Özünü polis kimi təqdim etdi - DƏLƏDUZUN İFŞASI
Bizi izləyin

Kriminal

Özünü polis kimi təqdim etdi - DƏLƏDUZUN İFŞASI

Mingəçevir şəhərində saxta sənədlərlə bankdan kredit götürmək istəyən şəxs ifşa edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Mingəçevirdə yerləşən “Bank Respublika”nın filialına yaxınlaşaraq 10 min manat kredit götürmək istəyən Ağcabədi rayon Pərioğullar kənd sakini 1981-ci il təvəllüdlü Samir Məmmədovun sənədlərinin saxta olması müəyyənləşib.

Belə ki, filiala gələn Samir kredit mütəxəssisinə keçmiş polis əməkdaşı olduğunu, DİN-in Baş DYP İdarəsindən pensiyaya çıxdığını və hazırda 923 manat aldığını deyib. O, banka çıxarış və pensiya vəsiqəsini təqdim edib.

Samir Məmmədovun özünü şübhəli aparması səbəbindən təqdim etdiyi sənədlər Bakıya göndərilib. Aparılan araşdırma zamanı həmin şəxsin ümumiyyətlə polis sistemində heç vaxt işləməməsi Ağcabədidə fəhlə kimi çalışması məlum olub.

Bundan sonra Samir banka dəvət edilsə də, o, saxta sənədlərə görə tutulacağını düşünərək banka getməyib.

Daha sonra Samir Məmmədov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 320-ci (sənədlərin saxtalaşdırılması) maddəsi ilə cinayət işi açılıb. O, ifadəsində törədiyi əməli etiraf edib və saxta sənədləri Fərid adlı şəxsdən aldığını deyib:

“Heç bir yerdə rəsmi olaraq işləmirəm, gündəlik dolanışığım fəhləlik etməkdən çıxır. Fəhlə tanışım Hüseynlə birlikdə Zərdab rayonuna maşınlara ot yükləməyə gedəndə söhbət əsasında ona evimi təmir etmək istədiyimi, buna görə də pula ehtiyacımın olduğunu demişdim. Lakin heç bir yerdə rəsmi olaraq işləmədiyim üçün kredit də götürə bilmədiyimi, bu səbəbdən də çarəsiz qaldığımı dedim. Hüseyn dedi ki, Fərid adlı bir şəxs bankdan kredit götürülməsi üçün bütün qaydaları bilir və rayonda bir neçə adama bankdan kredit götürülməsində köməklik edib. Bundan sonra Fəridi tapdım, onun nömrəsi xarici nömrə idi, whatsapp proqramı vasitəsilə danışdıq. Daha sonra Hüseynlə Mingəçevir şəhərinə gedib çayxanaların birində Fəridi gözlədik. Təxminən 1.70 boylarında, təxminən 23-25 yaş arası, üzündə bir az saqqal olan arıq oğlan gəldi. Özünü Fərid kimi təqdim edən şəxs bir ədəd qırmızı rəngdə pensiya vəsiqəsi verdi. Həmin vəsiqənin içərisində adım yazılmışdı və həmin vəsiqədən görünürdü ki, guya Daxili İşlər Nazirliyinin əməkdaşı olmuşam və təqaüdə çıxmışam”.

İfadələrdən məlum olur ki, bankda Samirdəki saxta sənədlərin sürəti götürülsə də, ona növbəti həftə gəlməsi deyilib. Bunu görən Fərid isə bank əməkdaşlarının şübhələndiyini anlayaraq qaçıb.

Samir Məmmədov həmin şəxslə daha sonra əlaqə saxlaya bilmədiyini deyib.

Mingəçevir Şəhər Məhkəməsi aprelin 16-da Samir haqqında hökm çıxarıb. O, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi üzrə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm