“TAP Azərbaycanın dünyadakı mövqeyini daha da möhkəmləndirəcək” - DEPUTAT
Bizi izləyin

Enerji

“TAP Azərbaycanın dünyadakı mövqeyini daha da möhkəmləndirəcək” - DEPUTAT

Bu gün Trans Adriatik Boru Xətti (TAP) vasitəsilə Azərbaycandan kommersiya məqsədli təbii qazın Avropa bazarına – İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılması gerçəkləşib. Ekspertlərin fikrincə, bu hadisə ilə Azərbaycan daha bir mühüm, tarixi qələbəyə imza atıb.

Bu tarixi hadisənin əhəmiyyətindən danışan millət vəkili Azər Badamov Publika.az-a açıqlamasında deyib ki, TAP-ın icra olunması Azərbaycanın Avropaya birbaşa boru vasitəsi ilə birləşdirilməsi deməkdir: “İlk olaraq onu qeyd etmək istəyirəm ki, 2020-ci il Azərbaycan üçün çox uğurlu bir il kimi yadda qalacaq. Həm işğal altındakı torpaqlarımızın azad edilməsi, böyük qələbə qazanmağımnız, həm də beynəlxalq səviyyədə həyata keçirilən layihələrin başa çatması ilə bağlı nailiyyətlərimizi qeyd edə bilərəm. Bu ilin oratalarında biz TANAP layihəsinin açılışını etmişdik. TAP layihəsi üzrə işlərin yekunlaşması ilə bağlı addımlar atılırdı. Artıq ilin sonunda TAP layihəsinin başa çatması kimi uğurlu bir işə imza atmışıq. TAP-ın icra olunması Azərbaycanın Avropaya birbaşa boru vasitəsi ilə birləşdirilməsi deməkdir. Bu, həm də Xəzər dənizində istehsal olunan təbii qazın Azərbaycan vasitəsilə Qərb ölkələrinə çatdırılmasıdır”.

Millət vəkili bildirib ki, bu gün Azərbaycan özünün karbohidrogen ehtiyatlarının ixracı ilə bağlı heç bir ölkədən asılı deyil. Deputatın sözlərinə görə, ölkəmizin özəl nəqliyyat-ixrac boru kəmərləri var:

“Xüsusən də TAP-ın ərsəyə gəlməsi vacib bir layihədir. Çünki nefti tankerlərlə ixrac etmək mümkündür. Ancaq təbii qazın ixracında boru kəmərlərinin olmaması ölkənin ixrac potensialını kifayət qədər məhdudlaşdırır. Bu gün TAP-ın ərsəyə gəlməsi və istifadəyə verilməsi Azərbaycanın Xəzər dənizində istehsal olunan təbii qazının Avropaya çatdırılmasında önəmli rol oynayacaq. İxrac potensialımızın artmasına öz töhfəsini verəcək, əsas ixrac xəttimiz olacaq. Bu da o deməkdir ki, təbii qazımızın ixracından ölkəmizə əlavə valyuta gələcək”.

Azər Badamovun sözlərinə görə, TAP vasitəsilə ölkəyə gələn yeni valyuta axını iqtisadiyyata mühüm töhfələr verəcək:

“Dövlət büdcəsinin həyata keçirilməsinə yönəldiləcək bu vəsaitlər həm də xarici valyuta ehtiyatımızın artmasında xüsusi rol oynayacaq. Bildiyimiz kimi, neftin dünya bazarlarındakı qiymətləri heç də stabil deyil. Enmələr, artmalar və yenidən enmələr müşahidə olunur. Amma təbii qazın dünya bazarlarındakı qiyməti demək olar ki, stabildir. TAP layihəsinin istifadəyə verilməsi, ixrac etdiyimiz qazın Avropaya çatması mavi yanacaqdan gələn gəlirlərimizin stabilliyini təmin edəcək. Bu da Azərbaycanın iqtisadi gücünü daha da artıracaq. Ölkəmizin dünyada yerini möhkəmlədəcək. Siyasi, iqtisadi cəhətdən, demək olar ki, hərtərəfli olaraq dövlətimizə böyük töhfələr verəcək”.

Qeyd edək ki, TAP Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra qərbi Avropaya nəql edəcək boru xətti layihəsidir. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur, bununla Avropada təxminən 7 milyon ailə enerji ilə təmin ediləcək.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm