• USD 1,7000 0,00% EUR 1,8964 -0,03%
    • GBP 2,1611 -0,08% RUB 0,0264 0,00%

Türk lirəsi dolları zəiflədəcəkmi, ölkələrin neft savaşı nə ilə bitəcək? - Hesabat

  • Hesabat
  • 10 Dekabr 2016 16:05
  • 7 693 Baxış
Türk lirəsi dolları zəiflədəcəkmi, ölkələrin neft savaşı nə ilə bitəcək? - Hesabat

Yola saldığımız həftə diqqət Türkiyəyə və ölkənin milli valyutasına yönəldi. Analitik qruplar dolların lirəyə nisbətdə 3.70 lirə səviyyəsinə yüksələcəyini proqnozlaşdırsalar da, ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın yığımlarda və xarici ticarətdə ABŞ valyutasından imtina ilə bağlı çağrışları lirəyə nəfəs verdi. Dollar 3.40 lirə səviyyəsinə qədər düşdü.

Neftin qiyməti də yeni səviyyəsini qorudu. Düzdür, OPEC təşkilatına üzv olmayan ölkələrin bu günə planlaşdırılan sammitinin texniki səbəblərdən bir müddət ertələnə biləcəyinə dair şayiələr “qara qızılın” qiymətində volatilliyi artırdı. Lakin daha sonra Rusiya Energetika Nazirliyi tərəfindən görüşün planlaşdırıldığı tarixdə - dekabrın 10-da keçiriləcəyi təsdiqləndi.

Qeyd edək ki, yayılan şayiələrin əsasını təşkil edən səbəb Rusiyanın OPEC-in neft hasilatını azaltması proqramına şübhə ilə yanaşması idi. Belə ki, Rusiyanın OPEC-ə hasilatı necə azaldacağı ilə bağlı məlumat verməsini tələb edəcəyi gözlənilir. Noyabrda OPEC hasilatı oktyabr ayı ilə müqayisədə təxminən 0,5 mln. barel/gün artıraraq 34,16 mln. barel/günə çatdırıb. Rusiya tərəfi isə bildirir ki, o, öz növbəsində hasilatını daha əvvəl razılaşdırıldığı kimi gündəlik 300 min barel o zaman azaldacaq ki, OPEC hasilatı 32,5 mln. barel/günə qədər azaltsın. Yəni, hazırda OPEC hasilatı 1,2 mln. barel/gün deyil, 1,7 mln. barel/gün azaltmalıdır ki, hasilat daha əvvəl razılaşdırılan səviyyəyə enə bilsin. Bu səbəbdən bugünkü sammitin gərgin keçəcəyi bildirilir.

Qonşumuz İran isə milli valyutasını dəyişməyə qərar verdi. Hökumət hazırkı milli valyuta olan rialdan tümənə keçidi nəzərdə tutan qanunu təsdiqlədi və sənəd parlamentə göndərildi. Yeri gəlmişkən, qanunda qeyd edilib ki, 1 tümən 10 riala bərabərdir.

Avropa Mərkəzi Bankı (ECB) 2016-cı ilin son iclasında uçot dərəcəsi və depozit faizlərini dəyişdirmədi. Bununla da, uçot dərəcəsi 0%, depozitlər üzrə faiz dərəcəsi isə -0,4% səviyyəsində saxlanıldı. Həmçinin, bank marjinal kreditləşmə faizinə də toxunmayaraq 0,25%-də təsdiqlədi. Bununla yanaşı, monetar stimullaşdırma proqramı çərçivəsində aylıq istiqraz alışının 80 mlrd. avro səviyyəsində 2017-ci ilin martına qədər, yəni cari proqram bitənə qədər dəyişdirməmək qərarı alındı. 2017-ci ilin aprel ayından dekabra qədər isə bu əməliyyatlara əlavə 60 mlrd. avro ayrılacaq. ECB zəruri olduğu təqdirdə, proqramın həcmini və müddətini daha da artıra biləcəyini vurğulayıb.

Çinin valyuta ehtiyatları bu ilin noyabr ayında 69,1 mlrd. ABŞ dolları və yaxud 2,2% azalaraq dekabrın 1-nə 3,051 trln. dollar təşkil edib. Çin Xalq Bankının (Mərkəzi Bank) məlumatına görə, bu, 2011-ci ildən bəri ən aşağı göstəricidir. Qurumun hesabatında deyilir ki, ilk dəfə bu ilin yanvar ayında ölkənin valyuta ehtiyatları 3% azalıb və o vaxtdan azalma tendensiyası davam edir.

İş dünyası

Yola saldığımız həftə Amsterdamda “South Stream Transport B.V” (“Qazprom”un törəmə müəssisəsi) “Türk axını” layihəsinin birinci xəttinin dənizin dibi hissəsinin tikintisi ilə bağlı “Allseas Group S.A.” ilə saziş imzalandı. Sazişə əsasən, “Allseas” dənizin dibində 900 km-dən çox boru çəkməlidir. “Allsas” 2017-ci ilin II yarısında ilk xəttin çəkilişinə başlamaq niyyətindədir.

“Shell” şirkəti İrlandiyada operatoru olduğu "Corrib" qaz yatağındakı payının Avstraliyanın “Macquarie” investisiya fonduna satışı ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, “Royal Dutch Shell” 45% payla yataqda operatordur. Layihədə "Statoil" (Norveç) 36,5% və “Vermillion Energy” (Kanada) 18,5% paya malikdir. Yatağın İrlandiyanın qaz tələbatının yarısını ödəyəcəyi hesab edilir. Yataq 1996-cı ildə kəşf edilib.

Gəldik çıxdıq öz ölkəmizə…

Azərbaycan Dövlət Neft Şirkətinin Neft-Qaz Çıxarma İdarələri üzrə 2015-ci ildə 1000 kubmetr qazın hasilat xərci 45,42 manat, Beynəlxalq Əməliyyat Şirkətlərindən Hasilatın Pay Bölgüsü Sazişinin (PSA) şərtlərinə görə ABŞ dolları ilə alınan təbii qazın orta tarifi isə 56,48 manat/1 000 kubmetr təşkil edib. SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev mətbuata bildirib ki, SOCAR üzrə qazın emalı, saxlanması, nəqli və təchizatı ilə bağlı cəmi xərclər 1000 kubmetr üçün 52,02 manat olub: “Beləliklə, 2015-ci ildə SOCAR üzrə satışa buraxılan təbii qazın orta maya dəyəri 108,31 manat/1000 kubmetr səviyyəsində formalaşıb”.

N.Quliyev həmçinin qeyd edib ki, bu ildə NQÇİ-lər üzrə 1000 kubmetr qazın hasilat xərci 55,16 manat, Beynəlxalq Əməliyyat Şirkətlərindən Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə ABŞ dolları ilə alınan təbii qazın orta tarifi 99,15 manat/1000 kubmetr, SOCAR üzrə qazın emalı, saxlanması, nəqli və təchizatı ilə bağlı cəmi xərclər 1000 kubmetr üçün 53,97 manat olmaqla, satışa buraxılan təbii qazın orta maya dəyəri 140.42 manat/1 000 kubmetr təşkil edib.

Onun sözlərinə görə, həmin göstəricilər 2017-ci il üzrə müvafiq olaraq 49,2, 93,71, 47,95 və 121,88 manat səviyyəsində proqnozlaşdırılır.

Daha bir xəbər Azərbaycanda yeni məşğulluq strategiyasının hazırlanması ilə bağlıdır. İqtisadiyyat naziri Şahin Mustafayevin bu barədə verdiyi məlumata görə, işsizlikdə icbari sığorta yaradılacaq. Özünəməşğulluq proqramının icrası davam etdiriləcək: "Gələn il qeyri-neft sektoru üzrə 7,4% artım proqnozlaşdırılır. 2017-2020-ci illərdə turizim sektorunun 7,4% artacağı proqnozlaşdırılır. İKT sektorunda artım isə gələn il 6,7% səviyyəsində gözlənilir. Nəqliyyat sektorunun artımı təmin ediləcək və 2,9% proqnozlaşdırlır. Gələn il investisiyaların 15,3 mlrd. manat, xarici investisiyaların 9,2 mlrd. manat olacağı proqnozlaşdırılır. Bunun 5,6 mlrd. manatı qeyr-neft sektoruna yatırılacaq. Bir sıra infrastruktur layihələri davam etdiriləcək", - deyə nazir qeyd edib.

Ş.Mustafayev bildirib ki, ölkənin 19 rayonunda 116,7 min hektar ərazidə əlavə 26 aqroparkın yaradılması, dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, müasir texnologiyaların genişləndirlməsi nəzərdə tutulur: "Piriallahı sənaye parkında dəyəri 74 mln. dollar olan zavodda 89 çeşiddə dərman istehsal olunacaq. Daha iki əczaçılıq zavodunun tikintisinə başlanacaq. Masallı sənaye məhəlləsinə də maraq göstərilir. Artıq 33 layihə təqdim olunub. Bunlar ixrac potensialının genişləndirilməsinə imkan yaradacaq".

Nazir həmçinin SKMF-in kredit portfelinin artıq 1 mlrd. manata çatdığını qeyd edib. Onun sözlərinə görə, bankların 52 mln. manat əsas kredit borcu var ki, bu da Fondun kredit portfelinin 5,7%-ni təşkil edir.

Məndən bu qədər…

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR