdir. Solo fəaliyyətimə gəldikdə, mən cəmi 3 ildir bu işlə məşğulam. Bunu da öz istəyimlə etdim. Şou biznesdə partlayış etmək məqsədim olmayıb. İl yarıma 7 klipim işıq üzü görüb.

- Bəs hanı o kliplər?

- Sadəcə maliyyə dəstəyi olmadığından “Youtube”-a yükləməklə kifayətlənmişəm. Kliplərim ancaq Türkiyənin TMB kanalında yayımlanır. Çünki yerli kanallara müraciət edəndə klipin yayımlanması üçün pul istəyirlər. Elə kanallar da var ki, klip saatı olmadığından klipi yayımlamaq imkanı yoxdur. Qısaca onu deyim ki, əgər mən təkcə solo fəaliyyəti ilə məşğul olsaydım, gündəmdə olardım. Mən “Qaya” dövlət ansamblının solistiyəm və ona görə də heç kəsə heç nə sübut etmək istəmirəm. Mən peşəkar ifaçı, qrupun solisti kimi sözümü artıq demişəm. Bu gün musiqidən az adamın başı çıxır. Mən həmin az adamlardan biriyəm.

- Şölə, hazırda qızlardan və oğlanlardan ibarət bir sıra qruplar fəaliyyət göstərir. “Qala”, “Şeron”, “Kristal” və digər qrupların adlarını çəkmək olar. Hər birinin də məqsədi toydur. “Qaya”nın məqsədi nədir?

- “Qaya” ansamblının toy tutmağa marağı yoxdur. Biz dövlət statuslu kollektivik. Hazırda mövcud olan kollektivlər istəyərdilər ki, dövlət ansamblı olsunlar ki, onların həm əmək kitabçası olsun. Bu halda onların adı və keyfiyyət göstəricisi olacaqdı ki, onlar dövlətin birbaşa təmsilçidir. Bu gün bizim qrupumuzun üzvləri də ayrı-ayrılıqda toyda iştirak edə bilərlər. Çünki dövlət maaşına buğun dolanmaq qeyri-mümkündür.

- Bəs necə oldu ki, solo çıxış ifa etmək fikrinə gəldiniz?

- Hər zaman qrup daxilində çıxış etmişəm. Özümü sınamaq istədim. Bilmək istədim ki, görüm mən tək nəyəsə nail ola bilərəm? Beləliklə özümü “Sing your song” müsabiqəsində sınadım. Müsabiqədə musiqi savadımla, məktəbimlə digər iştirakçılardan fərqləndim. Bu müsabiqədən sonra anladım ki, bəli, mən tək də nəyəsə nail ola bilərəm. Solo fəaliyyətimə gəlincə isə, 2012-ci ildə ilk klipim “Sən rəssam” adlı mahnımla başladı. Gələn ildən tamaşaçılar məni daha çox görəcəklər. Yeni mahnılar və kliplər üzərində çalışıram. Hətta artıq kanallar, dövlət kanalları belə məni solo olaraq tədbirlərə, verilişlərə də dəvət edir.

- Solo fəaliyyətə başlamaq qrupu tərk etmək deməkdir?

- Qrupu tərk etmək fikrim yoxdur. Qrup mənim səsimi gündəlik məşq etdirmək üçün çox gözəl yerdir. İkincisi, “Qaya” artıq mənim evimdir. Mən evimi heç bir şəkildə tərk etmərəm. “Qaya” və mən bir vəhdətik. Mən 20 ildir ki, bu qrupun solistiyəm.

- Solo oxumağın bir sıra öhdəlikləri var. Müasir şou biznesə qatılan Şölə üzərinə düşən öhdəlikləri yerinə yetirəcək?

- Mənim öz səhnə mədəniyyətim, özümə məxsus görünüşüm və dəsti-xəttim var. Tələblərə uyğundur deyə səhnəyə çılpaq çıxmaq istəsəm də mən qəbul olunmayacağam. Mən düşünmürəm ki, formata uyğun olmaq üçün sinəni və ayaqlarını mütləq bayırda qoymalısan. Bunu etmək olar. Əgər bir klipdirsə, o da çərçivə daxilində. 24 saat çılpaq gəzmək olmaz. İnkişaf etməkdə olan şou-biznesimizdə lütlənərək səhnəyə gələn müğənnilər 1-2 aydan 1-2 ilədək yadda qalırlar. Çünki oxumağa gəldikdə onlar bunu edə bilməyəcək. Elələrinin çoxu 1 aylıq müğənnidirlər. Pulunu verir 1 ay radiolarda, efirdə olur. 1 ay tamam olan kimi hər yerdən yığışdırılır.

- Mütəmadi olaraq “Qaya” xarıcı ölkələrdə qastrol səfərlərində olur. Qrup olaraq Sizə iş təklifi gəlir?

- Əlbəttə. Son olaraq Türkiyənin məşhur bir qrupu bizimlə duet ifa etmək istədi. Polad Bülbüloğlu da orda idi. Orada razılıq olsa da, Bakıya qayıtdıqda söhbət bağlandı. Adətən xarici ölkədə olanda eyforiya yaşanır. Oxuyursan, alqışlar, hər kəs bəyənir və təkliflər gəlir. Bu təklifi axıra kimi aparmaq lazımdır. Bu tək mənə olan təklif olsaydı, mən axıra kimi gedərdim. “Qaya” isə dövlət ansamblı olduğundan hər təklifə razılıq vermir.

- 20 ildir “Qaya” dövlət ansamblının rəhbəri Rauf Babayev ilə bir yerdə çalışırsan. Onunla işləmək asandır?

- Rauf Babayevi 11 yaşımdan tanıyıram, mənim üçün bu gün heç bir çətinlik yoxdur. O, artıq mənim doğmamdır. Peşəkar insani keyfiyyətlərindən söhbət gedirsə bir qədər qəliz, tələbkar insandır. Mahnının kiçik hissəsini günlərlə məşq edirik. Təki o istəyən səslənmə olsun. Konsert öncəsi çox həyəcan keçirdiyindən aqressiv olur. Konsert bitdikdən sonra əhvalı yüksəlir. Hər şey unudulur, hələ üstəlik, hər birimizi öpür (gülür).

- Şölə, qalmaqallı ifaçı olmasanız da, amma Elza Seyidcahanla aranızda nə isə olub. Niyə onun tərzini qəbul etmirsiniz?

- Mən onu bir insan kimi çox istəyirəm. Bu süni ifadə deyil. Çox pozitiv aurası var. Dəfələrlə konsertlərdə rastlaşırıq, hətta, bir masa arxasında duz çörək də kəsmişik. Amma gəlin bir şeyi etiraf edək ki, səhnə və insaniyyəti ayrı-ayrı yerə bölsək, səhnədəki Elza xanımı bir çox tamaşaçı qəbul etmir. Məsələn, Elza xanım bir ara maşın, maşın deyərək “Maşın” mahnısı yazırdı. Bu mahnı qəbul olunmurdu. Bəlkə illər keçəcək qəbul olunacaq. Necə ki, vaxtı ilə Vaqif Mustafazadəni caz ifa edərkən qəbul etmirdilər. Lakin 30-40 il keçdikdən sonra o, Azərbaycanda cazın atası hesab olunur. Bəlkə Elza xanım da 30 ildən sonra bu qeyri standart mahnıları ilə bəstəkarlığın kraliçası olacaq. Bunu deyə bilmərəm. Amma bu gün onun mahnılarını, görünüşünü adi tamaşaçı qəbul etmir. Mən onunla heç vaxt qalmaqal etmək fikrim olmayıb. Hətta əməkdar artist adı alıb. Elə bilirdim ki, müğənni olduğu üçün bu adı alıb. Bəstəkar kimi olsa belə, bəlkə də onun klassik əsərləri var. Mən dəqiq bilmirəm. Ona qalsa gül kimi bəstəkarlar var, Nailə Mirməmmədli, Aygün Səmədzadə, Elza İbrahimova... Bu insanlar niyə ad almırlar? Elza İbrahimovanın mahnıları klassik estradanın hitləridir. Ona görə belə baxanda ad almaq artıq göstərici deyil. Həm də xarici ölkələrdə fəxri adlar yoxdur. Sadəcə postsovet ölkələrində belə adlar var. O qədər ad alan insanlar var ki, onlara bu adlar niyə veriliib heç kəs bilmir. Bəlkə də Azərbaycanda da bu adlar ləğv olunacaq. Sevgi adla ölçülmür.

- Şölə, solo olaraq qarşıdakı ildə səndən hansı yenilikləri gözləyək?

- 2015-ci ildə bir neçə yeni mahnım olacaq. İlk olaraq bəstəkar Gövhər Həsənzadə və Yaşar Baxışla əməkdaşlıq edəcəyəm. Bu mahnıya mütləq klip də çəkdirəcəyəm. Bundan başqa, digər mahnılarım da olacaq. Bu artıq solo fəaliyyət göstərdiyimdən tələbata çevrilib.

- Duet oxumaq fikriniz var?

- “Sevən ürəklər” qrupu və Anar Nağılbazla duetim olub. Hər iki duetə klip də çəkilib. Lakin hər iki duetimi Rauf Babayev tənqid etdi ki, sən duet oxumamalısan. Səbəb isə mənim qrupun solisti olmağımla əlaqələndirdi. O, duet oxumağıma icazə vermir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm