Qazın qiyməti 80 faiz qaldırıldı
Bizi izləyin

Hesabat

Qazın qiyməti 80 faiz qaldırıldı

Qazın qiyməti 80 faiz qaldırıldı

Daha bir gərgin həftəni yola saldıq.Belə ki, Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının Yaz Toplantısı öz işinə başladı, Rusiya və Ukrayna arasında təbii qazın qiyməti ilə bağlı çəkişmə davam etdi, “Toyota” texniki problemlər səbəbindən təxminən 6,5 milyon avtomobilini geri çağırdı,” Bank of Amerika” irəli sürülən iddiaları dayandırmaq üçün 565 milyard avro təzminat ödəməyi qəbul etdi. Azərbaycana gəlincə, Dövlət Neft Şirkəti bir daha Aİ-95 markalı benzinin qiymətinin qalxmayacağının and-aman etdi, prezidentin fərmanı ilə Neft Fondunun xərcləri 760 milyon manata qədər azaldıldı, Bakı Fond Birjasında ölkənin yeganə dövlət bankı olan Azərbaycab Beynəlxalq Bankının səhmləri satışa çıxarıldı.

Başlayaq həftə sonu ABŞ-ın paytaxtı Vaşinqtonda reallaşan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının Yaz Toplantısından. Qeyd edək ki, görüşün əvvəlində G-7- yə üzv ölkələrin maliyyə nazirləri qlobal iqtisadiyyatdakı inkişafları ələ almaq istiqamətnidə müzakirələr apardılar. Ümumiyyətlə, toplantının ana mövzusunu Yunanıstanın beynəlxalq bazarlara müvəffəqiyyətli girişi, qlobal iqtisadiyyatdakı yaxşılaşma, Ukraynadakı siyasi gərginliyin dünya iqtisadiyyatına təsiri və inkişaf etməkdə olan ölkələrdə böyümənin azalması əsas mövzusunu təşkil etdi.

BVF-nın iqtisadçılarından biri Tomas Helbling Braziliya və Cənub Afrika kimi inkişaf etməkdə olan iqtisadiyyatlarının gözləntiləri altında performans göstərdiyini bildirdi: “Qlobal iqtisadi canlanmanın lokomotivi artıq inkişaf etməkdə olan iqtisadiyyatlar deyil”.

Bu arada onu da bildirək ki, BVF-nın toplantısı dünya iqtisadiyyatı ilə bağlı proqnozların “işinə yaramayıb”. Belə ki, inkişaf etmiş ölkələrdəki artım nisbətlərinə baxmayaraq, dünya iqtisadiyyatı ilə bağlı artım proqnozlarını azaldıb.

BVF rəhbəri açıq şəkildə bəyan edib ki, Ukraynadakı siyasi qarışıqlıq dünya iqtisadiyyatlarını təhdid edir: “Avro bölgəsində struktur islahatları davam etməzsə, bölgə aşağı artım riskiylə qarşılaşa bilər”.

Kredit dərəcələndirmə təşkilatı “Fitch” in məqsədini çözən insan yaqin ki, yer üzündə qalan yeganə varlıq olacaq. Agentlik Portuqaliyanın büdcə kəsirini azaltmaq istiqamətində əhəmiyyətli irəliləyişlərə imza atdığını açıqlayıb. Qeyd edək ki, “Fitch” in “bacısı ilə qardaşı” “Moody's” və “Standart and Poor's” da Portuqaliyanın qeydini mənfidən sabitə yüksəltmişdilər. “Fitch Ratings” isə ölkənin göstəricilərini mənfidən müsbətə yüksəldərək BB+ olaraq təyin edib.

“Fitch”dən verilən şərhə görə, Portuqaliyada iqtisadiyyatı artım nisbəti 2014-cü ildə 1.3 faiz, 2015-ci ildə isə 1.5 faiz olacaq..

Artıq 3 aya yaxındır ki, Rusiya ilə Ukrayna arasında əsən soyuq küləklər səngimək bilmir. Hidrometroloqlar hava şəraitinin 25 dərəcəyə yüksələcəyini bildirsələr də iki ölkə arasında qasırğa hər an mümkündür. Rusiya prezidenti Vladimir Putin mavi qazın qiyməti ilə bağlı yeni tariflərin tətbiqini qəbul etməyən Ukraynaya xəbərdarlıq edərək Rusiyanın dəstəyinin sonsuza qədər olmadığını bildirib. O, həmçinin müzakirələr bitənə qədər “Qazprom” dan qaz nəqli ilə bağlı Kiyevdən öncədən ödəniş tələb etməməsini istəyib:

"Ukraynadakı qarışıq vəziyyət və Avropa Birliyi ilə müzakirələrimiz hələ bitməyib. “Qazprom”dan və hökumətdən müqavilə şərtlərinə uyğun olaraq yeni müzakirələrə qədər, bu cür həlləri təxirə salmalarını xahiş edəcəyəm."

Putinin yumşaq niqti sərt tonlarla bitib: "Ukrayna borclarını ödəməzsə, yalnız ödədiyi miqdarda qaz ala biləcək." Məlumat üçün deyək ki, Kiyevin borcu 2,2 milyard avroya yüksəlib. Bu az deyilmiş kimi Rusiya 1 aprel tarixindən min metr kub qazın qiymətini 268 dollardan 500 dollara artırıb. Ukrayna höküməti Rusiyadan gələn, Avropada hələ bənzəri görülməmiş həddindən artıq artımı qəbul etmədiyini açıqlayıb.

“Qazprom” isə borcunu ödəmədiyi təbii qazın qiymətini 500 dollara çatdırıb. Beləliklə 80 faizə yaxın artıma gedib. Bahalaşma qərarı Avropanın ciddi şəkildə narahatçılığına gətirib çıxarıb. Rusiyadan təbii qaz asılılığı 30 faizə çatan Avropa ölkələrinin idxal etdiyi qazın 80 faizi Ukrayna ərazisindən keçir.

2005-2006, eləcə də 2008-2009-cu illərdə Rusiya ilə Kiyev arasındakı qiymət döyüşü səbəbindən Avropa böyük enerji böhranı yaşamışdı.Artıq tərəflər Ukraynanın və Avropa Birliyinin Rusiyadan asılılığını azaltmaq məqsədilə mayeləşdirilmiş təbii qaz operatorlarının əhəmiyyəti istiqamətində danışıqlara başlayıblar.

İş dünyası

ABŞ-ın ən böyük ikinci bankı “Bank of Amerika” açılan iddiaları dayandırmaq üçün 565 milyard avro təzminat ödəməyi qəbul edib. Miqdarın təxminən 738 milyon avrosu bankın zərər çəkmiş müştərilərinə, geri qalanı isə Müştəri Xərcləri Qoruma Bürosuna ödənəcək.

“Bank of Amerika”ya qarşı 2010 və 2012 illəri arasında 3 milyon müştərisinə icazəsiz sığorta kontraktları tətbiq edib əlavə ödəniş aldığına görə iddia açılmışdı.

Dünyanın işlərini bilmək olmur. ABŞ-ın fast food zənciri “Mc Donald's' Krımda biznesinə son versə də digər Amerika şirkəti “Burger King” Krımda yeni şöbələr açmağa hazırlaşdığını bəyan edib. Rus mətbuatına açıqlama verən şirkətin bu ölkə üzrə Ümumi Müdiri Dimitri Medovıy "Krımda yeni şöbələr açmağı planlayırıq. Ancaq nə vaxt və neçə şöbə açacağımız haqqında bir məlumat verə bilməyəcəyəm" deyə bildirib.

86 ölkədə 13 min restoranı olan “Burger King”in Rusiyada 200 şöbəsi olsa da Krımda hələ şöbəsi yoxdur.

Bir nömrəli avtomobil istehsalçısı “Toyota” texniki problemlər səbəbindən təxminən 6,5 milyon vasitəni geri çağırıb. 2004 – 2010-cu illər arasında istehsal olunan, cəmi 27 modeli əhatə edən problemlər sükan çubuğu, kreslo və hava yastıqlarındadır.Yapon nəhəngi beləcə 5 il içində ikinci dəfə texniki problemlərdən ötəri milyonlarla vasitəsini təmirə göndərib.

Bununla belə problemlərdən irəli gələrək heç bir qəza yaşanmadıqlarını açıqlayan “Toyota” rəhbərliyi, vasitələrin ön tədbir olaraq geri çağırıldığını deyib.

Lakin pis xəbər şirkətin hissələrinin Tokio Birjasında 3 faiz dəyər itirməsinə gətirib çıxarıb.

Gəldik çatdıq bol-bəhrəli, iqtisadi baharını yaşayan ölkəmizə. Deməli, iki aydır ölkəmizin sürətli inkişafını istəməyən qüvvələr Aİ-98 və Aİ-95 markalı benzinin qiymətinin qaldırılacağı ilə bağlı xalqımızı provokasiyaya çəksə də Dövlət Neft Şikəti bütün suallara, tərəddüdlərə son qoydu.

ARDNŞ rəsmi surətdə bəyan etdi ki, Aİ-98 markalı avtomobil benzini Azərbaycanda istehsal olunmadığı üçün onun satış qiyməti heç vaxt dövlət tərəfindən tənzimlənməyib: “Aİ-95 markalı avtomobil benzininin bu il aprelin 1-dən idxal olunması və qiymətinin sərbəst buraxılması haqqında qərar verilməsinə gəlincə, buna səbəb Azərbaycanda yüksək oktan ədədli yanacaq istehlakının qısa müddət ərzində bir neçə dəfə artması, mövcud istehsal güclərinin isə həmin tələbata adekvat olmamasıdır. ARDNŞ-ın avtomobil benzinləri istehsalı ilə məşğul olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda Aİ-95 markalı benzinin istehsalının dayandırılması da bununla əlaqədardır. Həmin zavodun benzin istehsal edən əsas qurğuları hazırda əsaslı təmirə dayandırılıb. Təmirdən sonra zavodda Aİ-95 benzini istehsal edilməyəcək”.

Beynəlxalq Valyuta Fondu (BVF) 2019-cu ildə Azərbaycanda ÜDM-in artımını 4,2% səviyyəsində proqnozlaşdırıb. BVF-nin hazırladığı “World Economic Outlook” (WEO) hesabatında qeyd olunur ki, cari il Azərbaycanda inflyasiya 3,4%, 2015-ci ildə 4,5% təşkil edəcək.

Xatırladaq ki, bundan öncə fondun hesablamalarına görə, cari ildə Azərbaycanda inflyasiyanın 5%, 2015-ci ildə 4,6% səviyyəsində olacağı gözlənilirdi. Bununla yanaşı, BVF 2014-cü ildə Azərbaycanın tədiyyə balansının profisitini ÜDM-in 15%-i, 2015-ci ildə 9,9%-i, 2019-cu ildə 4,6%-i səviyyəsində proqnozlaşdırır.

Türkiyə Azərbaycan təbii qazının nəqlini həyata keçirəcək Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin tikintisində əlavə 10% payı əldə etmək niyyətindədir. Bunu da son zamanlar milli nurçularla bağlı adı tez-tez gündəmə gətirilən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. R. Abdullayev bildirib ki, bu məsələ gələn həftənin sonunda Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızla görüşdə müzakirə olunacaq. O, aprel ayının sonunda TANAP layihəsinin yekun investisiya qərarının qəbul olunmasına hazırlıq işlərinin başa çatacağını söyləyib.

ARDNŞ prezidenti bəyan edib ki, TANAP layihəsi çərçivəsində işlər nəzərdə tutulan qrafik üzrə aparılır: “Boru xəttinin keçəcəyi bütün ərazilərdə problemlər həll olunub, xəritələr çəkilib, geoloji işlər aparılıb. Artıq 900 kilometrə yaxın ərazi sənədləşdirilib və Türkiyənin BOTAŞ şirkətinə verilib. Bu şirkətlə çox gözəl əməkdaşlıq var. İşlər plan üzrə həyata keçirilir. Çatdırsaq, bu ilin sonuna layihənin təməlqoyma mərasimini keçirəcəyik. Əsas işlər isə 2015-ci ildə həyata keçiriləcək.

Bundan sonra TANAP layihəsinin pay bölgüsündə layihənin tərəfdaşları - ARDNŞ-in payı 58%, BP-nin payı 12%, Türkiyənin (BOTAŞ-TPAO) payı isə 30% olacaq”.

Yola saldığımız həftənin daha bir önəmli hadisəsi prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsi haqqında” fərmana dəyişikliklər edilməsi barədə imzaladığı fərman oldu. Nəticədə Dövlət Neft Fondunun 2014-cü il üçün büdcəsinin xərcləri 11 milyard 349 milyon 934,8 min manatdan 10 milyard 590 milyon 34,8 min manata qədər azaldıldı. Müvafiq olaraq Dövlət Neft Fondunun büdcəsində TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi üçün nəzərdə tutulan 800 milyon manat xərc maddəsi ləğv olundu. Bunun əvəzində Dövlət Neft Fondunun büdcəsinə “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsi məqsədi ilə təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi üçün 40 milyon 100 min manat xərc maddəsi əlavə edilib

Bakı Fond Birjasında (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin səhmlərinin kütləvi satışına başlanması da diqqət çəkdi. Növbəti həftə bitəcək prosesin qalibinin kim olacağı hələki bəlli deyil. Nəzərə çatdıraq ki, bankın AZ1003004582 dövlət qeydiyyat nömrəli, nominal qiyməti 0.26 manat olan adi, adlı, sənədli səhmlərinin yerləşdirilməsi üzrə emitentin nizamnamə kapitalında səhmdarların paylarına mütənasib miqdarda yerləşdirilən səhmləri əldə etmək üçün nəzərdə tutulmuş üstünlük hüququnun müddətinin bitməsi ilə əlaqədar, 14 aprel 2014-cü il tarixindən etibarən (bu tarix daxil olmaqla) emitentin üstünlük hüququ müddəti ərzində yerləşdirilməmiş 5 338 661.12 manatlıq (20 533 312 ədəd) BFB-da kütləvi təklif əsasında satışı başlanılır.

Birjadan deyirlər ki, yerləşdirmə 25 may 2014-cü il tarixinədək davam edəcək. Səhmlərin alışında maraqlı olan olan şəxslər Birja üzvü olan şirkətlərə müraciət edə bilərlər.

Qeyd edək ki, sözügedən səhmlər 12 dekabr 2013-cü il tarixindən Bakı Fond Birjasında yerləşdirilməyə başlanılıb. Hazırda yerləşdirilməyə çıxarılmış və nominal dəyəri 200 000 001.50 manat olan (769 230 775 ədəd) səhmlərdən, 194 661 340.38 manatlıq (748 697 463 ədəd) hissəsi artıq yerləşdirilib. Səhmlərin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib

Məndən bu qədər. Hər birinizə uğurlu həftə sonu tətili.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm