Oliviya Palermo ideal toy haqqında: "Belə bir ifadəni unudun” - MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin2

Oliviya Palermo ideal toy haqqında: "Belə bir ifadəni unudun” - MÜSAHİBƏ/FOTOLAR

Nyu-Yorkun tanınmış modapərəsti Oliviya Palermo “Vogue” jurnalına öz toyunda geyindiyi gəlinlik haqqında danışıb.

Xatırladaq ki, bir il bundan əvvəl Oliviya Palermonun alman sevgilisi, fotoqraf və model Yohannes Xyubil Karib adalarında ona evlilik təklif etmişdi. Cütlüyün toyu iyunda Nyu-York yaxınlığında Bedford kurort şəhərciyində baş tutmuşdu. Ancaq doğmalarının qatıldığı toyunda Oliviya Palermo süd rəngli kəşmir köynək və “Carolina Herrera”-dan təmtəraqlı və yarıqlı ətək geyinmişdi. Obrazını məşhur zərgər Aleksandr Morun brilyant qaşlı sırğası və qəşəng qolbaqla tamamlamışdı. Gəlin kimi bəyin də kostyumu qeyri-ənənəvi idi.

Bu toy, əslində, əsas toyun uvertürası idi. Belə ki, bu yay cütlük yenidən təntənəli toy etməyə hazırlaşır. Toyda məşhur cütlüyün çoxsaylı qohumları və dostları bir araya gələcəklər. İkinci dəfə toy etməyin nəyi pisdir ki? Xüsusən də, dünyanın ən məşhur modapərəsti ərə gedirsə...

- Sizin Yohanneslə sevgi münasibətiniz necə başlayıb?

- Biz ümumi dostlarımızın olduğu qonaqlıqda tanış olmuşuq, bir-birimizi görən kimi aşiq olmuşduq. Bəxtimiz gətirib ki, hər ikimiz dəb sənayesində işləyirik. Səfərlərimiz də çox vaxt üst-üstə düşür.

- Əriniz sizə evlənmə təklifini necə etmişdi?

- Miladda Sen-Bartelmi adasına getmişdik. Təklifi də orada edib. Sakit gecələrin birində o mənim barmağıma üzük taxdı. Hər şey mükəmməl idi... Mən onun bu planları barədə bilmirdim, sürpriz oldu. Amma biz altı ildir ki, birlikdəyik. Nikah bizim münasibətlərimizin sadəcə, növbəti mərhələsidir.

- Nişanlanmanızı elan etmək üçün video çəkib instaqram bloqunda paylaşdınız. Bu ideya necə yarandı?

- Biz münasibətlərimizi Facebook-da elan etməkdənsə, daha orijinal nəsə etmək qərarına gəldik. Üstəlik, baş verənlərlə bağlı nə hiss etdiyimizi ifadə etmək istəyirdik. Video isə emosiyaları bölüşə bilmək üçün ən yaxşı üsuldur. Biz video-çarxda “My Head Is a Jungle” mahnısından istifadə etmişdik.

- Əslində, kəşmir köynək, cemper yubka-şort toy mərasimi üçün kifayət qədər qeyri-adi seçimdir. Siz nəyi əsas tutaraq bu qərara gəldiniz? Öz obrazınız haqqında əvvəlcədən düşünmüşdünüz?

- Mən dəqiq bilirdim ki, öz toyumda heç vaxt klassik gəlinlik paltarı geyinməyəcəm. Buna baxmayaraq, ənənələrə uyğun olaraq ağ rəngli geyimdə ərə getmək istəyirdim. Öz xarakter və fərdiliyimi detallarla üzə çıxartmağa çalışdım. Seçdiyim geyimə yaraşan tünd göy ipəkdən hazırlanmış “Manolo Blahnik” imzalı ayaqqabı seçdim. Geyimə rəng qatmaq üçün əlvan daşlarla bəzədilmiş bilərzik taxdım. Ümumiyyətlə, geyim seçimi getdiyin məkandan asılıdır, ora uyğun olmalıdır. Ona görə də dostlarımız üçün təşkil olunan növbəti mərasimdə geyinəcəyim paltar haqqında heç nə deyə bilməyəcəm.

- Gəlinlik axtarışında olan qızlara nə məsləhət görürsünüz?

- Birincisi, “Belə qəbul olunub” ifadəsini unudun getsin! Bu, sizin toyunuzdur, o başqalarının deyil, sizin arzuladığınız kimi olmalıdır! İkincisi, paltar seçimi bədən quruluşuna əsaslanmalıdır. Bədən quruluşuna münasib olmayan fasonlardan uzaq durun, onda yanılmayacaqsınız. İlham almaq üçün Marchesa, Oscar de la Renta, Dior, Chanel, Carolina Herrera kimi moda evlərinin gəlinlik və gecə paltarları kolleksiyalarını nəzərdən keçirin. Bundan sonra aksessuar və ayaqqabı üzərində fikirləşin. Və ən başlıcası, rahat olun: Moda yaradıcılıqdır. O sevinc gətirməlidir.

- Toyun əsl bayram abı-havasında keçməsi üçün nə etmək lazımdır?

- Qonaqlar vaxtının çoxunu masa arxasında keçirəcək. Ona görə də, süfrə qəşəng, maraqlı, dadlı yeməklərlə dolu olmalıdır. Güllərlə bəzədilməlidir. Çünki onlar müsbət əhval-ruhiyyə yaradırlar. Şəxsən mən pionları və zərif-çəhrayı lalələri və sakuru çox sevirəm... Təəssüf ki, sakuru yalnız Yaponiyada tapmaq olar.

- Toyunuzda ... mütləq olacaq...

- Mister Batler! O, mənim sevimli itimdir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm