Tələyə salınan Poroşenko və ya Putinin “İkinci Donbas müharibəsi” planı - TƏHLİL
Bizi izləyin

Dünya

Tələyə salınan Poroşenko və ya Putinin “İkinci Donbas müharibəsi” planı - TƏHLİL

Ukraynanın şərqində son günlər vəziyyət kəskinləşib. Ukrayna anti-terror qüvvələrinin ağır artilleriyadan istifadə etməsi və separatçıların Donetsk aeroportuna hücumlarını intensivləşdirməsi müharibənin miqyasını genişləndirib. Yeni il ərəfəsində atəşkəs gün ərzində orta hesabla 30 dəfə pozulurdusa, bu rəqəm sonrakı günlərdə 60-a çıxdı. Hazırda isə faktiki olaraq bütün cəbhə boyu müharibə gedir. Bu həm də sentyabrın 5-də əldə olunan və atəşkəs rejimini nəzərdə tutan Minsk razılaşmasının iflası deməkdir. Və hadisələrin bu istiqamətdə gedişatı da gözlənilən idi.

Hələ yanvarın 6-da Ukrayna prezidenti Petro Poroşenkonun hərbi poliqonda hərbçilərin əhatəsində avtomatdan atəş açması Donbas hövzəsində hərbi əməliyyatların yenilənməsinin göstəricisi idi. Dövlət başçısı “torpağımızın bir qarışını belə verməyəcəyik. Ukrayna ordusu hər keçən gün güclənir və yeni hərbi texnika ilə təmin olunur. Biz qalib gələcəyik” söyləmişdi. Yanvarın 13-də isə Donetsk vilayətinin Qorlovka rayonu ərazisində sərnişin avtobusunun separatçılar tərəfindən artilleriya atəşinə tutulması, nəticədə 12 dinc sakinin ölməsi Minsk razılaşmasının işləmədiyini göstərdi.

Ötən həftə “5 kanal”ın efirində ukraynalı ekspert-jurnalist Pyotr Şuklinov Donbas müharibəsinə yeni bir termin gətirdi: “İldırımsürətli müharibə”. Onun sözlərinə görə, Putin “Novorossiya” planını redaktə edib və aktiv hücum əməliyyatları ssenarisinin icrasını sürətləndirməyə qərar verib.

Məsələ bundadır ki, Rusiyanın resursları sürətlə tükənir. Rublun saxlanılması üçün hər gün külli miqdarda valyuta ehtiyatı xərclənir. Ölkənin kredit reytinqi hazırda “zibil” səviyyəsinə qədər azaldılıb. Rəsmi inflyasiya 11 faizdir, amma reallıqda bu göstərici daha yüksəkdir. Neft qiymətləri düşməkdə davam edir. Analitiklər hesab edir ki, kredit reytinqinin azaldılması kapital axınında mənfi tendensiyasını möhkəmləndirəcək və Rusiya Mərkəzi Bankını valyuta müdaxilələri vasitəsi ilə rubla daha uzun müddət dəstək verməyə məcbur edəcək.

“Bütün bunlar bizim iqtisadi reallığımızı ciddi dəyişdirir”, - Rusiya Beynəlxalq Münasibətlər və Dünya İqtisadiyyatı İnstitutunun əməkdaşı, iqtisadçı Yevgeni Qontmaxer hesab edir. O, həmçinin qeyd edib ki, yaxın vaxtlarda siyasi etirazların baş verəcəyini gözləmir. İqtisadçının sözlərinə görə, Putinin rəhbərliyi dövründə ilk dəfə real gəlirlər aşağı düşüb. Eyni zamanda, tibbi və maarifləndirici xidmətlər sahəsində əhəmiyyətli ixtisarlar baş verir. Büdcə təşkilatlarında isə maaşların 15 faiz və ya daha çox azalacağı gözlənilir. Putin isə hələ də xalqını əmin etməyə çalışır ki, Rusiyada vəziyyət deyildiyi qədər qorxunc deyil. Putin etiraf edir ki, neftin aşağı qiyməti və inflyasiya Rusiya iqtisadiyyatı üçün problemlər yaradır. Amma onun fikrincə, iki il sonra iqtisadi artım bərpa olunacaq.

Kreml anlayır ki, Krımın ilhaqı Ukraynanın yeni rəhbərliyinin siyasi kursunu dəyişdirmək üçün kifayət etmədi. Moskva bundan sonra Donbas planını işə saldı. Amma bu planın da axıra qədər həyata keçirilməsi baş tutmadı. İndiki halda separatçıların nəzarətində olan ərazilər Donetsk və Luqansk vilayətlərin yalnız dörddə bir hissəsidir. Üstəlik, Krıma quru dəhlizi açmaq da mümkün olmayıb. Deməli, “Novorossiya” layihəsi baş tutmayıb. Amma qərbin sanksiyaları Putini bu layihəni zibilliyə atmağa məcbur edə bilməyib. Vaxt isə çox azdır. Birincisi, Putinin özü bildirir ki, vəziyyət ən yaxşı halda iki ildən sonra düzələcək. Amma bu, ən nikbin proqnozdur. Qərb yeni sanksiyalar barəsində düşünür. Hazırda Rusiyada etiraz aksiyaları yoxdur. Amma yaxın vaxtlarda bunun olmayacağına da heç bir təminat yoxdur.

İkincisi, hələ ki oliqarxlar, biznesmenlər və siyasətçilər Putinin “dostları”dırlar. Amma bu dostluq başa çata bilər. Bu isə o vaxt baş verə bilər ki, dövlət başçısı onların milyardlarını böhran şəraitində dövlətin resurslarına çevirəcək.

Üçüncüsü isə Ukrayna ordusu ilə bağlıdır. Bu ordu bir il əvvəlki ordu deyil. Hazırda Putin qarşısında xeyli dərəcədə təşkilatlanan və yeni silahlarla təmin olunan Ukrayna ordusu var. Ötən ilin əvvəlindən Rusiyaya qarşı artan nifrət hissləri də Putinin işini çətinləşdirən amillərdəndir. Beləliklə, nə qədər ki, oliqarxlar Putindən üz döndərməyib, etiraz aksiyaları keçirilməyib, Ukrayna ordusu tam formalaşmayıb, Putinə tələsmək lazımdır. “İkinci Donbas müharibəsi” ilə həm oliqarxlar və xalqın gözündə yüksəlmək, həm yarımçıq qalan “Novorossiya” layihəsi bir qədər irəli aparmaq, həm də Ukrayna xalqının yeni hakimiyyətə qarşı inamına zərbə vurmaq mümkündür.

Ukraynalı ekspertlər etiraf edirdilər ki, Moskvanın yeni və irimiqyaslı hücumu gözlənilən idi. “Hesab edirdik ki, bu, yazda olacaq, amma artıq proseslər başlayır. Putin anlayır ki, Kremldə yazılmış ssenarini sürətləndirmək lazımdır. Vaxt azdır, resurslar tükənir, daha sürətlə hərəkət etmək lazımdır”, - Şuklinov fikrini əsaslandırıb.

Ukraynalı jurnalist həmçinin hesab edir ki, Kreml hakimiyyəti toqquşma zonasını genişləndirmək üçün Odessa, Xarkov, Zaporojye və Xerson vilayətlərində vəziyyəti gərginləşdirməyə çalışacaq. Amma bütün bunların edilməsi üçün Kiyevi təxribata çəkmək lazımdır. Qorlovka rayonu ərazisində sərnişin avtobusun separatçılar tərəfindən artilleriya atəşinə tutulması və 12 dinc sakinin ölməsi ilk addım idi. Ukrayna üçün həyati əhəmiyyət daşıyan Donetsk aeroportuna hücum isə Kiyevi özündən çıxarmaq üçün ikinci addım idi. Etiraf etmək lazımdır ki, Moskva Ukraynanı özündən çıxara bilib. Məlumatlara görə, rəsmi Kiyev bütün cəbhə boyu separatçıların vurulması barədə orduya təlimat verib. Təbii ki, bu atəşlər nəticəsində dinc rusdillilər də öləcək və Putin həmvətənlərin himayəsinə qalxacaq.

Plana görə, bundan sonra Kreml özünü “sülh elçisi” elan etməlidir. Artıq ilk addımlar da atılıb. Məlum olduğu kimi, Rusiya prezidenti atəşkəsə əməl edilməsi, tərəflərin Minsk razılaşmasına uyğun mövqelərə çəkilməsi, ağır artilleriyanın təmas xəttindən uzaqlaşdırılması və ATƏT-lə birgə müzakirələrin aparılması çağırışı edib. Ukrayna prezidenti isə bu dəfə çağırışa cavab verməyib. Təbii ki, dəfələrlə aldanan və saxta “sülh” danışıqlarından bezən Poroşenko müsbət cavabdan imtina edib. Və Putinə də bəhanə lazımdır...

Hazırda separatçıların nəzarət etdiyi ərazilərdə Rusiya-terror qoşunlarının silah arsenalına 542 tank, 990 zirehli maşın, 694 artilleriya sistemi, 57 zenit-raket kompleksi və 4 “Toçka-U” taktiki raket kompleksi daxildir. Separatçılar artıq avıasiya yaratdıqlarını iddia edirlər. Deməli, bütün hallarda Rusiya-Ukrayna müharibəsi labüddür...

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm