Ərini çox sevən və ona xəyanət etməkdən yorulmayan rəssam
Bizi izləyin

Tabloid.az

Ərini çox sevən və ona xəyanət etməkdən yorulmayan rəssam

“Mən səni sevməkdən pis günümdə yanımda olmadığın vaxt imtina etdim. Özünü pis hiss etdiyində problemlərini mənimlə bölüşmədiyin üçün, qəlbini mənə açmadığın üçün imtina etdim.

“Mən səni sevməkdən pis günümdə yanımda olmadığın vaxt imtina etdim. Özünü pis hiss etdiyində problemlərini mənimlə bölüşmədiyin üçün, qəlbini mənə açmadığın üçün imtina etdim. Mən səndən mənə yalan danışdığını anladığım üçün imtina etdim. Hər səhər mənimlə oyanmaq istəmədiyini, gələcəyimizin olmadığını dərk etdiyim üçün imtina etdim.

Düşüncələrimə və dəyərlərimə dəyər vermədiyin üçün imtina etdim. Mən səndən ağrılarımı dindirə biləcək istiliyi məndən əsirgəyəndə imtina etdim...”

Altı yaşı olanda uşaq iflici keçirdi, bir ayağı şikəst qaldı. 19 yaşında yaşadığı maşın qəzası bütün həyatını dəyişdi. Onurğası və ayağında heç ara vermədən onu narahat edən bir ağrı ilə yaşamağa başladı. Və o, bundan sonra düz 32 əməliyyat keçirdi. Ağrılardan qurtulmaq üçün rəsm çəkməklə, yaradıcılıqla məşğul olmağa başladı.

1938-ci ildə Nyu Yorkda keçirdiyi şəxsi sərgi ona uğur və şöhrət gətirdi. 1939-cu ildə keçirilən Paris sərgisi ilə isə o, artıq məşhur rəssam kimi tanındı. 1953-cü ildə Meksikada şəxsi sərgisini keçirdi. Bir neçə ay sonra sağ ayağını kəsdilər. Düz bir il sonra 1954-cü ilin iyul ayının 13-də ağciyər xəstəliyindən vəfat etdi. Ardında qoyduğu son əsər “Yaşasın Həyat” tablosu oldu...

“Dieqoya aşiq oldum, ailəm buna qarşı çıxdı. Çünki Dieqo kommunist idi. Bizim izdivacımızı göyərçinlə filin evliliyi ilə müqayisə edirdilər. Bütün bunlara baxmayaraq, 21 avqust 1929-cu ildə evləndik. Atam Dieqoya bunları dəfələrlə təkrar etdi: “Qızımın xəstə olduğunu, həyatı boyu xəstəliklərlə və müalicə ilə yaşayacağını, gözəl olmasa da, ağıllı olduğunu yadınızdan çıxarmayın”. Elə toyumuza da ondan başqa heç kim gəlmədi”.

Frida 1907-ci ilin 6 iyulunda Meksikada Macar yəhudisi fotoqraf Vilhelm Kahlonun ailəsində dörd qızdan üçüncüsü olaraq dünyaya gəlib. Gələcəkdə Kahlo doğum gününü 6 iyul 1907-ci ildə deyil, Meksika inqilabının baş verdiyi tarixdə – 7 iyul tarixində qeyd edəcəkdi. Çünki yaşamının 1910-cu ildə baş verən Meksika inqilabından sonra müasir Meksikanın doğumu ilə başlamasını istəyirdi.

Fridanın dünyaya gəlməyindən qısa müddət sonra anası xəstələnir və qızına süd verə bilmir. Bu səbəbdən Fridaya qızıldərili bir süd anası tapırlar. Bunun balaca qızcığaza heç bir təsiri olmayacağını düşünürdülər, amma illər sonra Frida çəkdiyi əsərlərdən birində öz süd anasını təsvir edəcəkdi...

Anasını zərif, ağıllı, qayğıkeş olmaqla yanaşı, həm də qatı dindar olaraq təsvir edən Fridanın atası ilə münasibətləri hər zaman soyuq olub. Altı yaşında uşaq iflici keçirən Fridanın ayağındakı problem ucbatından ona “taxta ayaq Frida” deyilməsinə nifrət edirdi.

Kahlo Frida üç bacısı olmasına baxmayaraq oğlan uşağı kimi böyüyüb və məktəb illərində də ən çox oğlanlarla dostluq edib. Məktəbdə seçilən şagird olan Frida keçirdiyi iflicdən sonra tibb üzrə oxumaq qərarına gəlir. Orta təhsilini başa vurub Meksika Milli Məktəbinin tibb fakültəsinə daxil olanda bir ilkə imza atdı. Fridaya qədər bu fakültəyə yalnız oğlanlar qəbul olurdu. Gələcəkdə Meksikanın mühüm simaları olacaq şəxslərlə – Alehandro Qomez, Joze Qomez Robleda, Alfonso Villa ilə birlikdə oxuyurdu. Anarxist bir ədəbiyyat qrupuna üzv olan Fridanın həyatı keçirəcəyi maşın qəzası ilə dəyişəcəkdi.

17 iyul 1925-ci il tarixində dostu Alehandro Qomezlə birlikdə avtobusla məktəbdən qayıdan Fridanı müsibət gözləyirdi. İçində olduqları avtobus bir tramvayla toqquşur. Çoxsaylı sərnişinlərin həyatını dəyişməsi ilə nəticələnən bu qəzada Frida da çox ağır yaralanmışdı. Sərnişinlərin tutduğu qalın metal çubuqlardan biri Fridanın qarnından girib, bel onurğalarını zədələyərək belindən çıxmışdı. Qabırğalarında və ayağında sınıqlar əmələ gəlmişdi. Yaşama şansı olmadığını görə qəza əsnasında Fridaya heç diqqət ayıran olmamışdı. Sözügedən qəza ilə bağlı Frida sonradan bunları deyir:

“Mənim vaxtımda avtobuslar heç etibarlı deyildi. Hələ yeni istifadə verilmişdi, tramvaylar boşalmışdı. Alehandro Qomez Ariasla avtobusa mindim. Qısa zaman sonra mindiyimiz avtobusla bir tramvay toqquşdu. Çox qəribə toqquşma idi bu. Şiddətli deyildi, ağır və yavaş idi. Hər kəsi sarsıtmışdı. Məni daha çox sarsıtdı. Çünki ondan öncə başqa bir avtobusa minmişdik. Amma balaca çətirimi unutduğumu gördüyüm üçün avtobusdan onu axtarmaq üçün düşdük. Məni bədbəxt edən avtobusa sonra mindik. Bu qəzada insanların ah-nalə çəkdiyi, ağladığı yalandır. Gözümdən bir damcı da yaş düşməmişdi, qəzanı hiss etməyə vaxtımız olmadı. Dəmir çubuq qılıncın bir buğanı parçalaması kimi bədənimi deşib keçdi...”

Təcili yardım maşını gəlib yaralıları Dəmir Xaç xəstəxanasına aparanda Fridanın onurğasının, bel hissəsində üç nöqtədə sınıqların olduğu, üçüncü və dördüncü qabırğalarının sındığı məlum oldu. Fridanın sağ ayağı on bir yerdən qırılmış, əzilmiş, sol çiyni çıxmışdı. Həkimlər bu xəstənin yaşamayacağını düşünürdülər. Parçalara ayrılmış bu qızı bir yerə yığmaq lazım idi. Xəstəxanaya gətirildiyi gündən düz bir ay sonra ordan çıxır. Buna baxmayaraq, yataq həyatı yaşayır. Bütün həyatı yataqda, xəstəxanalarda, həkimlərin əhatəsində keçir. Onurğasında və ayağında heç ara vermədən onu incidən ağrı var idi. 32 dəfə əməliyyat olunan Fridanın sağ ayağı qanqren olduğu üçün kəsilir. Fotoqraf atasının işləri get-gedə pisləşir, maddi problemlər yaşanırdı. Fridanın müalicəsinə pul tapmaq üçün atası evdəki dəyərli əşyaları satmaq qərarına gəlir. O, sahib olduğu hər dəyərli əşyanı satır. Bircə onun üçün böyük əhəmiyyət kəsb edən pianosundan və kitablarından başqa. Cənab Kahlo yatalaq qızını həyata qaytara bilmək üçün əlindən gələni edirdi. Fridanın özünü görə bilməsi üçün otağın tavanına bir ayna asmışdı. Parçalanmış bədənini aynada görəndə böyük şok keçirən Frida sonradan buna öyrəşməyə başlamışdı. O, rəsm çəkəndə aynada özünə baxıb çəkməyə başlayır. Ağrılarını unuda bilmək üçün aramsız şəkil çəkən Frida yaratdığı ilk əsərini birinci sevgilisi Alehandroya hədiyyə etdi. Ancaq cütlüyün münasibətləri sonlanmışdı. Ailəsinin təkidi ilə şəkil çəkməyi davam etdirən Frida artıq yavaş-yavaş sağalmağa başlamışdı. 1927-ci ilin sonunda o, artıq gəzirdi. 1929-cu ildə Frida Meksika Kommunist Partiyasına üzv olur.

Yaradıcılığını davam etdirən Frida məşhur rəssam, “Meksikalı Mikelancelo” – Dieqo Rivera ilə tanış olmaq istəyirdi. Dieqonun onun çəkdiyi əsərlərlə bağlı nə deyəcəyini bilmək istəyirdi. O, rəssamla ilk görüşündə Dieqoya aşiq olur və 1929-cu ilin 21 avqustunda onlar ailə həyatı qururlar.

Evliliklərinin ilk ilində Frida hamilə qalır, lakin aralarında mövcud olan problemlər ucbatından o, uşağı aldırır. 1930-cu ildə cütlük Amerikaya köçür. Bu köçün əsas səbəbi Riveranın ABŞ-dan aldığı sifariş rəsmlər idi. Amerikaya köçdükdən bir müddət sonra Frida həyat yoldaşının həyatında başqa qadınların da olduğunu öyrənir. Çoxsaylı mübahisə və savaşlar 1939-cu ildə cütlüyün boşanması ilə nəticələnir. Lakin bir il sonra – 1940-ci ildə yenidən evlənən cütlük ABŞ-ı tərk edir və Fridanın uşaqlığının keçdiyi “Mavi ev”ə köçür. Bu vaxt Rivera sürrealist rəssam Andre Bretonun köməkliyi ilə Nyu Yorkda sərgi açmağa müvəffəq olur. Bu sərgidə Fridanın əsərləri də nümayiş olunur və məşhur aktyor Edvard Robinson Kahlo Fridanın dörd tablosunu alır. Bu sərgi ilə beynəlxalq şöhrətə qovuşan Frida 1939-cu ildə yeni bir sərgi açır. Luvr muzeyi Fridanın “Çərçivə” adlı rəsmini məhz bu sərgidən alır.

Fridanın evlilik boyu müxtəlif kişilərlə münasibəti olub. Rus inqilabının öndəgedən simalarından biri olan Lev Trotski ilə görüşən Frida Trotskinin arvadının bundan xəbər tutmasından sonra ondan ayrılır. Trotskinin başına gələn sui-qəsddən sonra polis tərəfindən sorğulananlardan biri də Frida idi.

Yaşadıqları problemlərə, bir-birinə etdikləri xəyanətlərə baxmayaraq Dieqo Frida üçün böyük əhəmiyyət kəsb edirdi: “Başlanğıc Dieqo... Uşağım Dieqo... Rəssam Dieqo... Atam Dieqo... Oğlum Dieqo... Sevgilim Dieqo... Ərim Dieqo... Dostum Dieqo... Anam Dieqo... Mən Dieqo... Kainat Dieqo...”

kult.az
Oxumağa davam et
Reklam
Reklam

Gündəm