Art
Bənzərsiz dünyada xüsusi yolu olan dahi azərbaycanlı: O, ölümündən əvvəl nə yazmışdı?
Sevdiyi dəniz kənarı, Bakı küləyi, Fatmayı bağı və əbədi yaşayan musiqisi... “Doğum günü keçirməyi sevməzdi. Öz ailəmiz olardı. Anam, bacım Züleyxa və mən... Onun xatirəsini yaşadan ən gözəl hədiyyə isə - hər zaman səslənən musiqisidir"...
Publika.az xəbər verir ki, bu gün dahi bəstəkar, adını nəinki Azərbaycan musiqi tariximizə, eləcə də dünya musiqi xəzinəsinə həkk edən təkrarolunmaz Qara Qarayevin doğum günüdür. Maestronun 106 yaşı tamam olur.
Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda, məşhur həkim, tibb professoru Əbülfəs Qarayev və Sona xanım İsgəndər qızının ailəsində dünyaya gəlib. Onun musiqi qabiliyyətləri çox erkən yaşlarında özünü büruzə verir. Qarayevin musiqi məktəbində ilk müəllimi incə musiqiçi və həssas müəllim Valentin Mixayloviç Kozlov olur. 1930-cu ildən gələcəyin dahi bəstəkarı Bakı musiqi texnikumunda, gözəl pedaqoq və musiqiçi, professor Q.Q.Şaroyevin rəhbərliyi altında fortepiano sinfində oxuyur. Onun ilk yaradıcılıq təcrübələri məhz bu dönəmə təsadüf edir. Yaratmaq meyli Qara Qarayevi 1935-ci ildə daxil olduğu Azərbaycan dövlət konservatoriyasının bəstəkarlıq fakultəsinə gətirib çıxarır. Orada gələcək bəstəkar professor Rudolfdan kompozisiya dərsi alır, Çumakovun rəhbərliyi altında harmoniyanı və Üzeyir Hacıbəylinin rəhbərliyi altında Azərbaycan xalq musiqisinin əsaslarını öyrənir.
1937-ci ildə Qarayev ilk iri əsərini – Rəsul Rzanın şerləri üzərinə xor, simfonik orkestr və rəqs ansamblı üçün “Qəlbin nəğməsi” kantatasını yazır. Bu kantata gənc müəllifin məşhurluq zirvəsinə aparan yolda ilk iddiası olur.
Azərbaycan xalq musiqisinin əsaslarını Üzeyir Hacıbəyovdan öyrənən Qara Qarayev sonralar Dmitri Şostakoviçin sinfində təhsil alır. Təsadüfi deyil ki, müəllimi Üzeyir bəydən sonra Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü məhz Qara Qarayev seçilir. Şostakoviç gənc bəstəkar haqqında belə deyərmiş: “Qara Qarayev mənim ən çox sevdiyim bəstəkarlardan biridir. Onun musiqisinin uğurlarının sirri isə milli ənənələri, klassik irslə, ən müasir musiqi formalarının parlaq, yalnız onun özünə məxsus tərzdə birləşdirilməsidir”.
Hər bir böyük sənətkar kimi Qarayevin yaradıcılığında da millilik özünəməxsus bir formada təzahür edir. Bəstəkarın yaradıcılığının mərkəzində onun iki parlaq əsəri - “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri dayanır.
Bəstəkarın Birinci Simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında görkəmli yer tutur. “Don Kixot” simfonik qravüraları, “Leyli və Məcnun” (Nizaminin poeması əsasında), “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, çoxsaylı filmlərə, o cümlədən “Dənizi fəth edənlər”, “Qızıl eşalon”, “Xəzər neftçiləri haqqında povest”, “Uzaq sahillərdə” və digər filmlərə musiqi bəstələyib.
Qara Qarayev opera janrında da özünü sınayıb. O, “Vətən” operasının (C.Hacıyev ilə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının müəllifidir. Bəstəkar, həmçinin Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına müraciət edərək fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yaradıb.
Bəstəkar kamera instrumental janrları ilə də maraqlanıb. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. Q.Qarayev A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, “Könül mahnısı”, “Səadət mahnısı” kantataları Azərbaycan musiqisinin gözəl nümunələridir.
Dünya şöhrətli bəstəkarın əsərləri SSRİ-nin əksər şəhərlərində, Los-Anceles, Polşa, Misir, İspaniya, İtaliya, Paris, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində uğurla təqdim olunub.
Onun məşhur bir ifadəsi var idi: “Müasir musiqidə çox yollar var. Mən sizə bu zəngin və bənzərsiz dünyanı açıram ki, öz yolunuzu seçəsiniz”.
Qara Qarayev bu yolların izi ilə gedən saysız-hesabsız tələbə yetişdirib. Vasif Adıgözəlov, Arif Məlikov, Elza İbrahimova, Xəyyam Mirzəzadə, Firəngiz Əlizadə, Fərəc Qarayev kimi peşəkarları bəxş edib Azərbaycan musiqi xəzinəsinə. Onların heç biri bir-birinə bənzəmir, lakin hamısı Qara Qarayev bəstəkarlıq məktəbinin yetişdirmələri, bu məktəbin parlaq nümayəndələridir.
Qarayev müsahibələrindən birində belə deyib:
“Mən təhsilə Bakıda Ü.Hacıbəyovdan başlamışam, Moskvada D.Şostakoviçlə tamamlamışam. Ona görə Şərq və Qərb ilk gündən məndə bir vəhdət təşkil edib. Mən sanki iki ananın oğluyam”.
Elə bu səbəbdəndir ki, hazırda Qara Qarayevin əsərləri ən yaxşı Qərb dirijorlarının konsert proqramlarında, musiqili teatrların repertuarında layiqli yer tutmaqda bu gün də davam edir.
1982-ci il bir yaz günündə, mayın 13-ü 64 yaşında Moskvada əbədiyyətə qovuşur maestro.Vətənində dəfn olunur.
Ölümündən əvvəl dediyi sözlər ən həzin və kədərli nəğmə kimi bu gün də eşidilməkdədir: “Keçdiyim yola nəzər salmayaraq dünyanı tərk etməyə hazırlaşıram, gözlərim yaşla doludur... Həyatımın ən gözəl çağında malik ola bilmədiyimi itirdim. Günəş mənim üçün işıq saçmır, külək mənim üçün əsmir, dəniz mənimlə danışmırdı. Arxaya baxmadan gedirəm, çünki geriyə dönmək ürək ağrısı qədər ağırdır. Ölüm - yeni həyatın dünyaya gəlməsidir”.
Cəmilə Hətəmxanova
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi