“Texnikabank”ın süqutu, Rusiyada dövlət şirkətləri satışa çıxarılır - HESABAT
Bizi izləyin

Hesabat

“Texnikabank”ın süqutu, Rusiyada dövlət şirkətləri satışa çıxarılır - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı 2016-cı ilin ilk ayının nəticələrini dəyərləndirdi. Məlum oldu ki, ABŞ-da işsizlik azalıb, əvəzində İspaniyada artıb. Çinin isə 6 ay ərzində valyuta ehtiyatlarını xərclədikdən sonra "üzən məzənnə"yə keçə biləcəyi açıqlandı. Rəsmi Kreml neftin qiymətinin azalmasının səbəb olduğu böhranla mübarizə aparmaq üçün dövlət şirkətlərinin özəlləşdirilməsi planını tətbiq etməyə hazırlaşdı. Dünyanın ən böyük neft şirkətlərindən olan “Royal Dutch Shell”in illik qazancı 2015-ci ildə son 13 ilin ən aşağı səviyyəsinə düşdü. “LUKoil Europe Holdings B.V." və Avstriyanın "AMIC Energy Management GmbH" şirkəti arasında "LUKoil" şirkətinin Litva, Latviya və Polşadakı 230 yanacaqdoldurma stansiyasının satılması barədə müqavilə imzalandı.

Başlayaq Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqardın yenə beyinləri qarışdıran açıqlamalarından. Laqard ABŞ-ın monetar normallaşdırma prosesi çərçivəsində məsuliyyətinin daha da artdığını deyib. Onun fikrincə, Federal Ehtiyat Sistemi (FES) qlobal maliyyə bazarları ilə əlaqələri gücləndirməli və ehtiyatlı davranmalıdır. K.Laqard inkişaf etməkdə olan ölkələrin həssaslığına toxunaraq qeyd edib ki, qlobal iqtisadiyyatın 60%-ni təşkil edən bu ölkələrin maliyyə sistemi son illərdə zəifləyib. İnkişaf etməkdə olan ölkələr sürətli artımdan sonra acı həqiqətlə üz-üzə gəlib. ÜDM-in artım tempi azalıb, kapital axını tərsinə dönüb və ortamüddətli proqnozlar pisləşib. Məsələn, 2015-ci ildə inkişaf etməkdə olan ölkələrdən təxminən 531 mlrd. dollar vəsait çıxıb. Lakin 2014-cü ildə əksinə, bu ölkələrə 48 mlrd. dollar kapital axını baş verib.

K.Laqard qlobal iqtisadiyyatda baş verən bu kimi neqativ prosesləri "narahatedici" kimi qiymətləndirib. O, inkişaf etməkdə olan ölkələrin sayının 30-50 olduğunu bildirərək, hər birinin müxtəlif xüsusiyyətlərə sahib olduğunu qeyd edib. BVF başçısı maksimal səviyyədən 65-70% azalan neft və metalın qiymətlərinin hələ uzun müddət aşağı səviyyədə qalacağını ehtimal edir.

FES-in məhz inkişaf etməkdə olan ölkələrin həssas iqtisadi-maliyyə vəziyyətini nəzərə alaraq ehtiyatlı davranmalı olduğunu vurğulayan BVF rəhbəri suriyalı qaçqınların sığındıqları ölkələrə ciddi təsir etdiklərini bildirib.

Lakin Laqardın FES-i nə qədər ehtiyatlı davranmaq istiqamətində çabaları boşuna ola bilər. Belə ki, Amerikadakı işsizlik nisbəti bu ilin yanvar ayında 9 ildə ilk dəfə 5 faizdən aşağı düşüb. ABŞ Əmək Nazirliyinin məlumatına görə, işsizlik nisbəti yanvarda 4.9 faiz olub. Mərkəz Bankın inflyasiya hədəfinə çatması baxımından əhəmiyyət verdiyi ödənişlərdə artım müşahidə edilib. Yanvar ayında saatlıq qazanc 0,12 dollar artımla 25,39 dollara yüksəlib. Hansı ki, bütün bunlar da ABŞ Mərkəz Bankının mart ayında reallaşacaq toplantısında faiz qərarına təsir edə bilər.

Bu arada ABŞ-la bağlı daha bir rəqəm hökumətin borcunun rəsmi olaraq 19 trln. dolları keçməsidir. Qısası ölkənin rəsmi dövlət borcu ÜDM-in 103%-nə bərabər olub.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasına əsasən, ümumi borcun 13,7 trln. dolları və ya 72%-i şirkətlərin və şəxsi borcların payına düşür. Qalan 5,3 trln. dollar və ya 28%-i isə hökumətin Federal Ehtiyat Sistemi qarşısında daxili dövlət borcudur. Qeyd edək ki, ABŞ prezidenti Barak Obamanın hakimiyyəti dövründə borc demək olar ki, iki dəfə artıb. Belə ki, son 7 ildə borcun həcmi 8 trln. dollar yüksəlib.

Xatırladaq ki, 2015-ci il noyabrın 2-də B.Obama hökumətin borclanma limitinin artırılmasına dair qərarı təsdiq edib. Bundan sonra kredit tavanının müzakirəsi ancaq 2017-ci ildə baş tuta bilər. Ekspertlər növbəti görüşə qədər ABŞ-ın dövlət borcunun 20 trln. dollara qədər arta biləcəyini proqnozlaşdırırlar.

Bildirək ki, keçən ilin iyul ayında respublikaçı senator Ron Pol ABŞ-ın dövlət borcunun azaldılması problemini həll etməyə çağırıb. O, bunun üçün hərbi xərclərin, sosial müdafiə xərclərinin azaldılmasını, həmçinin korporativ güzəştlərin ləğv edilməsini təklif kimi irəli sürüb.

Dünyanın ikinci böyük iqtisadiyyatı – Çində vəziyyət yenə kritikdir. Ölkənin İstehsalat Sənaye Satınalma İdarəçiləri indeksi yanvar ayında son 3 ilin ən aşağı səviyyəsinə düşüb. Bu indeks yanvarda dekabr ayındakı 49.7 baldan 49.4 bala düşüb. Bazarın gözləntisi isə indeksin 49.6 səviyyəsində qalacağı istiqamətində idi.

Milli Statistika Bürosu tərəfindən nəşr olunan rəsmi məlumatlarda qeyd edilir ki, istehsal sektorunda daralma son altı aydır davam edir. Yetkililər indeksin geriləməsinə səbəb kimi qlobal tələbin azalmasını və şirkətlərin istehsal imkanlarını azaltmalarını göstərirlər.

O ki qaldı Çinin pul vahidinin taleyinə, Fransanın "Societe General" bankının proqnozuna görə, Çin 6 ay ərzində valyuta ehtiyatlarını xərclədikdən sonra "üzən məzənnə"yə keçə bilər. Bankın analitiki Albert Edvards bildirib ki, Çinin xarici valyuta ehtiyatları böyük sürətlə azaldığından bir neçə ay ərzində tükənə bilər və belə olarsa, hökumətin yuanın məzənnəsini sərbəst buraxacağı proqnozlaşdırılır. A.Edvardsın fikrincə, Çin yuanı dəstəklədikdə maliyyə bazarları bunu xoş qarşılasa da, hökumət bu vəziyyəti normal hesab etmir.

Rəsmi məlumatlara görə, Çinin valyuta ehtiyatları yanvarın 1-nə 3,33 trln. dollar təşkil edib. A.Edvards yanvar ayında ehtiyatların 120 mlrd. dollar azaldığını proqnozlaşdırıb və bu tendensiyanın uzun müddət davam edəcəyini ehtimal edib. O bildirib ki, Çinin valyuta ehtiyatları 2,8 trln. dollar endikdə Beynəlxalq Valyuta Fondunun (BVF) tövsiyə etdiyi minimum miqdarı keçmiş olacaq. Valyuta ehtiyatlarının 2,8 trln. dollara qədər geriləməsi isə qısa zamanda mümkün görünür. "Societe General"a görə, minimum səviyyədən aşağı düşən valyuta ehtiyatları spekulyativ valyuta alışını daha da artıra bilər, nəticədə Çin Xalq Bankı (Çin Mərkəzi Bankı) yuanın "üzən məzənnə"yə keçməsinə icazə verəcək. "Societe General" bankın iqtisadçısı Vei Yaoya görə, Çinin valyuta ehtiyatları 2014-cü ilin ortaları ilə müqayisədə 663 mlrd. dollar və ya 16,6% azalıb. Onun fikrincə, Çin Xalq Bankı bu vəziyyəti ən yaxşı halda ilin sonuna qədər idarə edə bilər.

Söz fransız bankından düşmüşkən, Fransanın maliyyə naziri Mişel Sapin ümumi daxili məhsulun 4 faizə yaxınını təşkil edən büdcə kəsirinin bu il 3.3 faizə düşəcəyini deyib. Avropa Birliyinin maliyyə meyarları isə bu rəqəmin 3 faizdən aşağı olmasını nəzərdə tutur. Yeri gəlmişkən, Avropa Birliyi Avro Bölgəsinin ikinci böyük iqtisadiyyatının bu nisbəti 2015-ci ildə 0.5 faiz, 2016-cı ildə 0.8, 2017-ci ildə 0.9 faizə salmasını istəyir.

Lakin keçən ilin noyabrında Parisdə baş verən terrordan sonra Fransa terrorla mübarizə büdcəsini artırıb. Fransa prezidenti Francois Hollande terrorla mübarizənin özləri üçün Avropa Birliyinin maliyyə meyarlarına cavab verməkdən daha önəmli olduğunu deyir.

Rusiya Mərkəzi Bankı rus iqtisadiyyatının kiçilmə nisbətinin bu ilin ilk rübündə 1 faizdən az olacağını bildirib. Ölkədə Ümumi Daxili Məhsul illik bazda 1.7 faiz azalıb. Artıq Rəsmi Kreml neftin qiymətinin azalmasının səbəb olduğu böhranla mübarizə aparmaq üçün dövlət şirkətlərinin özəlləşdirilməsi planını tətbiq etməyə hazırlaşır. Satışların xarici sərmayəçilərə də açıq olduğu irəli sürülüb. Ancaq mütəxəssislər Ukrayna böhranı səbəbindən xarici investorların Rusiyaya maraq göstərəcəklərini düşünmürlər.

İspaniyada işsizlik nisbəti yanvar ayında 1.4 faiz artım nümayiş etdirib. Ölkənin Əmək Nazirliyinin açıqlamasına görə, yanvarda işsizlərin sayı 57,247 artımla 4.15 milyona yüksəlib.

Məşğulluq itkisi əsasən xidmət sektorunda baş verib.

İş dünyası

Dünyanın ən böyük neft şirkətlərindən olan “Royal Dutch Shell”in illik qazancı 2015-ci ildə son 13 ilin ən aşağı səviyyəsinə düşüb. 2014-cü ildə 19 milyard dollar gəlir əldə edən şirkətin 2015-ci ildəki qazancı 4 milyard dollardan aşağı olub.

“LUKoil Europe Holdings B.V." və Avstriyanın "AMIC Energy Management GmbH" şirkəti arasında "LUKoil" şirkətinin Litva, Latviya və Polşadakı 230 yanacaqdoldurma stansiyasının satılması barədə müqavilə imzalanıb. Alqı-satqı əməliyyatının bu ilin II rübündə yanacaqdoldurma stansiyaları yerləşən ölkələrin müvafiq antiinhisar qurumlarının razılığı alınandan sonra başa çatması gözlənilir.

Diqqətə çatdıraq ki, bu ölkələrdəki yanacaqdoldurma şəbəkələrinin satılması qərarı "LUKoil" şirkətinin Avropadakı aktivlərinin optimallaşdırılması çərçivəsində qəbul edilib.

İsveçrənin ikinci ən böyük bankı “Credit Suisse” 2008-ci ildən sonra ilk dəfə zərərə düşüb. “Credit Suisse”in 2015-ci ildə dəqiq zərəri 2 milyard dollar proqnoza qarşı 2.92 milyard dollar olub. Bank keçən ilin son rübündə 3 milyard dollara yaxın dəyər itirib. Vəziyyət o həddədir ki, maliyyə qurumunun rəhbəri qənaət tədbirləri çərçivəsində 4 min işçisini işdən çıxarmağı planlaşdırdıqlarını söyləyib.

“Standard & Poor`s" beynəlxalq reytinq agentliyi ABŞ-ın aparıcı enerji şirkətlərinin reytinqini aşağı salıb. Buna səbəb də dünya bazarında neftin qiymətinin aşağı düşməsidir. Reytinq cədvəlindən aydın olur ki, "Chevron" şirkətinin reytinqi 30 ildə ilk dəfə zəifləyib: "AA"dan "AA-"ya düşüb. "Hess"in reytinqi isə "BBB"dən "BBB-"a düşüb. Hər iki hal üçün proqnoz "sabit"dir.

"Exxon Mobil Corp", "ConocoPhillips" və "Anadarko Petroleum"un kreditqabiliyyətlilik reytinqi zəifləyib və "mənfi" proqnoza düşüb. Beləcə "Exxon" "AAA" reytinqini itirə bilər. Qeyd edək ki, ABŞ-ın ən nəhəng neft şirkəti 1930-cu ildən bu reytinqi qoruyur.

Yenidən baxış və qiymətləndirmə 90 gün ərzində başa çatdırılacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl "S&P" "Shell"in reytinqini "AA-"dən "A+"ə azaltmışdı. Eyni zamanda BP, "Eni", "Repsol", "Statoil", "Total"da azalma və "mənfi" proqnoz qeydə alınmışdı.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə...

Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 2016-cı il yanvarın 1-nə 21 318,6 mln. manat təşkil edib ki, bu da dekabrın 1-nə olan analoji göstəricidən 3 874,1 mln. manat və ya 22,21% çoxdur. Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəsmi hesabata əsasən 2015-ci ilin əvvəli ilə müqayisədə bu göstərici 247,8 mln. manat və ya 1,15% azalıb.

Qeyd edək ki, Azərbaycanda geniş pul kütləsinin maksimal həcmi 2014-cü ilin noyabrında qeydə alınıb və 21 689,8 mln. manat təşkil edib.

Azərbaycanda manatla geniş pul kütləsi yanvarın 1-nə 8 613,1 mln. manat təşkil edib ki, bu da dekabrın 1-nə nisbətən 436,9 mln. manat və ya 4,83%, ötən ilin əvvəli ilə müqayisədə isə 8 822,7 mln. manat və ya 50,6% azdır.

Qeyd edək ki, manatla geniş pul kütləsinin maksimal həcmi 17 525,2 mln. manat təşkil edib və 2014-cü ilin noyabrında qeydə alınıb.

Həftənin daha bir önəmli xəbəri Mərkəzi Bankın “Bank Technique”nin lisenziyasını ləğv etməsi oldu. Bununla da ilin əvvəlindən lisenziyası ləğv olunan bankların sayı yeddiyə çatdı - "Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "NBCBank", "AtraBank", Qafqaz İnkişaf Bankı və "Texnika Bank". Lakin bu, prosesin sonu deyil. MB-nin statistikasına görə, Azərbaycanda 11 bank ləğv olunma prosesindədir. 2015-ci ilin yekunları üzrə belə bankların sayı 7 (2008-ci ildə lisenziyası geri çağırılmış "Poçtbank" və "Atlantbank", "Debutbank" (2010-cu il), "Birlik Bank" (2011-ci il), "Royal Bank" (2012-ci il), "Evrobank" və "Azerbaijan Credit Bank") idi.

Yola saldığımız həftə həm də üç böyük dövlət qurumunun - Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinə xitam verilməsiylə yadda qaldı. Bu təşkilatların əvəzində

Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı.

Maliyyə Nazirliyi isə dövlət istiqrazlarının buraxılışına başladı. Həftənin cümə günü Maliyyə Nazirliyinin “Bakı Fond Birjası” QSC-də hərraca çıxartdığı manat və ABŞ dollarında olan dövlət istiqrazlarının buraxılışı uğurla həyata keçirilib. Ümumi həcmi 12 mln. dollar olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq 2,77% və 3,02% gəlirlilik dərəcəsi ilə investorlar tərəfindən alınıb.

Eyni zamanda ümumi həcmi 20 mln. manat məbləğində 6 aylıq və 1 illik dövlət istiqrazları müvafiq olaraq 7,79% və 8,8% gəlirlilik dərəcəsi ilə yerləşdirilib.

Maliyyə Nazirliyi ümumi həcmi 500 mln. dollar və 400 mln. manat məbləğində dövlət qeydiyyatından keçmiş emissiya prospektlərinə uyğun olaraq bu ilin sonunadək dövlət istiqrazları üzrə mütəmadi olaraq hərracların keçirilməsini təmin edəcək.

Məndən bu qədər...

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm