Dünya
“Sərkisyanı ruslar devirə bilər” - Gümrü etirazları nələrə səbəb olacaq?
Gümrü hərbi bazasında Rusiya hərbi qulluqçusu Valeri Permyakovun bir erməni ailəsinin 6 üzvünü qətlə yetirməsi Ermənistanda ciddi etirazlara səbəb olub. Etirazlara səbəb təkcə cinayət motivi deyil, eyni zamanda, hərbi qulluqçunun Ermənistan tərəfinə verilməməsidir.
Publika.az-ın məlumatına görə, Rusiya hərbçisinə bu ölkənin Cinayət Məcəlləsinin 105 (qətl törətmək) və 338-ci (fərarilik) maddələri ilə ittiham irəli sürülüb. Rusiya tərəfi Valeri Permyakovun Rusiya Federasiyasının vətəndaşı olduğunu əsas gətirərək, onu erməni tərəfinə verməyib. Bildirilib ki, Rusiya Federasiyası Konstitusiyasının 61-ci maddəsi hərbçinin Ermənistanın hüquq-mühafizə orqanlarına verilməsini qadağan edir.
Məhz bu qərardan sonra sadə ermənilər ayağa qalxdı və Rusiya ilə
münasibətlərə yenidən baxılması tələb olundu. Hazırda İrəvanla
Moskva arasında münasibətlərin pozula biləcəyi ehtimalı güclüdür.
Lakin bunu mərkəzi hakimiyyət yox, sadə ermənilər istəyir. Mərkəzi
hakimiyyətin yanaşması isə İrəvan rejiminin həqiqətən də Rusiyanın
forpostu olmasının bir daha sübut etdi.
Misal üçün, Ermənistanın keçmiş ombudsmanı Larisa Alaverdyan Ermənistanda hər-hansı anti-Rusiya isterikasının yersiz olduğunu deyib. Onun sözlərinə görə, Rusiya ilə Ermənistanın münasibətlərinin təkrar gözdən keçirilməsini tələb edərək problemi geosiyasi sahəyə daşımaq lazım deyil.
Görünür, İrəvan hakimiyyəti xalqın etirazı nəticəsində yeganə
dayağı olan Rusiyanı itirmək qorxusu yaşayır. Keçmiş ombudsman da
Gümrü hadisələrinin Azərbaycan və Türkiyənin xeyrinə işlədiyini
deyib.
Həqiqətən də, regiondakı siyasi proseslər baxımından, bunun baş verməsi Azərbaycanın xeyrinədir. Çünki Dağlıq Qarabağ münaqişəsində Ermənistanın əsas arxalandığı gücün Rusiya olduğu faktdır. Bu ölkədəki Rusiyanın hərbi bazasının bağlanması münaqişənin ədalətli həllində ciddi faktor ola bilər.
Bununla yanaşı, Gürmü etirazları son geosiyasi proseslər fonunda da diqqət çəkir. Hazırda Ankara və Moskva yaxınlaşması baş verir. Rusiya öz qazının Avropaya “Türk axını” vasitəsilə çıxarmaq niyyətini açıqlayıb. Bu yaxınlaşmada əsas rol oynayan ölkə Azərbaycandır. Deməli, Ankara-Moskva-Bakı müttəfiqliyinin güclənməsi Ermənistanı “oyundankənar vəziyyətə” sala bilər.
Beynəlxalq eskeprtlər də bunu vurğulayır. Əsas ehtimallara görə, 2015-ci ildə Rusiya həm Türkiyə ilə yaxınlaşmaq, həm də daxili problemləri baxımından Dağlıq Qarabağ münaqişəsinə diqqət ayırmaya, Azərbaycan isə mövcud status-kvonun aradan qalxması üçün hərəkətə keçə bilər. Ermənistan hakimiyyətin əsas qorxusu hansısa erməni ailəsinin qətlə yetirilməsi yox, məhz budur.
Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc
Publika.az-a açıqlamasında bunun baş verməsi ehtimalını istisna
etməyib. Onun sözlərinə görə, Ankara ilə Moskvanın yaxınlaşması və
bu prosesdə Bakının mühüm rol oynaması İrəvanı narahat etməyə
bilməz: “Gümrü hadisələri sadə ermənilərin başqa ölkənin köləsi
olmaqdan bezdiklərini göstərdi. Əslində bu etirazlar illərlə aclıq
və səfalətdən yığılıb qalan nifrətlə bağlıdır. Gümrü hadisəsi
sadəcə qığılcım oldu”.
Millət vəkili Rusiyanın Gümrüdəki hərbi bazasından imtina edəcəyini
düşünmür: “Bu Rusiyanın bölgədəki varlığına təhdiddir. Buna görə də
Moskva buna heç vaxt getməz. Ortaya çıxan məntiq Ermənistan
hakimiyyətinin qorxusudur. Bu ölkədə ntezliklə inqilab baş verə
bilər. Buna zəmin yaranıb”.
Z. Oruc Rusiya-Ermənistan münasibətlərinin pozulması fonunda
Azərbaycanın maraqlarına da toxunub.
“Təbii ki, biz bu məsələdə maraqlı ola bilərik və bu normal
yanaşmadır. Lakin bu iki ölkə arasındakı münasibətlər birtərəfli
idarə olunur. Yəni, Rusiya istəməyənə qədər Ermənistan bu
münasibətləri poza bilməz”, - deyə millət vəkili qeyd edib.
Sabiq təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin
eksperti Arzu Nağıyev Publika.az-a açıqlamasında bildirib ki,
Ermənistan tərəfi bu gün Permyakovun erməni tərəfinə təhvil
verilməsi və ya digər Rusiya əleyhinə tələbləri irəli sürsə belə,
bu ancaq müxalifətin iqtidara qarşı istifadə edə biləcəyi taktika
ola bilər: “Məlumdur ki, Ermənistan iqtisadiyyatı hazırda 70-80
faiz Rusiyadan asılıdır. Rusiyanin ərazisində milyonlarla erməni
miqrantlar yaşayır və hər bir tələb onlara qarşı adekvat addımların
atılmaslına gətirib çıxaracaq. Eyni zamanda, Ermənistanın hərbi
potensialı da əsasən Rusiyanın 102 saylı hərbi bazası ilə sırf
bağlıdır və bu bazada çoxsaylı ermənilər iş yerləri ilə təchiz
edilib. Gümrü şəhərində bir ailənin 6 üzvünü qəddarcasına qətlə
yetirən Permyakov erməni tərəfə təhvil verilməyəcək və hərbçi
olduğu üçün istintaqı hərbi prokurorluq aparacaq. Lakin Rusiya
tərəfi də narahatdır və buna görə də Rusiya Federasiyası Müdafiə
Nazirinin müavinlərindən birinin rəhbərliyi ilə orada xüsusi
komissiya işləyir. Çünki xarici dövlətin ərazisində yerləşən hərbi
bazanın nümayəndəsi qəddarcasına qətl hadisəsi törədib, məhz buna
görə də yerli vətəndaşların iradına və hərbçilərə qarşı hər cür
neqativ hərəkətlərə gətirib çıxara bilər. Bu da göz
qabağındadır”.
A. Nağıyevin fikrincə, baş vermiş olay daha çox ermənilər və rus
hərbçiləri arasında gərginliyə səbəb olacaq.
“Düşünürəm ki, erməni rəhbərlər bundan sığortalanmaq məqsədilə
istintaqın məhz hərbiçilər tərəfindən aparılmasına razılıq verəcək,
qətlə yetirilənlərin yaxınlarına maddi kompensasiya tələbi ilə
çıxış edəcəklər. Öz növbəsində Rusiya tərəfi də bu variantla
razılaşacaq. Çünki hər cür iğtişaş baş verə bilər. Bu isə
Ermənistan hakimiyyətinin xeyrinə deyil. Rusiya isə öz tərəfindən
Sarkisyana iğtişaşların yatırılması ilə bağlı konkret ultimatum
göndərəcək. Digər halda öz müxalifətini sakitləşdirməyən Sarkisyan
hətta rusların müdaxiləsi ilə hakimiyyətini itirə də bilər”, - deyə
sabiq təhlükəsizlik zabiti vurğulayıb.
Asif Nərimanlı
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı