Doha oyunu, ABŞ-da 100 ildən sonra bir ilk, kiçilən Rusiya – HESABAT
Bizi izləyin

Hesabat

Doha oyunu, ABŞ-da 100 ildən sonra bir ilk, kiçilən Rusiya – HESABAT

Yola saldığımız həftə diqqətlər əmtəə birjasındakı qiymətlərə yönəldi. Baxmayaraq, 16 neft istehsalçısı arasında Qətərin paytaxtı Dohada istehsalın dondurulması üçün aparılan danışıqlar uğursuzluqla nəticələndi və neftin qiyməti ilin zirvəsinə yüksəldi. Son 100 ildə ilk dəfə Amerika dollarları üzərində qaradərili qadın şəkillərinin əks olunmasına qərar verildi. Avropa Mərkəzi Bankı faiz nisbətini dəyişdirmədi. Çinin qlobal ixracda payının artdığı məlum oldu. İspaniya hökuməti büdcə kəsirinin əlində naəlac qaldı.

Başlayaq uğursuzluqla nəticələnən Doha görüşündən. İran hasilatını dondurmayacağını bildirərək toplantıya qatılmadı. Səudiyyə Ərəbistanı İranın istehsalın dondurulması razılaşmasına daxil olmayacağı halda istehsalını sabit saxlamayacağını bildirdi.

Rusiyanın energetika naziri Aleksandr Novak bəzi OPEK ölkələrinin neft hasilatının dondurulması ilə bağlı iclas başlamazdan az əvvəl mövqelərini dəyişdirdiklərini deyərək bunları söyləyib: “Bunlar Səudiyyə Ərəbistanı və bəzi körfəz ölkələridir. Onlar neft hasilatının dondurulması ilə bağlı fikri iclasda iştirak etməyən digər ölkələrin də dəstəkləməsinin zəruriliyini təklif ediblər. Həmin iştirak etməyən ölkələr isə İran və Liviya kimi OPEK-ə üzv dövlətlər və təşkilata üzv olmayan nəhəng ixracatçılardır”.

İraqın neft nazirinin müavini Fayyad Əl-Nima OPEK-in mühüm üzvlərinin və digər neft istehsalçılarının qiymətləri yüksəltmək naminə istehsalı dondurmaq qərarını yenidən müzakirə edəcəklərini söyləyir. O bildirib ki, növbəti toplantı may ayında Rusiyada reallaşacaq.

Son 100 ildə ilk dəfə Amerika dollarları üzərində qaradərili qadın şəkilləri olacaq. Birləşmiş Ştatların maliyyə naziri Ceykob Lyunun dediyinə görə, 20 dollarlıq kağız əsginazlar üzərində XIX əsrdə köləlik əleyhinə hərəkatın qəhrəmanı sayılan və vaxtikən qul olan zənci qadın Harriyet Tabmenin şəkili öz əksini tapacaq. Onun şəkili banknotun ön tərəfində yer alacaq. Kağız pulun arxa tərəfində isə əvvəlki kimi Ağ ev və ABŞ-ın 7-ci prezidenti Endryu Ceksonun portreti olacaq. Nazir qeyd edib ki, yeni 20, 10 və 5 dollarlıq əsginazların yekun dizaynı qadınlara səs hüququ verən Konstitusiyaya 19-cu düzəlişin 100 illiyinin qeyd ediləcəyi 2020-ci ilədək tam hazır olacaq.

Çinin qlobal ixracda payı 2015-ci ildə artmaqda davam edib və ABŞ-ın 1968-ci ildə əldə etdiyi paydan bu yana bir ölkənin tutduğu ən yüksək səviyyəyə çıxıb. Birləşmiş Millətlər Təşkilatının Ticarət və Məşğulluq Konfransı tərəfindən toplanan məlumatlara görə, Çinin qlobal ixracda payı 2015-ci ildə 2014-cü ildəki 12,3%-dən 13,8%-ə yüksəlib. Milyarder sərmayəçi Corc Soros Çinin borc ilə qidalanan iqtisadiyyatının 2007-2008-ci illərdə ABŞ-ın vəziyyətinə bənzədiyini deyib: “Çinin mart ayında kredit artımı rəqəmləri xəbərdarlığa işarədir. Dünyanın ikinci ən böyük iqtisadiyyatında yeni kreditlərin həcmi ötən ay 2.34 trilyon yuan (362 milyard dollar) səviyyəsinə çatıb. Halbuki bu göstərici 1.4 trilyon yuan səviyyəsində gözlənilirdi. Yaranmış vəziyyət hökumətin borclarını nəzarət altına almaqdan daha çox iqtisadi artımı təmin etməyə üstünlük verdiyinə işarə edir.

Qeyd edək ki, təxminən 24 milyard dollar sərvəti olan Soros son dövrlər Çin hökuməti ilə şifahi "müharibəyə" girişmiş vəziyyətdədir.

Yola saldığımız həftə Avropa Mərkəz Bankının idarə heyəti Almaniyanın Frankfurt şəhərində toplantıdı. Bank faiz nisbətini dəyişdirmədi. Göstərici faiz nisbətini 0.00 olaraq sabit tutulmasına qərar verdi. Bank əmanət faizini də -0,40 faiz səviyyəsində saxlayıb. Aylıq aktiv alışı proqramı da 80 milyard avroda qalıb. Xatırladaq ki, AMB mart ayındakı iclasında siyasət siyasət faizini 0,05%-dən 0%-ə endirərək, aylıq aktiv alış məbləğini 60 milyard avrodan 80 milyard avroya çıxarmışdı.

İspaniya hökuməti büdcə kəsirinin ümumi daxili məhsula nisbətinin bu il proqnozlaşdırılandan çox 3.6 faiz olacağını açıqladı. İspaniyanın əvvəlki hədəfi -2,8 faizi tutması üçün ictimai xərclərdə 25 milyard avro kəsintiyə gedəcəyi proqnozlaşdırılır.

2014-cü ilin sonunda "üzən məzənnə" rejiminə keçməsindən sonra valyutası neftdən asılı vəziyyətə düşən Rusiya üç illik büdcə proqnozlaşdırmasına qərar verdi. Ölkənin maliyyə naziri Anton Siluanov bildirdi ki, yeni büdcə qaydaları Rusiya iqtisadiyyatının neftdən asılılığını zəiflədəcək: “Maliyyə Nazirliyi yeni büdcə qaydalarının layihəsini hazırlayır. Sənədə əsasən, neft qiymətləri 40-50 dollar/barel diapazonunda olacağı təqdirdə dövlət xəzinəsi ehtiyatlarını artıracaq. Əgər neftin qiyməti bundan artıq olarsa, əlavə gəlirlər təhlükəsizlik yastığını artırmaq və milli valyutanın həddindən artıq möhkəmlənməsinin qarşısının alınması üçün yenə də toplanacaq".

A.Siluanovun sözlərinə görə, nazirliyin təqdim etdiyi yeni büdcə qaydaları artıq maliyyə stabilliyinin təmin olunması üzrə Milli Şura tərəfindən konseptual olaraq bəyənilib və payız aylarında hökumət və parlamentə təqdim olunacaq.

"Bloomberg"dən verilən məlumata əsasən, dünyanın ən böyük enerji resurslarının ixracatçısı olan ölkə kimi Rusiya Şimali Avropa təcrübəsindən istifadə edərək nəzərdə tutulan qiymət diapazonundan əlavə əldə edilən gəlirin xərclənməsinə mane olan büdcə layihəsi hazırlayır. Agentliyin fikrincə, bu, Rusiya iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq və neft qiymətlərinin kəskin dəyişməsindən qorumaq üçün atılan müsbət addımdır.

İş dünyası

“İntel” işçilərinin 11 faizini -12 min nəfəri işdən çıxarmağa hazırlaşır. Şirkətin hansı ölkələrdən işçiləri çıxaracağına gəlincə, verilən açıqlada fabriklərin çoxunun ABŞ-da yerləşdiyi bildirilib.

Bütün sektorda qlobal satışların 12 faiz azalması şirkətin bu qərarına təsir edib.

1968-ci ildə qurulan “İnte”, gəlirinin 60 faizini kompyuter istehsalçılarına satdığı electron məhsullardan təmin edir.

Rusiyanın ən böyük neft şirkəti “Rosneft” neftin qiymətinin aşağı düşməsi səbəbindən kiçilməyə gedir.

Rusiyanın nəhəng neft şirkəti Rosneft-dən edilən açıqlamada, bazar şərtlərində qeyri-sabitliyin davam etməsi səbəbindən “Rosneft”in Moskvada yerləşən mərkəzi ofisində 20 faiz kiçilməyə gedəcəyi bildirilib.

Şirkət kiçilmə sayəsində iqtisadi cəhətdən daha səmərəli şirkətə çeviriləcəyinin qeyd edildiyi açıqlamada, şirkət investisiyalarının da daha səmərəli hala gələcəyi qeyd edilib.

“Rosneft”in 69,5%-lik səhminə sahib olan Rusiya hökuməti, neftin qiymətinin aşağı düşməsi və bazardakı sanksiyalar səbəbindən şirkətin 19,5%-lik hissəsini ilin sonuna qədər özəlləşdirməyi planlaşdırır.

Gəldik çatdıq öz ölkəmizə…

Yola saldığımız həftə Prezident İlham Əliyevin fərmanları əsasında investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri təsdiqləndi, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradıldı. Prezidentin sərəncamıyla “Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişiklikləri təsdiqləndi.

Həftənin daha bir hadisəsi Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı oldu. Palata Azərbaycanda təqaüdçülərə istehlak kreditlərinin verilməsini müvəqqəti dayandırdı. Məlum oldu ki, kredit verilişinin nə vaxt bərpa olunacağı hələ dəqiq deyil, bu istqamətdə araşdırmalar aparılır.

Qeyd edək ki, bundan əvvəl banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi bir ay müddətinə dayandırılmışdı. Palata bu müddətin uzadılması hüququnu da özündə saxlayıb.

"Bakı Metropoliteni" QSC 2015-ci ili 28,305 mln. manat zərərlə başa vurub. Şirkətin zərəri əvvəlki illə müqayisədə 2,7% artıb. Hesabat ilində Cəmiyyətin gəlirləri 90,566 mln. manat, xərcləri 118,871 mln. manat təşkil edib. Bu da öz növbəsində 2014-cü illə müqayisədə müvafiq olaraq 12,6% və 10,1% çoxdur.

Bununla yanaşı, sərnişindaşımadan gəlirləri 2014-cü illə müqayisədə 2,2% artaraq 43,005 mln. manata yüksəlib. Həmçinin, büdcədən subsidiyaların həcmi 5,47% artaraq 37,998 mln. manata çatıb.

Xərclərə gəldikdə, işçi heyəti üzrə xərclər 0,25% azalaraq 42,779 mln. manat, torpaq, tikili və avadanlıqlar üzrə amortizasiya xərcləri 14,67% artaraq 46,272 mln. manat, qeyri-maddi aktivlər üzrə amortizasiya xərcləri isə 56,1% artaraq 234,115 min manat təşkil edib.

Məndən bu qədər …

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm