Qadın onu öldürmək istəyən keçmiş ərinin ayaqlarını sındırdı - Gədəbəydə ŞOK OLAY
Bizi izləyin

Kriminal

Qadın onu öldürmək istəyən keçmiş ərinin ayaqlarını sındırdı - Gədəbəydə ŞOK OLAY

Gədəbəy rayonunda 1987-ci il təvəllüdlü Rəqsanə ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Nemətə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə ötən il dekabrın 2-də Gədəbəy rayonunun kəndlərindən birində baş verib.

Rəqsanə atasına məxsus fərdi yaşayış evinin qarşısında kürədə çörək bişirən zaman keçmiş əri həmin ünvana gəlib. Nemət qızını özü ilə yaşadığı evə aparmaq və yenidən Rəqsanə ilə barışmaq, bir ailə kimi yaşamaq istədiyini bildirib.

Onların arasında buna görə mübahisə yaranıb. Rəqsanə odun parçası ilə Nemətin bədəninin müxtəlif nahiyələrinə vurub və ona çoxsaylı bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Rəqsanənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəqsanə ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nemətlə 2004-cü ildə rəsmi qaydada evləniblər: “Lakin aramızda tez-tez narazılıq yarandığı üçün Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə rəsmi qaydada boşandıq. Mən hazırda atam, anam, qızımla birgə yaşayıram. Nemətlə boşanmağıma səbəb onun mütəmadi olaraq spirtli içki içməsi və məni döyməsi olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2010-cu ildə rəsmən boşanıblar: “Lakin iki il sonra yaxın qohumlarımızın təkidi ilə onunla yenidən evləndik. Buna baxmayaraq, yenə də aramızda tez-tez narazılıqlar oldu. Nəhayət, 2020-ci ilin aprelində Nemətdən ayrıldım və atamın evinə getdim. Daha sonra məhkəməyə müraciət etdim. Məhkəmənin qərarı ilə qızım mənim himayəmə, oğlum isə Nemətin himayəsinə verildi”.

Rəqsanənin sözlərinə görə, boşandıqdan sonra Nemət dəfələrlə atasının evinə gəlib və onu döyüb: “İkinci dəfə boşandıqdan sonra da Nemət məni tez-tez narahat edirdi. Məni öldürməklə və üzümə kislota tökməklə hədələyirdi. Hətta qardaşımı da söyüb təhqir eləmişdi. Kənd sakinləri arasında ünvanıma nalayiq ifadələr işlədirdi”.

Təqsirləndirilən şəxs bildirib ki, 18 oktyabr 2021-ci ildə Nemət kəndin mərkəzində atasının avtomobilini daşla vuraraq ona ziyan yetirib və şikayət əsasında cərimələnib: “Evimizin qarşısında çörəkbişirmə külfəsi var. Nemət oranı da yandıracağını bildirdi. Mən çörək bişirib satmaqla dolanmışam. Hətta Nemət mağaza sahiblərini də çörəyimi satmaması üçün hədələyib. Nemətin bu hərəkətləri məni təngə gətirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə evlərinin qarşısında yerləşən külfədə çörək bişirirmiş: “Bu zaman səs eşitdim. Sonra ayaq səsləri eşitdiyim üçün bayıra çıxdım. Nemətin əlində bıçaq üzərimə gəldiyini gördüm. Bunu görəndə qızım Nemətin qarşısına keçdi. Məni vurmasına imkan vermədi. Mən isə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq məlumat verdim.

Qızım da atasına yalvararaq məni vurmamasını dedi, qapını bağladı. Nemət bundan sonra oradan getdi. Hadisə barədə məlumat verdiyim üçün polis əməkdaşları yaşadığımız ünvana gəldi və hadisə ilə bağlı izahat aldılar”.

Rəqsanənin ifadəsinə görə, həmin gün saat 21 radələrində qızı ilə çörək bişirirmiş: “Külfəni qalamaqdan ötrü odun gətirmək üçün bayıra çıxdım. Bu zaman Nemətin bir əlində butulkada benzin, digər əlində isə bıçaqla oraya gəldiyini gördüm. Danışığından və hərəkətlərindən sərxoş vəziyyətdə olduğunu gördüm. Külfəni qalamaq üçün istifadə etdiyim təxminən bir metr uzunluğunda odunlardan götürərək içəriyə keçmək istədim.

Nemət “səni yandıracağam, öldürəcəyəm” deyərək söyüşlər söydü, üzərimə cumdu. Bu zaman əlimdəki odun parçası ilə Nemətin başından bir zərbə vurdum. Nemət ona dəyən zərbənin təsirindən və sərxoş olduğu üçün müvazinətini itirərək yerə yıxıldı. Bundan sonra Nemətin ayağa qalxaraq məni öldürəcəyindən qorxdum. Ayağından və digər yerlərindən dəfələrlə vurdum. Bu zaman atam səs-küy eşitdi, oraya gəldi. Əlimdəki odun parçasını alaraq kənara atdı.

Daha sonra Neməti yerdən qaldırmaq istədik. Onun ayaqlarının sındığını gördük. Bundan təxminən on dəqiqə sonra anam və dayım oğlu da ora gəldilər. Birlikdə Nemətin əl-üzünü yuduq. Təcili tibbi yardım avtomobili ilə onu Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yola saldıq”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə Rəqsanənin barəsində Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü (şərti məhkum etmə) maddəsini tətbiq edib.

Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm