FED-in mühüm qərarı, ucuzlaşan dollar və neft hasilatının dondurulması - HESABAT
Bizi izləyin

Hesabat

FED-in mühüm qərarı, ucuzlaşan dollar və neft hasilatının dondurulması - HESABAT

Yola saldığımız həftə bütün gözlər ABŞ Mərkəzi Bankının (FED) toplantısına kökləndi. FED gözləntilərin və proqnozların əksinə olaraq faiz dərəcəsinə dəymədi. Bununla da birjalar bir qədər nəfəs aldı.Neftin qiymətini 50 dollara yüksəltmək istəyən istehsalçılar isə hasilatı dondurmağa dair müzakirələri davam etdirdilər. Rusiya energetika nazirinin sözlərinə inanılsa, artıq 15 ölkə dondurulma ilə bağlı aprel ayında keçiriləcək toplantıya qatılmağa razılıq verib. Nə deyək, xeyirlisi…

Başlayaq FED-in ürək döyüntüsü ilə dözlənilən toplantısından. ABŞ Mərkəz Bankı 2 gün davam edən toplantısında uçot dərəcəsini dəyişməyərək 0.5 faizdə saxlayıb. Həmçinin, 2016-cı il üçün bir dəfə faiz artımı nəzərdə tutulub.

Xatırladaq ki, bank bundan əvvəl dekabr iclasında uçot dərəcəsini 0.25 faiz artırmışdı, 2016-cı il üçün üç dəfə faiz artımı edəcəyini proqnozlaşdırmışdı. Yeri gəlmişkən, bu qərardan sonra dollar sürətlə dünyanın digər valyutalarına qarşı ucuzlaşmağa başladı. Avronun məzənnəsi 1.1070 səviyyəsindən 1.1170 səviyyəsində yüksəldi. ABŞ valyutası dörd ildən sonra ən güclü dəyər itkisini verir.

Analitiklərin sözlərinə görə, FED-in faizi artırmaması və 2016-cı ildə faiz artımları ilə bağlı proqnozlarını aşağı salması dolları ciddi şəkildə yaralayıb.

FED-in qərarından sonra Rusiya Bankı (Rusiya Mərkəzi Bankı) da uçot dərəcələrini 11% səviyyəsində sabit tutaraq dəyişdirmədi. Düzdür, Rusiya Bankı uçot dərəcələrini 2015-ci ilin avqustundan etibarən dəyişməyib. Bankdan verilən açıqlamaya görə, qlobal maliyyə bazarlarının sabitləşməsinə, inflyasiyanın azalmasına baxmayaraq, inflyasiya riskləri yüksəkdir. "Risklər neft bazarında konyunktura və büdcənin ayrı-ayrı parametrlərində qeyri-müəyyənliklə əlaqəli olub", - deyə Rusiya Bankının mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edək ki, Rusiyada inflyasiya həddi yanvar ayının yekunlarına görə 9,8%-dən 7,9%-ə enib. Rusiya İqtisadi İnkişaf Nazirliyi mart ayı yekunlarına görə inflyasiyanın 7,5-7,6%-ə geriləyəcəyini proqnozlaşdırıb. İnflyasiyanın azalması Rusiya Bankının növbəti iclasda uçot dərəcələrini azaldacağını ehtimal etməyə əsas verir.

Fransa Mərkəz Bankının rəhbəri isə ölkə iqtisadiyyatının bu il 1.4 faizdən daha az artacağını deyib.

Avropa Mərkəz Bankı idarə heyətində vəzifəsini davam etdirən Francois Villeroy də Galhau Avropa Mərkəz Bankının bütün Avro Bölgəsi üçün artım proqnozunu 1 faizə qədər revize etdiyini deyib. Halbuki Fransa Mərkəz Bankı dekabrdakı hesabatında 2016-cı il üzrə artım nisbətini 1,4 faiz proqnozlaşdırmışdı. Hökümət isə 1,5 faiz olan artım proqnozunu dəyişdirməmişdi .

İqtisadçılar hesab edir ki, işsizliklə mübarizə apara bilmək üçün ümumi daxili məhsulun illik böyümə nisbəti ən az 1.5 faiz olmalıdır.

Banqladeş Mərkəzi Bankından da xəbər var. Bank bu dəfə nə uçot stavkasını dəyişib, nə də ölkə üzrə artım proqnozunu. İlin-günün bu vaxtında bankdan 81 milyon dollar oğurlanıb. Əvvəlcədən hazırlanmış oğurluq planına görə, kiber cinayətkarların əsas məqsədi bankdan 1 milyard dollar çəkmək olub. Lakin hakerlər onlayn əməliyyat zamanı “foundation” sözünün əvəzinə yanlışlıqla “fandation” yazıblar. Nəticədə proses yarımçıq başa çatıb. Belə ki, 13 mərhələli əməliyyatı həyata keçirmək istəyən oğrular ilk 4 mərhələni keçə biliblər. Kiber cinayətkarlar bankın hesab nömrələrinə daxil olmaq üçün əvvəlcədən özlərinin hazırladıqları saxta profillərlə mərkəzi ABŞ Federal Ehtiyatlar Bankına sorğu göndəriblər. ABŞ tərəfi bu profillərin saxta olmasını aşkar edə bilmədiyi üçün onların profilləri qeydə alınıb. Nəticədə isə həmin xakerlər rahatlıqla bankın hesablarına girməyi bacarıblar.

Artıq bu barədə Banqladeş prokurorluğunda cinayət işi başlanıb. Həmçinin digər bank hesabı olan müştərilərin də hesabları müvəqqəti olaraq dondurulub.

Dünyada dərdsiz iqtisadiyyat yoxdur. Avro Bölgəsində bazar gözləntiləri və iqtisadçıların proqnozları özünü doğruldaraq fevral ayında istehlakçı qiymətləri illik əsasda 0.2 faiz gerilədi. Avropa Birliyi Statistika Ofisinin məlumatına əsasən, 19 üzvlü bölgədə aylıq inflyasiya iqtisadçıların 0.1 faiz proqnozundan yüksək - 0,2 faiz olub. Enerji və qida məhsullarının qiymətləri daxil edilmədən hesablanan baza inflyasiyası illik əsasda 0.8 faiz, aylıq əsasda 0.3 faiz yüksəlib. Fevral ayında xidmət sektorunda qiymətlərdəki artım isə 0.9 faiz təşkil edib.

Çin iqtisadiyyatından da xəbər var. Belə ki, durğunluğa baxmayaraq səlahiyyətlilər iqtisadiyyatda sərt enişin yaşanmayacağını bildirirlər. Beijingdə 12 gün davam edən Milli Xalq Konqresinin toplantısından sonra keçirilən mətbuat konfransında baş nazir Li iqtisadiyyatı yolunda tuta bilmək üçün "inovatif tədbirlər" tətbiq edəcəyini açıqladı: "Həm çətinlik, həm də ümid var. Çin iqtisadiyyatında artımın uzun vədədə davam edəcəyinə əminik. İslahatların aparılması şəraitində iqtisadiyyatımızda sərt enişlər yaşanmayacaq".

Bildirək ki, Çin Xalq Konqresinin Baş Assambleyası yeni beş illik planı təsdiqləyib. Yeni plan çərçivəsində 2016-2020 illərdə illik artım nisbəti minimum 6,5 - 7 faiz arasında sabit saxlanılacaq.

İş dünyası

Yola saldığımız həftə iş dünyasının ən diqqət çəkən hadisəsi Beynəlxalq Futbol Federasiyaları Birliyi - FIFA-nın 2002-ci ildən sonra ilk dəfə zərərlə üzləşməsidir. FİFA 108 milyon avro zərərə düşüb. Çünki təşkilata qarşı hüquqi iddialar nəticəsində məhkəməyə və hüquqşünaslara ödəmələr 2015-ci ildə 2014-cü illə müqayisədə iki dəfə artıb. Deyilənlərə inansaq bu xərcləmələr 54 milyon avrodur.

Avropanın ən böyük sığorta şirkətlərindən olan “General” isə 2015-ci ildə dəqiq qazancının 22 faiz artdığını açıqlayıb. Şirkətin ötən il qazancı 2 milyon avro olub.

“Türk axını" layihəsinin həyata keçirilməsinin müddəti Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılması və hökumətlərarası sazişin imzalanmasından sonra dəqiqləşəcək". Bunu "Qazprom"un idarə heyətinin üzvü Oleq Aksyutin deyib. Xatırladaq ki, "Qazprom" Avropa tərəfdaşları ilə birlikdə Qara dənizin altından və Bolqarıstandan keçməklə Avropaya açılan və 63 milyard kubmetr gücə malik "Cənub axını" qaz boru kəmərinin inşasını planlaşdırırdı. Ancaq Avropa Komissiyasının mövqeyi səbəbilə Rusiya layihədən imtina etdi və Türkiyə vasitəsilə Avropaya çıxış olan "Türk axını" layihəsini öyrənməyə başladı.

Rusiya qazının Türkiyəyə aşağı qiymətə veriləcəyiylə bağlı razılıq əldə olunduqdan sonra kəmərin inşası məsələsi müzakirə olunmağa başlandı. Amma Türkiyədəki seçkilər və hakimiyyətin dəyişməsiylə danışıqlar dayandırıldı. Sonradan isə Suriya sərhədində Türkiyənin hərbi qüvvələrinin Rusiya təyyarəsini vurması ilə iki ölkə arasındakı münasibətlər daha da çətinləşdi.

Azərbaycan

Yola saldığımız həftə “Statkom” ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqladı. Bəlli oldu ki, bu ilin iki ayında Azərbaycan əhalisi ərzaq məhsullarına 2,2 mlrd. manat xərcləyib, ölkəmiz təbii qaz ixracından gəlirlərini 33% artırıb, yanvar-fevral aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,7% bahalaşıb, iqtisadiyyatımız 3,2% azalıb, muzdla çalışanların nominal əməkhaqqı 8%, əhalisinin gəlirləri 10% artıb, dövlət büdcəsində 833 mln. manatlıq profisit yaranıb. Eləcə də 2016-cı ilin yanvar-fevral aylarında əsas kapitala 1834,9 milyon manat məbləğində vəsait yönəldilib, xarici ticarət dövriyyəsi 1099,9 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 657,1 milyon dollarını və ya 59,7 faizini ölkədən ixrac olunmuş məhsullar, 442,8 milyon dollarını (40,3 faizini) isə idxal məhsulları olub. 2016-cı ilin fevral ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 21186,2 milyon manat təşkil edib. Onun 16165,2 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il fevral ayının 1-i ilə müqayisədə 14,0 faiz artıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,2 faizini təşkil edib. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləğinə gəlincə, fevral ayının 1-nə 8643,3 milyon manat təşkil edib.

Həftənin daha bir mühüm xəbəri Mərkəzi Bankın “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nı təsdiqləməsidir. Yeni qaydalara əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10 000 (on min) ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50 000 (əlli min) ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər, bu hallar istisna olmaqla bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasından çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.

Nəhayət, Azərbaycan "Doing business" hesabatında 17 pillə irəliləyərək 80-ci yerdən 63-cü pilləyə qalxıb. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun bu barədə açıqlamasına görə, etalon qanunvericiliyə yaxınlıq indeksi üzrə Azərbaycana verilən bal da artırılıb: "Ötən il Azərbaycana bu standart üzrə 64,8 bal verilmişdi, bu il isə bu bal 67,8-ə çatdırılıb". Nazir müavini qeyd edib ki, Azərbaycan bu il üç və daha artıq islahat keçirən 24 ölkə sırasına daxil edilib:"Azərbaycan "Doing business 2016" hesabatına üç əsas islahatı salınıb. Onlardan birincisi biznesə başlamaq, ikincisi tikintiyə icazələrin alınması və üçüncüsü isə kiçik investorların hüquqlarının qorunması ilə bağlı islahatlardır. Bu isə ölkəmizin üç və daha artıq islahat keçirən 24 ölkə sırasına daxil olmasına səbəb olub".

Məndən bu qədər… Hər birinizə hüzurlu bayram tətili diləyi ilə növbəti həftədə görüşənədək…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm