Neft üçün nikbin, Misir üçün bədbin proqnoz; Azərbaycan iqtisadiyyatı rəqəmlərdə - HESABAT
Bizi izləyin

Hesabat

Neft üçün nikbin, Misir üçün bədbin proqnoz; Azərbaycan iqtisadiyyatı rəqəmlərdə - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı üçün qeyri-müəyyənliklərin artması, qarşılıqlı asılı olan ölkə qrupları üzrə zəif və kövrək iqtisadi artım rəqəmləri, məzənnələrin qeyri-sabitliyi, əmtəə qiymətlərinin kəskin aşağı düşməsi, bir sıra inkişaf etməkdə olan ölkələrdə maliyyə və əmlak köpüklərinin boşalması ilə yadda qaldı.

Çinin məşhur alış-veriş saytı “Alibaba” bir gündə 14,3 milyard dollarlıq mal satışı həyata keçirdi, İngiltərə hökuməti dövlətə məxsus “Northern Rok” bankını 18 milyard avroya satdı, İtaliyanın ən böyük bankı “UniCredit” 18 min nəfəri işdən çıxaracağını açıqladı.

Neftə tələb artacaq...

Başlayaq Avropa iqtisadiyyatının güclərindən. Fransa və Almaniya iqtisadiyyatı bu ilin üçüncü rübündə 0,3 faiz artıb. “Eurostat”ın məlumatına görə, 19 üzvdən ibarət Avrozonanın daxilində iqtisadi artım 0,3 faizə düşüb. İllik əsasda isə bölgədə artım proqnozdan aşağı -1,6 faiz olub. Konkret ölkələr üzrə üçüncü rübdə İspaniyada 0,8 faiz, Fransa və Almaniyada 0,3 faiz, İtaliyada 0,2 faiz iqtisadi artım qeydə alınıb. Yunanıstan iqtisadiyyatı isə bu dövrdə 0,5 faiz kiçilib.

Hindistanın İngiltərəyə səfər edən baş naziri ölkəsinə əliboş qayıtmadı. İki ölkə arasında 13 milyard avro məbləğində sərmayə qoyuluşuna dair müqavilə imzalandı. İngiltərə tərəfi müqavilə sayəsində ölkədə 1900 adamın işlə təmin olunacağını açıqlayıb.

Beynəlxalq Enerji Agentliyi neftin barelinin 2020-ci ildə 80 dollara yüksələcəyini açıqladı. Agentliyin “Dünya Enerji Görünüşü” hesabatına görə, qlobal neft tələbi 2020-ci ilə qədər gündəlik 900 min barel artacaq.

2040-cı ildə gündəlik tələb 103,5 milyon barelə yüksələcək. Beynəlxalq Enerji Agentliyi iddia edir ki, 2040-cı ilə qədər elektrik istehsalında ən böyük qaynaq enerji olacaq.

Yunanıstan Avropa Birliyindən gözlədiyi 2 milyard avro krediti ala bilmədi. Birliyin Brüsseldə bir araya gələn maliyyə nazirləri Yunanıstana veriləcək 26 milyard avro kreditin 2 milyard avroluq hissəsini sərbəst buraxmamaq qərarına gəldilər.

Xatırladaq ki, ötən həftə Avropa Mərkəz Bankı Yunanıstanın dörd böyük bankının əlavə 14,4 milyard avro sərmayə tapmasına dair SOS siqnalı vermişdi.

Şarm əl-Şeyxdən Sankt-Peterburqa uçan A321 tipli sərnişin təyyarəsinin Sinay yarımadası səmasında qəzaya uğraması Misirin turizm gəlirlərinə təsir etdi. Təkcə son 15 gündə turizmlə bağlı yerli şirkətlər 100 milyon avroya yaxın ziyana düşdülər. Çoxlu sayda iş yerləri ixtisar olundu. Beləliklə, aylıq itkinin 260 milyon avro olacağı təxmin edilir. Məlumat üçün bildirək ki, təkcə Şarm əl-Şeyx kurortu Misirin büdcə gəlirlərinin təqribən 12 faizini verir. Ora gələn turistlərin üçdə ikisini isə ruslar və ingilislər təşkil edir. Hadisədən sonra bu dövlətlərdən olan minlərlə turist ölkələrinə məxsus təyyarələrlə ərazini tərk ediblər.

Çin yuanına daha bir etimad...

Çin Xalq Respublikasında oktyabr ayı üzrə açıqlanan inflyasiya rəqəmi hökumətin təlaşını artırdı.

Belə ki, Milli Statistik Bürosunun hesablamalarına əsasən, istehlak qiymətlərindəki artım illik əsasda 1,3 faiz olacaq. Sentyabr ayında bu rəqəm 1,6 faiz təşkil edib. Oktyabrda isə istehlak qiymətləri aylıq əsasda 0,3 faiz geriləyib. Aşağı inflyasiya Çin iqtisadiyyatına əlavə müdaxilələri vacib edib. Bunun faiz endirimi və ya pul genişləmə proqramı vasitəsilə reallaşdırılacağı bəlli deyil.

Xatırladaq ki, Çin Mərkəz Bankı 2014-cü ilin noyabr ayından bu günə qədər faiz nisbətlərində 6 dəfə endirimə gedib.

Söz Çindən düşmüşkən, yuan Beynəlxalq Valyuta Fondunun (BVF) Xüsusi Borclanma Hüququ (SDR) statusuna sahib olmağa hazırlaşır. BVF-nin icraçı direktoru Kristin Laqard Çin yuanının SDR səbətinə daxil olmasını tövsiyə edib. BVF ekspertləri yuanın sərbəst tədavül edən və geniş istifadə olunan valyuta olduğu qənaətinə gəliblər. Fondun icraçı direktoru ekspertlərin fikrini dəstəkləyərək bildirib ki, Çin yuanı ilə bağlı qərar BVF-nin 30 noyabr tarixində keçiriləcək növbəti iclasında qəbul ediləcək. Çin Mərkəzi Bankı BVF-nin bu qərarını dəstəklədiyini və ölkənin maliyyə sistemində islahatların bundan sonra da davam edəcəyini bildirib.

Qeyd edək ki, SDR 1969-cu ildə BVF tərəfindən yaradılıb. Hazırda SDR ABŞ dolları, funt-sterlinq, yen və avrodan ibarətdir. 17 mart 2015-ci il tarixinə BVF-yə üzv ölkələr arasında 204 mlrd. SDR və ya 280 mlrd. dollar bölüşdürülüb. Bölüşdürülmə hər bir ölkənin BVF-də üzvlük haqqına görə aparılır.

İş dünyası

Çinin məşhur alış-veriş saytı “Alibaba” noyabrın 11-də “Subaylar Gününü” pul qazanmaqla qeyd etdi. Bazar ekspertlərinin sözlərinə inansaq, sayt satış rekordu qırdı. Əgər ötən ilin bu günü satışdan təxminən 8 milyard dollar götürmüşdüsə, bu il həmin məbləğ günortaya qədər əldə olunub. Ümumi satış 10 milyard dollar proqnozlaşdırıldığı halda, günün sonuna 14,3 milyard dollarlıq mal satılıb. 25 ölkədən 40 min fərqli markanın məhsullarını satan sayt həmin gün 130 milyon insana xidmət edib.

İngiltərə hökuməti dövlətə məxsus “Northern Rok” bankını ABŞ-ın sərmayə fondu “Cerberus”a 18 milyard avroya satdı. Bununla da Avropada bu günə qədər reallaşdırılan ən böyük satışa imza atıldı. Məlumat üçün bildirək ki, “Northern Rok” İngiltərənin beşinci böyük əmlak kredit bankıdır. 2007-ci ildəki maliyyə böhranından sonra İngiltərə Mərkəz Bankında 35 milyard avro borc almışdı.

İtaliyanın ən böyük bankı “UniCredit” isə 2018-ci ilə qədər 18 min 200 əməkdaşını işdən çıxaracağını açıqladı. İşdən çıxarılacaq olanların əksəriyyəti bankın Almaniya, Avstriya, Orta və Şərqi Avropa ölkələrindəkı filiallarında fəaliyyət göstərirlər.

Qeyd edək ki, işçi ştatını azaltmaqla “UniCredit” rəqəmsal texnologiyaya 1,2 milyard avro həcmində sərmayə yatırmağı planlayır. Bundan əlavə, 2016-cı ilin sonuna qədər bəzi səmərəsiz sərmayələri də yaxşılaşdırmağı, xərclərində 1,6 milyon avro kəsintiyə getməyi hədəfləyir.

Azərbaycan

Yola saldığımız həftə Dövlət Statistika Komitəsi ölkə iqtisadiyyatının vəziyyətini əks etdirən bəzi rəqəmləri açıqladı. Məlum oldu ki, oktyabrda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,8% artıb, eləcə də 9 ayda 22 milyard manatlıq sənaye məhsulu istehsal edilib, dünyanın 148 ölkəsi ilə ticarət aparılıb və nəticədə xarici ticarət dövriyyəsinin həcmi 19467,6 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 12889,1 milyon dollar, idxalın həcmi 6578,5 milyon dollar təşkil edib. Nəticədə 6310,6 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

Həftə ərzində Azərbaycanın xarici dövlət borcu da bəlli oldu. Belə ki, dövlət borcumuz 6,730.9 milyon ABŞ dolları (7,054.0 milyon manat) təşkil edir. Bu da adambaşına təxminən 700 manat borc deməkdir. Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 12,4 faizdir. Borc statistikasına hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxildir. Borc vəsaitlərinin 8%-i 10 ilə qədər, 58,6%-i 10 ildən 20 ilə qədər, 33,4%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

“İtaliyanın "Snam" şirkəti Yunanıstanın qaz şəbəkəsi operatoru olan DESFA-da pay almaq üçün müraciət edib”, -bunu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev söylədi. SOCAR prezidenti “Snam" şirkəti ilə danışıqlar aparıldığını açıqladı: "Bu şirkət DESFA-da 17% pay almaqda maraqlıdır". Qeyd edək ki, ötən həftə "Snam" şirkəti DESFA-da payın alınması məqsədi ilə Yunanıstan Dövlət Aktivlərinin İnkişafı Fonduna (HRADF) rəsmi olaraq müraciət edib.

Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaradılması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17%-ni digər şirkətə yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar. Məlumata görə, İtaliyanın "Snam" və "Infrastrutture Transporto Gas", İspaniyanın "Enagas", Hollandiyanın "Gasunie", Rumıniyanın "Transgaz" şirkətləri DESFA-nın bu səhm zərfinin alınmasına maraq göstərir.

R.Abdullayevin daha bir maraqlı bəyanatı Trans-Anadolu boru kəməri ilə bağlı olub. O TANAP-ın inşasına nəzərdə tutulan vəsaitin ilkin planlaşdırılan məbləğdən 20-25% az olacağıni deyib.

TANAP ilə bağlı daha bir xəbər Türkiyənin BOTAŞ şirkətinin layihənin tikintisinin maliyyələşdirilməsi üçün Dünya Bankı və Avropa İnvestisiya Bankı ilə danışıqlar aparmasıdır. Şirkət adıçəkilən qurumlardan 2 mlrd. dollar məbləğində kredit cəlb etmək niyyətindədir. İddiaya görə, şirkət hər qurumdan 1 mlrd. dollar məbləğində kredit cəlb etmək üçün danışıqlar aparır. Artıq kreditorlar TANAP layihəsini qiymətləndirməyə başlayıb. Kreditlərin dövlət zəmanəti ilə alınacağı bildirilir. Şirkətdən bununla bağlı hər hansı məlumat verilməyib. Avropa İnvestisiya Bankından isə BOTAŞ-la uzunmüddətli kredit üçün danışıqlar aparıldığı qeyd edilib.

Məndən bu qədər…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm