Faiq Qarayev: “I Avropa Oyunlarında qazanılan uğurlar 20-30 ildən sonra da xatırlanacaq”
Bizi izləyin

Bakı 2015

Faiq Qarayev: “I Avropa Oyunlarında qazanılan uğurlar 20-30 ildən sonra da xatırlanacaq”

Bakıda keçiriləcək İlk Avropa Oyunlarına hazırlaşan qadınlardan ibarət voleybol millimizin hazırkı durumunu öyrənmək üçün komandanın baş məşqçisi Faiq Qarayevlə söhbətləşdik.

Eyni zamanda Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti vəzifəsini icra edən təcrübəli mütəxəssis Avropa Oyunlarına hazırlıqlardan, həmçinin Natalya Məmmədovanı əvəz edəcək oyunçularımız barədə də məlumat verdi.

Publika.az-a müsahibəsində F.Qarayev təkcə qadınların yox, kişilərin və çimərlik voleybolçularının da hazırki durumunun normal olduğunu bildirdi.

- Komandanın təlim-məşqləri necə gedir?

- Slovakiya ilə mayın 30-da cavab oyunu olacaq. Daha sonra Slovakiyadan Sloveniyaya keçəcəyik və iyunun 7-dək orada təlim-məşq toplanışında olacağıq. Toplanış müddətində ABŞ, Xorvatiya və daha 3 yığma ilə yoldaşlıq görüşü keçirəcəyik. İyunun 8-dən isə yığma üzvləri Atletlər Kəndində məskunlaşaraq, Avropa Oyunlarının son hazırlıqlarına başlayacaqlar. Yəni, qrafik çox sıxdır. Kişilərdən ibarət voleybol milli komandamız da təlim-məşqlərini davam etdirir. Həmçinin çimərlik voleybolu üzrə millilər də Avropa oyunları üçün hazırlaşırlar, xaricdədirlər. Bir sözlə, bütün komandalarımız hazırlıq dövründədirlər.

- Bir məşqçi kimi qadınlardan ibarət milli komandamızın hazırkı durumunu necə qiymətləndirirsiz?

- I Avropa Oyunlarına hazırlıq gedir. Artıq bu mötəbər yarışa 18 gün vaxt qalıb. Ümumi vəziyyət pis deyil. Düzdür, bir az zədəlilər var. Tez sağalmaları üçün onlarla həkim heyəti ciddi məşğul olur. Hələ ki, hər şey normaldır.

Natalya Məmmədovadan başqa bütün oyunçular yığmaya cəlb olunub. 25-ə yaxın gənc voleybolçu və millinin oyunçuları toplanışdadırlar. Doğrudan da, çox çətin dövrdür. Natalya Məmmədovanın qolunda problem var, əməliyyat olunub.

- Bəs komandanın kapitanını – N.Məmmədovanı kiminlə əvəzləməyi düşünürsüz?

- Düzdür, biz onu dəvət etmək istəyirdik, amma hələ onun qolu 30-40 faiz işləyə bilir. Biz onu bu vəziyyətdə heyətə cəlb edə bilmərik. O, komandamız üçün çox şey edib. Təcrübəli oyunçudur, istəyirik ki, ondan faydalanaq.

"Volero"da bir oyuna çıxa bilər, amma belə uzun marafonda sıx qrafikə dözə bilməz. Bu gün bir oyunçu gəlib komandaya 60-70 faiz kömək edə bilmirsə, məncə, onu yığmaya çağırmaq düz olmaz. Allah eləməsin, gəlib burada zədə almasını, karyerasını qurtarmasını istəmirəm. Klubda oynaya bilər. Klub yarışları bir az zəif olur. Onun hələ 2-3 ayı var. Sonra yenidən müalicə olunacaq və Amerikaya qolunu göstərmək üçün yola düşək. Biz onu bu qrafikə qatsaq, nəticəsi pis olar. Ona görə də Məmmədova Avropa Oyunlarında oynamayacaq. İstəyirik o daha da hazırlansın, Avropa Oyunlarından sonra baş tutacaq Avropa Çempionatınının finallarında çıxış etsin. Məncə, onun yoxluğu bir o qədər də təsir etməyəcək. Yenə deyirəm, əgər o, tam hazır olsaydı, yığmaya kömək edə bilərdi. Təbii ki, Natalya Məmmədovanın yerinə oyunçularımız var. Yana Ağayeva, Odina Əliyeva, Valeriya Korotenko kimi bir çox güclü oyunçularımız var.

- İllərdir peşəkar idmanın içindəsiz. Nə düşünürsüz, Avropa Oyunları idmançılarımıza necə təsir edəcək?

- Avropa Oyunları hər bir idmançı üçün, bizim üçün bir röyadır. Belə ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim hamımızın xəyalı, arzusu idi. Biz cənab prezidentə minnətdarıq ki, bu cür turnirin ölkəmizdə keçirilməsi üçün hər şəraiti yaradır, idmançılar üçün böyük bayram təşkil edilir. Bu mötəbər turnirdə çıxış etmək hər bir idmançı üçün tarixə yazılacaq bir hadisədir. I Avropa Oyunlarında qazanılan uğurlar 20-30 ildən sonra da xatırlanan bir tarixdir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm