Devalvasiya təxirə salındı, neftin taleyi aprelə qaldı - HESABAT
Bizi izləyin

Hesabat

Devalvasiya təxirə salındı, neftin taleyi aprelə qaldı - HESABAT

Yola saldığımız həftə neftin qiymətinin bir qədər dəyər qazanması, qızılın ucuzlaşması ilə yadda qaldı. Beynəlxalq Valyuta Fondu (BFV) Çin yuanını rəsmi olaraq beynəlxalq ehtiyat valyutası kimi tanıdı. ABŞ-da işsizlik nisbəti son səkkiz ilin ən aşağı səviyyəsinə düşdü. Çin hökuməti devalvasiya etməyəcəyinə və islahatlar keçirəcəyinə söz verdi. “Bank Of China"nın London filialı ilə "Qazprom" arasında 2 mlrd. avro həcmində 5 illik kredit anlaşması imzalandı.

Başlayaq neftin qiyməti ilə istehsalçıların müzakirələrindən. Fars körfəzi ölkələri aprelin birinci yarısında region şəhərlərinin birində Neft İxrac Edən Ölkələr Birliyinə (OPEK) üzv və qeyri-üzv neft hasilatçısı ölkələrin görüşünü keçirməyi planlaşdırır. Körfəzin ərəb ölkələrindən birinin OPEK-dəki nümayəndəsinə istinadən mətbuatda yayılan xəbərlərə görə, hələlik nə tarix, nə də məkan müəyyənləşib: “Körfəz ölkələri görüşün aprelin birinci yarısında və Dohada, eləcə də körfəzdəki hansısa digər şəhərdə keçirilməsinə üstünlük verir". Xatırladaq ki, bir müddət əvvəl "Bloomberg" Nigeriyanın neft naziri Emmanuel Kaçikvuya istinadən neft hasil edən ölkələrin görüşünün martın 20-də Rusiyada keçiriləcəyini xəbər vermişdi. Amma OPEK-dən neft hasil edən ölkələrin yeni görüşünün tarixi və yeri haqqında qərarın olmadığı bildirilmişdi. Avro Bölgəsində açıqlanan inflyasiya rəqəmləri hədəflənən 2 faizdən xeyli aşağı oldu. “Facebook”un İngiltərədə ödədiyi verginin həcmi artırıldı.

ABŞ-da 1975-ci ildən bəri tətbiq olunan neft ixracatı qadağasının keçən ilin dekabrında qaldırılmasıdan sonra neft anbarları dolub. Avropaya neft ixracı 518 milyon barelə yüksəlib. Önümüzdəki həftələrdə xam neft daşıyan daha 3 tankerin ABŞ körfəzindən yola çıxacağı bildirilir.

Bu arada ABŞ-da işsizlik nisbəti də keçən ay son səkkiz ilin ən aşağı səviyyəsinə -4.9 faizə düşüb. Ölkənin İş Nazirliyinin məlumatlarına görə keçən ilin yanvar ayındakı məşğulluq artımı 151 mindən 172 minə, dekabr ayında 261 mindən 271 minə yüksəlib. Saatlıq ödəniş 0.03 dollar enişlə 25,35 dollara düşüb.

İstehlakçı və sərmayə xərcləmələrinə dair açıqlanan fevral ayı rəqəmləri iqtisadiyyatın yenidən temp qazanacağı ilə bağlı proqnozları artırıb. Onu da bildirək ki, Amerika iqtisadiyyatının ilin ilk rübündə 2.5 faiz artacağı gözlənir. Bütün bunlar isə iyun ayında FED-in borclanma xərcləri tavanını qaldırmasına səbəb ola bilər.

Çin hökuməti isə fevralın 26-27-də Şanxayda keçirilən G-20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin sammitində devalvasiya etməyəcəyinə və islahatlar keçirəcəyinə söz verib. G-20 iştirakçılarının fikrincə, 2008-ci ildən maliyyə tənzimçiləri tərəfindən tətbiq olunan monetar siyasətdə yumşalmalar iqtisadi artımı stimullaşdırmaq üçün kifayət etməyib. G-20 ölkələrinin hökumətləri ÜDM-i dəstəkləmək üçün fiskal metodlara əl atmalıdır. Buna baxmayaraq, sammitdə konkret fikirlər səslənməyib. Lakin iştirakçılar Çin hökumətinin ixracı və ÜDM-i artırmaq üçün yuanı zəiflətməyəcəyi barədə verdikləri zəmanəti müsbət qarşılayıblar.

G-20 iştirakçıları hazırda qlobal iqtisadiyyat üçün mövcud olan ən böyük risklərin maliyyə bazarlarının volatilliyi, ucuz xammal qiymətləri və B.Britaniyanın Avropa İttifaqından çıxma ehtimalının yaradacağı iqtisadi şok olduğunu bildirib. Qeyd edək ki, sonuncu amilin yarada biləcəyi risk ölkənin maliyyə naziri Corc Osbornun təşəbbüsü ilə kommunikeyə daxil edilib.

Sammitdə qəbul olunmuş müştərək sənəddə "ani valyuta məzənnəsi dəyişikliyi"nin yaradacağı əlavə risklər barədə yazılıb və bu mövzu əsas diqqət mərkəzində olub. Belə ki, ABŞ-ın maliyyə naziri Ceykob Lyuya görə, yuanın kəskin devalvasiyasının baş verməməsi maliyyə bazarlarında sabitliyin başlıca şərtidir. Çin Mərkəzi Bankının sədri Çjou Syaoçuan isə öz növbəsində sammit iştirakçılarını ixracı artırmaq naminə yuanı zəiflətməyəcəyini, ümumiyyətlə, yuanın devalvasiyası üçün səbəb görmədiyini bildirib. O, qeyd edib ki, Mərkəzi Bank xarici maliyyə şirkətlərinin (hedc fondları istisna olmaqla) daxili banklararası istiqraz bazarına daxil olmaq şərtlərini yumşaldıb. Bu bazarın həcmi 50 trln. yuan və ya 5,4 trln. dollara bərabərdir. Bu qərarın ölkədən kapital axınının azalacağına və borc bazarına yeni sərmayənin gəlməsinə şərait yaradacağı gözlənilir. MB sədri, həmçinin borc yükünün ÜDM-də xalis çəkisinin yüksək olduğunu və hər keçən gün daha da artdığını qeyd edərək, bu problemə diqqət ayrılmasının vacibliyini vurğulayıb.

“Moody's" beynəlxalq reytinq agentliyi Çinin kredit reytinqi üzrə proqnozunu "stabil"dən "neqativ"ə saldı. Agentlik bu addımını Çinin artan borc yükü və hökumətin iqtisadiyyatın 5 illik plan çərçivəsində islahatlar həyata keçirməkdə tam müvəffəqiyyət əldə edə bilməyəcəyi üçün atdığını bildirdi.

Reytinq agentliyi iddia edir ki, problemli dövlət müəssisələrinin öhdəliklərini öz üzərinə götürməsi halında Çin hökuməti maliyyə problemləri ilə qarşılaşa bilər. Bu zaman ölkədən çıxan kapitalın sürətlənməsinin də yaradacağı mənfi təsirin, Çin iqtisadiyyatının son 25 ilin ən zəif artımını dəstəkləmək üçün hökumətin imkanlarını məhdudlaşdıracağı ehtimal edilir. "Moody's" dövlətin fond birjalarına və valyuta bazarına intervensiyalarının ölkədə islahatların keçirilməsində şübhələr yaratdığını qeyd edib.

Agentliyin Çinin kredit reytinqi proqnozunu azaltması faktı 2016-cı ilin sonuna doğru ölkənin reytinqinin özünün azaldılması ehtimallarını artırır. Ölkənin əsas fond birjası indeksi olan "Shanghai Composite" bu qərara sakit reaksiya verib və hətta bu günü 3%-dən yuxarı artımla tamamlayıb.

Avropadan da xəbər var. Əvvəlcə Avro Bölgəsində açıqlanan inflyasiya rəqəmlərindən söz açaq. İnflyasiya Avropa Mərkəz Bankının (ECB) hədəflədiyi 2 faizdən xeyli aşağı olub. Avropa Statistika Ofisinin (Eurostat) məlumatlarına görə, keçən ay illik inflyasiya bir əvvəlki aydakı 0.3 faizdən mənfi 0.2 faizə enib.

Xatırladaq ki, Avro Bölgəsində ən son 2015-ci ilin sentyabr ayında mənfi inflyasiya qeydə alınıb.

Qida və enerji xaric rüblük inflyasiya 1 faizdən 0.8 faizə geriləyib. Neftin qiymətindəki enişin inflyasiyası daha da aşağı çəkəcəyinə dair ehtimalları artırıb.

Avropa Mərkəz Bankının martın 10-da keçiriləcək yığıncağında pul siyasətinin gözdən keçiriləcəyi istisna edilmir. Nəzərə çatdıraq ki, bank keçən ilin martında aylıq 60 milyard avro həcmində pul genişləmə proqramı reallaşdırmışdı.

İtaliyada ötən ilin son rübündə iqtisadiyyat əvvəlki rüblə müqayisədə 0.1 faiz böyüyüb. Bu minvalla da ölkədəki ümumi daxili məhsul artımının illik əsasda 1 faiz olacağı irəli sürülür. İtaliya Milli Statistik İnstitutunun (ISTAT) məlumatına əsasən, İtaliyada artım nisbəti 2015-ci ildə 3 il fasilədən sonra ilk dəfə müsbət rəqəmlər nümayiş etdirib. Belə ki, 2012-ci ildən etibarən böhran yaşayan və 2014-cü ilə qədər üç il üst-üstə kiçilən İtaliya iqtisadiyyatı Beynəlxalq Pul Fondunun proqnozuna görə, 2016-cı ildə 1.3 faiz, 2017-ci ildə isə 1.2 faiz nisbətində böyüyəcək.

Avropanın böhran keçirən daha bir ölkəsində - İspaniyada işsizlərin siyahısına daha 2231 nəfər əlavə olunub. İş Nazirliyindən açıqlanan məlumatlara görə, 0.05 faizlik bu artım ölkədə rəsmi işsizlərin sayının 4 milyon 150 minə yüksəlməsinə gətirib çıxarıb. Onu da yada salaq ki, İspaniya işsizlik nisbətinə görə, (20.5 faiz) Avro Bölgəsində Yunanıstandan sonra ikinci sırada yer alır.

Son beş ildir aşağı iqtisadi artım və yüksək inflyasiya ilə mübarizə aparan Latın Amerikasının ən böyük, dünyanın yeddinci iqtisadiyyatı Braziliya 25 ilin ən böyük iqtisadi daralmasını yaşayır. Ölkədə ümumi daxili məhsul 3.8 faiz azalıb. Beləliklə, Braziliya G-20 ölkələri arasında ən aşağı iqtisadi böyümə nisbətinə sahib olub. Braziliya 10.7 faizlik inflyasiya nisbətiylə də bu ölkələr arasında ən yüksək göstəriciyə sahibdir. Mütəxəssislər Braziliya iqtisadiyyatındakı daralmanın yaxın gələcəkdə tərsinə dönəcəyini düşünmürlər.

İş dünyası

Martın 3-də "Bank Of China"nın London filialı ilə "Qazprom" arasında 2 mlrd. avro həcmində 5 illik kredit anlaşması imzalanıb. Bu, "Qazprom"un tarixində bir maliyyə qurumundan cəlb etdiyi ən böyük kredit vəsaitidir.

Müqavilə Şanxayda "Qazprom"un İdarə Heyətinin sədr müavini Andrey Kruqlov və "Bank of China"nın London filialının vitse-prezidenti Van Xuabin arasında imzalanıb.

İngiltərədəki reklam gəlirlərini İrlandiyadakı mərkəzində mühasiblikləşdirərək İngiltərədə aşağı vergi ödəməklə tənqid olunan Facebook artıq bu ölkədə daha çox vergi ödəyəcək.

2014-cü ildə İngiltərədəki 45 milyon avroluq dövriyyəyə qarşı 5 min avro vergi ödəyən dünyanın ən böyük ictimai paylaşma şəbəkəsi “Facebook” bundan sonra daha çox vergi verəcək. Çünki İngiltərədə vergi qanununa edilən dəyişikliklər əməliyyatların daha şəffaf icra edilməsini tələb edir. Aprel ayından etibarən qüvvəyə minəcək qanunda “Facebook” və Google” şirkətləri İngiltərədə 25 faiz nisbətində vergi ödəyəcəklər.

Azərbaycan

Yola saldığımız həftə Azərbaycan iqtisadiyyatı üçün də gərgin keçdi. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanunu imzaladı.

2016-cı il dövlət büdcəsinin gəlirləri 16 822 000,0 min manat, xərcləri 18 495 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 16 055 654,5 min manat, yerli gəlirləri 766 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 16 953 749,0 min manat, yerli xərcləri 1 541 251,0 min manat) məbləğində təsdiqləndi.

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 3%, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsininin yuxarı həddini 12% müəyyən etdi. Qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən, Fondun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı banklardakı əmanətlər 3 il müddətində tam sığortalanır.

Qeyd edilən tarixdən etibarən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3%-dən və milli valyutada 12%-dən yuxarı olarsa, bu əmanətlər Fond tərəfindən sığortalanmır və onlara görə kompensasiya ödənilmir.

Hüquqi status dəyişdirilərək "publik hüquqi şəxs" ünvanı alan Mərkəzi Bank makroiqtisadi sabitliyin təmin olunması hədəflərini və pul-maliyyə bazarlarındakı yeni meylləri nəzərə alaraq, faiz dəhlizinin parametrlərini yenidən nəzərdən keçirdi.

İdarə Heyətinin qərarı ilə 4 mart 2016-cı il tarixindən uçot dərəcəsi 7%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi isə 17% səviyyəsində müəyyən edilib. Likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddi isə dəyişməz olaraq 2% səviyyəsində saxlanılıb.

Eyni zamanda qərara alınıb ki, faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə likvidliyin verilməsi və cəlb olunması əməliyyatlarının müddəti 1 gündən 7 günədək uzadılsın. Banklar qısamüddətli likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bankın çərçivə aləti olan 1-7 günlük repo/əks-repo əməliyyatlarından öz təşəbbüsləri ilə istifadə edə bilər. Bunlardan əlavə, məcburi ehtiyat normalarının differensiallaşdırılmasına dair də qərarlar qəbul edilib, müvafiq normativ baza hazırlanıb.

Qeyd edək ki, bu qəraradək uçot dərəcəsi 5% səviyyəsində idi.

Məndən bu qədər...

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm