Azərbaycanlı qadınlar ən çox hansı estetik əməliyyatları etdirirlər?
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı qadınlar ən çox hansı estetik əməliyyatları etdirirlər?

Döşü və qarnının ağırlığından özlərini saxlaya bilməyib üzüstə yıxılanlar var

Bakıda estetik plastik əməliyyatlarda yeni üsulun tətbiqinə başlanıb. Burnun xəbəri olmadan burnu əməliyyat edir, formasını dəyişirlər. Özü də bunu elə edirlər ki, əməliyyat olunduğu hiss olunmur. Yeni üsulu tətbiq etməyi bacaran cərrahlar elə dünyada da barmaqla göstərilir. Onlardan biri isə azərbaycanlıdır...

Tabloid.az-ın müsahibi uzman həkim Vüqar Ələkbərovdur.

- Türkiyədən qayıtmısız... Nə ilə əlaqədar getmişdiniz?

- Ayda bir dəfə Türkiyəyə gedirəm. Orada da əməliyyatlara girirəm, konfranslara, elmi toplantılara qatılıram. Beynəlxalq həkim heyəti ilə birgə sınaq əməliyyatlarımız olur. Hər hansı problem üzərində müzakirələr aparırıq. Bu dəfə də elmi araşdırma məqsədi ilə getmişdim. Həm də əməliyyat vardı.

- Əməliyyat elmi araşdırma ilə əlaqəli idi?

- Bəli. Üz estetikasına aid əməliyyatlarda yeni üsulları tətbiq etdik. İtaliyadan da cərrahlar gəlmişdi. Türkiyədə bu sahədə ixtisaslaşmış cərrahlarla birgə əməliyyatlar həyata keçirib nəticələrini təhlil etdik. Başqa sözlə, son əməliyyatlarımız bir neçə xəstə üzərində ilk dəfə sınaqdan keçirdiyimiz üsullar idi. Həmin üsulları Bakıda da tərbiq eləməyə çalışacam.

- Sirr deyilsə, söhbət nədən gedir? Sınaqdan çıxardığınız bu üsul nədən ibarətdir?

- Təbii formalı burun əməliyyatlarından söhbət gedir. Şişmə, göyərmə olmadan, mümkün olduğu qədər az travma ilə keçirilən əməliyyat üsullarıdır. Əməliyyat zamanı travma verməməyə çalışaraq, dəridəki subperikondrial, subperiostal təbəqənin altından keçib “burnun xəbəri olmadan” burun əməliyyatı edirik. Sümükləri, qığırdaqları çəkiclə, zubillə qırıb tökmədən, əyilmiş qığırdaqları çıxarıb atmadan, yerindəcə düzəldirik. Xəstə elə həmin gün çıxıb evinə gedir. Bu əməliyyatlarda burunda heç bir iz qalmır. Qapalı əməliyyatlar əvvəllər də olurdu. Ancaq cərrah bunu toxumaları görmədən edirdi. Mənim həyata keçirdiyim qapalı əməliyyatda isə istər monitorda, istərsə də, işıqla hər şey görünür. Burun deşiyindən daxil olub açıq əməliyyatda olduğu kimi, görərək işləyirəm.

- Həm qapalı, həm də görərək... Bu, necə olur?

- Burun dəliklərindən qığırdaqlar çölə çıxarılır. Onlara forma verilir, düzəldir və burun deşiklərindən onları içəri geri qaytarırıq. İndi qarşımızdakı əsas məqsəd əməliyyat olunduğu hiss olunmayan, hətta cərrahların belə tanımayacağı burun əməliyyatlarıdır. Süd vəzinin estetikasında da süd vəzilərinə, ümumiyyətlə, zərər vermədən əməliyyat həyata keçiririk. Əməliyyatdan dərhal sonra qadın uşaq əmizdirir, hissiyyatı ölmür. Bunlar çox önəmlidir.

- Dünyada neçə ildir bu əməliyyat aparılır?

- Bu əməliyyatı edən bir necə cərrah var. Türkiyədə də bunu edə bilən yeganə cərrah Barış Çakırdır, mən də ondan öyrəndim. Dünyada bunu bacaran bir neçə cərrahla tanış olmaq, onlarla əməliyyatlara girmək mənim şansım idi. Öz üzərimdə də işlədim. Nəticədə bu əməliyyatı ən yüksək səviyyədə həyata keçirə bilirəm.

- Əməliyyatların fərqi nədir?

- Əslində bu, bir nüfuz məsələsidir. Təbii ki, mənim etdiyim açıq əməliyyatda da 15-20 gün ərzində kəsik izləri sağalır və heç bir iz qalmır. Burnun yan tərəflərindən kəsmirəm, yalnız burun ucunda kəsik olur. 1 ay sonra, demək olar ki, heç nə bilinmir. Odur ki, açıq və ya qapalı əməliyyatın fərqi ancaq prestij məsələsidir. Hansı əməliyyatı seçəcəyinə də xəstə qərar verir. Burada yalnız qiymət fərqi var.

- Qiymətlər neçəyədir?

- Qiymət demək istəmirəm. Yalnız onu deyə bilərəm ki, 1000 manata yaxın qiymət fərqi var.

- Hər iki əməliyyatın nəticəsi təbii görünüşə malik burun olur?

- Əlbəttə. Bir ay sonra kəsik izi çətinliklə görünür, burun isə tam təbii görünür. İndi beynəlxalq konfranslarda ən çox danışılan mövzu məhz budur. Cərrahlar qarşısında qoyulan tələb belə olur ki, burna forma verəcəksinizsə, təbii olmalıdır, əməliyyat olunduğu anlaşılmamalıdır. O burnun əməliyyat olunduğunu hətta plstik cərrah da anlamamlıdır.

- Xəstəyə hansını təklif edirsiniz?

- Bir həkimlə xəstə arasında ən önəmli məqam qarşılıqlı münasibətdir. Yəni, xəstənin istəyi ilə əməliyyatın nəticəsinin üst-üstə düşməsi lazımdır. Xəstə əməliyyatdan sonra özünü xoşbəxt hiss etməyəcəksə, həmin əməliyyat olmamalıdır. Xəstənin hər istədiyini də etməmək, lazım gələndə, onu yolundan döndərmək lazımdır.

- Xəstəni nə zaman əməliyyatdan vaz keçirirsiniz?

- Bəzən müraciət edənlər özlərində mənasız yerə qüsur axtarırlar. İş tapa bilmir, ya da ərə gedə bilmir, və ya əri sevmir. Onlar isə həyatlarındakı uğursuzluqların səbəbini məhz özlərində axtarırlar. Təbii ki, belə xəstələri əməliyyata deyil, psixoloqa göndəririk. Psixoloq yardımından sonra xəstə də anlayır ki, üzündə, ya da burnunda gördüyü qüsur onun uğursuzluğunun səbəbi deyil.

- Adətən, qadınlar depressiyaya düşəndə saçını kəsdirər, boyadar, çoxlu alış-veriş edər. Maraqlıdır, depressiyaya düşən qadınların hansı orqanları gözlərinə pis görünür?

- Azərbaycanla digər xarici ölkələr arasında fərq var. Bizdə, adətən, estetik əməliyyatlara məcburiyyətdən girirlər. Hətta yaşlı xanımlar estetik cərraha nadir hallarda müraciət edirlər. Türkiyə isə daha çox avropalaşmış ölkə olduğundan orada estetik əməliyyatlara hər qadın müraciət edə bilər. Hətta 40 yaşdan yuxarı olanlar mütləq üzdartma, süd vəzinin dikləşdirilməsi, sallanmış qarın nahiyəsinin düzəldilməsi kimi əməliyyatlara ehtiyac hiss edir. Bu, Türkiyədə dəbə çevrilib. Bu yolla baxımlı qadınlar zaman keçdikcə güzgüyə baxanda yaşlandığını görüb depressiyaya düşmürlər. Azərbaycandakı yaşlı qadın xəstələrimiz daha çox artıq çəki və çox uşaq doğmağın nəticəsində yaranan problemlərdən əziyyət çəkənlər olur. Belələrində qarın yağlanması, döşlərin böyüməsi, 50 yaşdan sonra ürək-damar sistemində çatışmazlıqlara səbəb olur. Bu çatışmazlıqlar nəticəsində təzyiqin yüksəlməsi, ağırlığın onurğa beyninə təsiri onları narahat etməyə başlayır. Əməliyyat edib 15 kiloya yaxın yağ və artıq dərini götürürük. Bununla da insanın üzərindən xəstəlik yükü götürülür, həyat keyfiyyəti artır. Yaşlı insanlar göz qapaqlarının sallanması problemi ilə də qarşılaşır. Bəlli bir yaşdan sonra göz qapaqları elə sallanır ki, görmələrinə mane olur. Hətta qarşısını görmək üçün başlarını qaldırmalı olurlar. Elə xanımlar var ki, qarnı böyük olduğu üçün corabını geyinə bilmədiyindən şikaytlənir. Hətta döşü və qarnı böyük olduğu üçün əyiləndə ağırlıqdan özlərini saxlaya bilməyib üzüstə yıxılanlar da var. Bir sözlə, xəstələrimiz əsasən, bədənlərində olan qüsurlara görə məcbur olub müraciət edirlər. Çünki o qüsur üzündən ailəsi dağılma təhlükəsi ilə qarşı-qarşıya olur. Hamiləlikdən sonrakı çatlar, doğuşdan sonrakı izlər, qarın sallanmaları, döşün formasının dəyişməsi və s. ailədə ciddi problemlərə, münaqişələrə yol açır. Belə xəstələrin bəziləri, hətta 60-70 faizi elə həddə çatır ki, əməliyyata həyat yoldaşlarından gizlin girirlər. Əri aldadır, sevmir deyə öz qüsurlarını həm də beynində, düşüncələrində dərinləşdirirlər.

- Hər halda problem olur... Mənasız problem sayılmır belələrininki...

- Bəli. Qüsuruna görə biri-birini sevməyən insanlar çox olur. Elə gənc kişilər arasında da belələri var. Saçı töküldüyü üçün özünü pis hiss edən və bəyənilmədiyini düşünən kifayət qədər kişi var. Saçlarının vaxtsız tökülməsi onlarda sosial fobiya yaradır. Biz belələrinə saç əkəndn sonra onlar başdan ayağa dəyişirlər. İdmana gedir, iş axtarır, cəmiyyətdə fəallaşırlar. Bu barədə məqaləm də vardı. Hesab edirəm ki, estetik əməliyyatla insanın ruhunu da müalicə edirik. Çünki hər əməliyyatdan çıxan depressiyadan çıxır, daha fəal bir insana çevrilir. Özünü xoşbəxt hiss edir.

- Ancaq bu da əməliyyatın nəticəsindən asılıdır, axı... Uğursuz əməliyyatdan sonra insan özünü necə xoşbəxt hiss edər?

- Elədir.

- Uğursuz əməliyyatınız olubmu?

- Əlbəttə olub. İnsan səhvlərindən nəticə çıxara-çıxara öyrənir.

- Bəs, uğursuz nəticədə xəstənin orqanizmi, dərisi nə qədər rol oynayır? Məsələn, sağalma prosesi, ya sişmə və ya göyərmə xəstənin dərisinin qalın və ya incəliyindən asılıdırmı?

- Xeyr, elə bir şey yoxdur. Göyərmə travmanın nəticəsidir. Travma ilə aparılan istənilən əməliyyatdan sonra şişmə, göyərmə olmalıdır. Yeni üsulla əməliyyatlarda isə bunların heç biri yaşanmır.

- Şou-biznes sahəsində dəb halını alan estetik əməliyyatlardan çox danışılır. Yəqin onlar üzərində müşahidələr aparırsınız.

- Məşhurlarımızdan mənim də əməliyyat elədiklərim olub. Ancaq əksəriyyəti xaricdə əməliyyat olunurlar. Əməliyyat üçün xaricə üz tutmaq 7-8 il əvvəldən dəb halını alıb. Elə bu il də 2 milyona yaxın insanın bu məqsədlə xaricə getmək üçün qeydiyyatdan keçdiyi bildirilir. Artıq Azərbaycanda bütün sahələrdə inkişaf var. Hər sahədə tanınmış mütəxəssislərimiz işləyir. Müalicə və əməliyyat üçün xaricə üz tutmağa ehtiyac yoxdur. Məsələn, estetik cərrahiyyədə artıq 1 ildir ki, kompleks əməliyyatlar həyata keçirirəm. Bir neçə əməliyyatı eyni vaxtda edirəm. Buna birləşmiş estetik əməliyyat deyirlər. Döş, qarın, üz dartma, göz qapağı, yağların götürülməsi eyni vaxtda əməliyyat edilir. 15 saatdan artıq əməliyyat gedir və uğurlu nəticələr əldə edirik. Bu, bir il əvvəl mümkün olmurdu. Ancaq indi bu və digər əməliyyata görə xaricə getməyə ehtiyac yoxdur.

- Azərbaycanda özünüzün klinikanızı açmaq fikriniz yoxdur?

- Bu, mənim ən böyük arzumdur. Hazırda həm Azərbaycanda, həm Tükiyədə fəaliyyət göstərirəm. Təbii ki, hər cür xidmət edə biləcəyimiz bir xəstəxana qurmaq istəyirəm. Bilirsiniz ki, gözəllik cərrahiyyədən ibarət deyil. Həm kosmetologiya, həm cərrahiyyənin birləşdiyi bir mərkəz arzulayıram. Əminəm ki, yaxın gələcəkdə bu, həm tibb universitetində kafedra şəklində, həm də özəl xəstəxanada olacaq.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm