İdman
Rioda gimnastımızın haqqı necə yeyildi? - ARAŞDIRMA
XXXI Yay Olimpiya Oyunları sona çatsa da, hələ uzun müdət qızğın müzakirələr gedəcək, hakim səhvləri aktual qalacaq. Əlbəttə, elə bir yarış yoxdur ki, orada hakim səhvi olmasın. Bu da idmanın bir hissəsidir. Cavabı da odur ki, hakimlər də insandır, səhv edə bilərlər. Ancaq bəzən elə səhvlər var ki, bir idmançının karyerasını məhv edir və ya illərlə çəkilən zəhməti yerə vurur.
Rio-2016-da da hakim səhvləri az olmadı. Təkcə Azərbaycan idmançıları dəfələrlə haqsız qərarlarla üzləşdi. İstər gimnastikada, istər boksda, istərsə də digər idman növlərində hakim səhvləri idmançıların daha layiqli yer tutmalarına əngəl oldu.
Adətən rəsmi şəxslər belə xırda məsələləri çox da qabartmırlar. Ancaq gör vəziyyət nə yerə çatıb ki, Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov da gimnastika yarışlarında Marina Durundaya qarşı edilən haqsızlığa biganə qalmayıb.
Nazirimiz deyib ki, digər ölkələrin federasiyalarının, Milli Olimpiya komitələrinin prezidentləri Marina Durundanın həqiqətən də çox gözəl çıxış etdiyini, qızıl medal olmasa da, bürünc medala layiq olduğunu deyiblər.
Doğrudan da Olimpiadada ilk dəfə çıxış edən Marina Rionun yarış meydançasında özünə kifayət qədər inanaraq, əsl ustalıq və peşəkarlıq nümayiş etdirdi. İlk iki çıxışın hər birinə görə 17.466 xal (halqa və top) toplayaraq, o, hərəkətlərin qüsursuz icrasını davam etdirməklə, qalan iki çıxışa görə hakimlərdən 17.683 (gürzlər) və 17.733 (lent) xal qoparmağa müvəffəq oldu. Nəticədə, dörd çıxışın cəmində 70.348 xala sahib olan Marina, 20 avqust tarixində çoxnövçülük finalında mübarizə aparacaq 10 finalçı sırasında öz yerini tutdu.
Güclü rəqabət şəraitində keçən yarışlarda dünyanın ən güclü 10 gimnastı sırasında yer almış Azərbaycan təmsilçisi çoxnövçülük finalında 4 çıxışın cəminə görə 69.748 xal toplayaraq, 9-cu yerdə qərarlaşdı(rıldı). Olimpiya Oyunlarında ilk dəfə çıxış edən Marina bu yarışlarda öz dəsti-xətti və peşəkarlığı ilə yadda qalsa da, əfsuslar olsun ki, bəzən hakimlərin qərarı idmanın təmizliyinə, ədalətli yanaşmaya əsaslanmır. Necə ki, Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəisi Raqif Məmmədov da
Publika.az-a açıqlamasına hakimlikdən gileyləndi. O, söhbətə Marina Durundanı təbrik etməklə başladı:
“İlk növbədə Marina Durundanı təbrik etmək istəyirəm. Marina çox qəhrəmancasına, çox gözəl bədii proqramla, çox qəliz və maraqlı elementlərlə çıxış etdi. Mütəxəssislər yarışın incəliyini daha yaxşı bilər. Elementlərin qəlizliyinə, hərəkətlərin dəqiqliyinə görə qiymətləndirmə olanda əlindən element düşən, hərəkətlərində daha az çətinlik olana yüksək qiymət verilmir. Ancaq qiymətləndirilmə prosesində bunun əksini gördük. Bu düz deyil. İdman hakimliyində belə hallara yol verilməməlidir. Buna baxmayaraq, ümumi nəticəyə görə, Marina final mərhələsinə çıxmaqla, həm də topladığı xallarla nəyə qadir olduğunu göstərdi. Adətən bu qədər xal yığan gimnast Avropa və dünya çempionatlarında mütləq mükafatçılar arasına düşür. Bu, artıq neçənci dəfədir ki, bizim gimnastımıza qarşı hakim qərəzi olur. Buna baxmayaraq, idmançının, məşqçinin, federsiyanın gördüyü iş yüksək qiymətləndirilir. Olimpiadada final mərhələsinə vəsiqə qazanmaq Azərbaycan gimnastikası üçün böyük uğurdur. Azərbaycan gimnastikası bu il Avropa çempionatını ölkəmizdə keçirən, ölkəmizdə müxtəlif beynəlxalq yarışlara ev sahibliyi edən, Avropa Oyunlarında bədii gimnastikanı ən yaxşı şəkildə təşkil edən bir növdür. Biz yenə də Marinanı qalib kimi gözləyirik. Onun göstəriciləri minimum ilk beşliyə düşməyə, bürünc medal qazanmağa imkan verirdi. Hesab edirik ki, bu bizə əlavə güc verəcək, bizim məşqçi korpusu Marinanın gələcək yarışlarda layiq olduğu yeri tutması üçün daha dəqiq, daha çətin, daha rəngarəng proqramlar quracaq ki, hakimlərin deməyə sözü qalmasın.
Təəssüflər olsun ki, bəzi dünya federasiyaları hələ də idmanı siyasətə qarışdırmaq istəyir. Bu belə olmamalıdır. Belə şeylər idmana yaraşmır.
Buna baxmayaraq, idmançılarımız üzərlərində bir az da çalışmalı və gələcəkdə xalqımızı, vətənimizi sevindirməlidir. Bunun üçün Cənab prezidentimiz İlham Əliyev hər cür qayğı və diqqət göstərir”.
Pərviz Hikmət
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO