FÖVQƏLADƏ QEYRİ-ADİLİK! Heyrətə gələcəksiniz!
Bizi izləyin

Foto

FÖVQƏLADƏ QEYRİ-ADİLİK! Heyrətə gələcəksiniz!

Yer üzündəki bütün şəhərlər özü-özlüyündə unikaldır, lakin bəzən inanılmaz dərəcədə, fövqəladə qeyri-adiliyə malik olan şəhərlərə də rast gəlinir.

Publika.az planetin ən qeyri-adi şəhərləri haqda icmalı dəyərli oxuculara təqdim edir. Onların bəziləri məzuniyyətin bir neçə gününü keçirmək üçün kifayət qədər münasibdir.

1. Bu şəhərdə ölmək olmaz

Dünyanın ən şimal məntəqələrindən biri olan Şpitsbergenin Longiyr şəhərində rəsmi olaraq ölmək qadağan olunub. Şəhərdə qəbiristanlıq var, amma ora artıq 70 ildir ki, ölənləri qəbul etmir.

Bunun səbəbi o ərazidəki temperaturun daim aşağı və hava şəraitinin dəyişməz olaraq şaxtalı olduğu üzündən, meyitlərin çürüyüb parçalanmaması və bunun da vəhşi heyvanların diqqətini cəlb edə biləcəyi ehtimalıdır. Ölüm astanasında olan insanlar təyyarə vasitəsilə Norveçin digər şəhərlərinə aparılır.

2. İki dövlətin ərazisində olan şəhər

Eyni vaxtda iki ölkədə olan şəhər o qədər də az deyil. Diqqətinizə təqdim edəcəyimiz bu şəhər isə elə şəhərlərin ən qeyri-adisidir.

Büzingen-am-Hohrayn şəhəri Almaniyanın İsveçrə ərazisindəki eksklavıdır. İqtisadi baxımdan bura İsveçrənin, inzibati cəhətdən isə Armaniyanın bir hissəsidir.

- Bura insanların əsasən İsveçrə frankından istifadə etdiyi yeganə alman şəhəridir.

- Burada iki poçt indeksi vardır: İsveçrə və Almaniya indeksi.

- Sakinlər həm Almaniyanın, həm də İsveçrənin telefon nömrələrindən istifadə edir.

- «Büzingen» futbol klubu İsveçrə çempionatında oynayan yeganə alman komandasıdır.

3. «Cəhənnəm» şəhəri

ABŞ-ın Miçiqan ştatında Hell (Cəhənnəm) adlı bir şəhər var. Bu adın haradan qaynaqlandığı dəqiq məlum olmasa da, sakinlər şəhərin «cəhənnəmlik» imicini həvəslə dəstəkləyib qoruyur.

Turistlər böyük həvəslə «Cəhənnəmə xoş gəlmisiniz» sözləri yazılmış plakatların fonunda şəkil çəkdirir, şəhərin suvenir dükanlarından birində isə Cəhənnəmin 1 kvadrat düymünə sahiblik üçün sənədlər satılır, təbii ki, 6,66 dollara.

4. Çin kopyası (surəti) olan şəhər

Çinlilər hər şeyin surətini çıxarmağı öyrənmişlər. Bəs şəhərin surətini necə? Çin vətəndaşlarının ölkədən çıxmadan Avropa küçələrində gəzintiyə çıxa bilməsi üçün, Avstriyanın Halştatt şəhərinin surətini yaratmaq qərarına gəlinmişdi.

Əvvəlcə kilsə inşa edilmiş, sonra isə eynilə orijinala bənzəyən küçələr salınmışdı. Yeri gəlmişkən qeyd edək ki, Çin surətindəki daşınmaz əmlak Avstriyanın Halştattındakı daşınmaz əmlakdan bahadır.

5. Axırıncı azad şəhər

Sleb-Siti Kaliforniyanın əsasən sərsərilərin, təqaüdçülərin, hippilərin və getməyə yeri olmayanların məskunlaşdığı bir şəhəridir.

Bu şəhərdə insanlar su və enerji təchizatı olmayan avtomobil qoşqularında və yalın əllə quraşdırılan ünvansız komalarda yaşayır. Sleb-Sitidə nə kommunal xidmətlər, nə də kirayə və vergi ödənişləri var. Bütün söylənilənlərin kifayət qədər qəribə səsləndiyinə baxmayaraq, şahidlərin əksəriyyəti burada yaşamağın çox rahat olduğunu bildirir. Sakinlər öz şəhərlərini «ABŞ-ın axırıncı azad şəhəri» adlandırır.

6. Mağara şəhəri

Matmata şəhəri Tunisin dəyədən və bir neçə mağaradan ibarət çoxlu sayda bərbər evlərinin hələ də qaldığı cənub şəhəridir. 1970-ci illərdə şəhərdə yerüstü yaşayış məntəqələrinin inşa edildiyinə baxmayaraq, sakinlərin əksəriyyəti, qədim zamanlardakı kimi, mağaralarda yaşamağa üstünlük verir.

«Ulzuz müharibələri»nin pərəstişkarları bu yeri görən kimi tanıyır, axı bura Lyuk Skayuokerin evidir.

7. Bir damın altına sığışan şəhər

Alyaskadakı Uittiyer şəhəri bütövlüklə keçmiş ordu kazarmasına məxsus 14-mərtəbəli bir binada yerləşib. Şəhərin bütün mağazaları, polis bölməsi, klinikası və kilsəsi də həmin binada yerləşir.

Bu tədbir, bütün il boyu soyuq və küləkli olan hava şəraiti nəzərə alınaraq, isitmə sistemində qənaət etmək məqsədilə görülmüşdür. Yeri gəlmişkən qeyd edək ki, şəhərin əhalisi cəmisi 220 nəfər təşkil edir.

8. Ən mavi şəhər

Marokkoda divarlarının, qapılarının və hətta pilləkənlərinin göy və mavi rəngin çalarlarına boyadılmış Şaven adlı son dərəcə gözəl bir şəhər var.

Məsələ burasındadır ki, bir zamanlar burada evlərini onlar üçün müqəddəs olan göy rəngə boyayan yəhudilər yaşayıb. Yəhudilərin artıq əsrlərlə burada yaşamadığına baxmayaraq, qoyub getdikləri ənənə hələ də qorunub-saxlanmağa davam edir.

9. Yadplanetlilər şəhəri

1947-ci ildə ABŞ-ın Rozuell şəhəri yaxınlığındakı bir əraziyə uçan naməlum obyekt düşmüşdü. Onun nə olduğu ətrafındakı mübahisəli müzakirələr bugünədək davam edir. Rozuell şəhəri isə bütün dünyada yadplanetlilər şəhəri kimi tanındı.

Burada yad planetlərin hücumuna həsr olunmuş festivallar keçirilir, hətta McDonalds məkanları belə humanoid təsvirləri ilə bəzədilir.

10. Açıq dənizdə olan şəhər

Neft Daşları Azərbaycanın açıq dənizdə metal estakadalarda quraşdırılmış bir sənaye şəhəridir. Bu şəhər neft yataqları ətrafında ucalır.

Yeri gəlmişkən qeyd edək ki, şəhərin daimi əhalisi yoxdur. Burada növbəli üsulla işləmək üçün bir neçə aylığına gələn 2 min nəfərə qədər fəhlə yaşayır.

11. Qayanın içində şəhər

İspaniyanın Setenil-de-las-Bodeqas şəhəri bütün dünyanın turistlərini cəlb edir. Səbəbi isə onun böyük bir bazalt qayasının içində olub, onunla vəhdət təşkil etməsidir.

Bu şəhərin küçələrində gəzərkən, başınızın üstündə adəti üzrə olduğu kimi səma yox, sallanan qayalar görəcəksiniz. Şəhərin qonaqlarının qayaların qopub tökülə biləcəyindən ehtiyatlandığına rəğmən, bu qayalır əsrlərdir ki, dəyişməz vəziyyətdə qalmaqdadır.

12. Dirilərdən daha çox, ölülərin olduğu şəhər

Kaliforniyanın Kolma şəhərində nə az, nə çox – düz 17 qəbiristanlıq var. Burada orta hesabla bir nəfər sağ adamın payına min nəfərdən artıq ölü düşür!

Buna səbəb hökumətin bir zamanlar yaxınlıqdakı San-Fransiskodan bütün qəbiristanlıqların buraya köçürülməsinə dair verdiyi qərar olub.

Əvvəllər şəhərin əhalisi sırf qəbirqazanlardan, nəbatçılardan və heykəltəraşlardan ibarət olub, 1980-ci illərdən etibarən isə burada digər peşələrin sahibləri də məskunlaşmağa başlayıb. Bu gün şəhərin şüarı aşağıdakı kimidir: «Kolmada sağ olmaq bir nemətdir!»

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm