Birinin yığımı, digərinin ödənişi artıb
Bizi izləyin

Hesabat

Birinin yığımı, digərinin ödənişi artıb

İlin əvvəlindən Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub.

Publika.az Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən bildirir ki, şirkət ilin ilk 3 ayı ərzində 29,2 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yerləri tutan “Paşa Həyat Sığorta”nın yığımları 14 milyon manat, “Atəşgah Sığorta”nın yığımları isə 13,6 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Atəşgah Həyat Sığorta” (12,6 milyon manat) və “Azərsığorta” DSKŞ (8,3 milyon manat) tamamlayır. Ümumilikdə bazarın təxminən 57%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 77 milyon manat) düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Rəvan Sığorta” (507 min manat), “Başak İnam” (411 min manat), “Amrah Sığorta” (280 min manat), “Azərqarant” (100 min manat) və “Günay Sığorta” (33 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 1,33 milyon manat olub və ümumi sığorta yığımlarının təxminən 1%-ni təşkil edib.

Ötən ilin noyabr ayında lisenziyası dayandırılmış “Era-Trans” və praktiki olaraq fəaliyyətini dayandırmış “Çartis Azərbaycan” sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə 27 sığorta şirkətindən 4-də sığorta haqlarının məbləği 10 milyon manatdan çox, 5 şirkətdə 5-10 milyon manat arasında, 9 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 3 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 6 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta haqlarının artımı, 12-də isə azalması baş verib.

Həyata keçirilmiş sığorta ödənişlərinin məbləğinə görə də lider “Paşa Sığorta” şirkətidir – 6,64 milyon manatla. Sonrakı yerləri tutmuş “Atəşgah Həyat Sığorta”nın ödənişləri 3,74 milyon manat, “Atəşgah Sığorta”nın ödənişləri isə 3,68 milyon manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “AXA MBASK” (2,88 milyon manat) və “Azərsığorta” DSKŞ (2,72 milyon manat) tamamlayır. Ümumilikdə, ödənişlərin təxminən 55%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 20 milyon manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (59,6 min manat), “Günay Sığorta” (26,1 min manat), “İpək Yolu Sığorta” (10,2 min manat), “Çartis Azərbaycan” (10,6 min manat) və “Azərqarant” (1,3 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 108 min manat olub ki, bu da ödənişlərin 0,3%-ni təşkil edir.

Ümumilikdə 27 sığorta şirkətindən 12-də 1 milyon manatdan çox, 4 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 6 şirkətdə 100 min manatdan 500 min manata qədər, 5 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 17-də sığorta ödənişlərinin artımı, 10-da isə azalması baş verib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm