İlin möhtəşəm dönüşləri - VİDEOLAR
Bizi izləyin

İdman

İlin möhtəşəm dönüşləri - VİDEOLAR

2014-cü ilin yekunlarından danışanda ilk növbədə böyük turnirlər adamın gözü önündə canlanır. Dünya çempionatı, Çempionlar Liqası və bir də əsasən Avropanın aparıcı çempionatlarında başverənlər daha çox yadda qalır. Amma il ərzində baş tutan bütün oyunlara baxmaq mümkün olmur.

Böyük qələbələr onsuz da uzun müddət yaddaşlardan silinmir. Məsələn, bu gün balaca alman azarkeşi yuxudan oyadıb “dünya çempionatında ən yadda qalan oyun hansı oldu” soruşsan,gözünü ovuşdura-ovuşdura “Braziliya - Almaniya 1:7” deyəcək. Bütün bunlar öz yerində. Amma il ərzində ilk baxışdan adi görünən, yekunda azarkeşlərə unudulmaz həyəcanlı anlar yaşadan matçlar da oldu. Futbol əzmkarlığı sevir. Bu il də əzmkarlığı ilə məğlubiyyətdənqaçan komandalar oldu.

Publika.az sizə 2014-cü ilin ən dramatik geri dönüşlərini təqdim edir.

Çempionlar Liqası

Arsenal - Anderlext 3:3

Onsuz da oyundan əvvəl rəqibə dırnaqarası yanaşan “Topçular” 1 saatın tamamında lap arxayınlaşdı. Hesabı 3:0-a çatdırandan sonra londonlular qrupu lider kimi başa vurub pley-offda “Bavariya” kimi nəhənglə qarşılaşmayacağını düşünürdü. Birdən “Anderlext”in sifəti döndü. Vanden Borrenin dublu “Arsenal”ın canına birə saldı. Son dəqiqələrdə isə müdafiə xəttindəki təlaşdan Mitroviç yararlandı və hesabı bərabərləşdirərək oyunu Belçika futbolunun tarixinə yazdı.Doğma azarkeşləri önündə pərt olan Arsen Vengerin yetirmələri qrup ikincisi oldu, amma püşkatmada bir az bəxti gətirdi, “Monako” düşdü.

İngiltərə Premyer Liqası

Vest Bromviç - Tottenhem 3:3

İngiltərədə futbolçular sonadək yorulmadan mübarizə aparmağı xoşlayırlar. Hesabdan və rəqibin kimliyindən asılı olmayaraq. 2014-cü ildə “Tottenhem” iki dəfə “kambek” etməyi bacarıb. Amma ən dramatiki “Vest Bromviç”lə oyun olub.

İlk yarımsaatda üç “yumruq” londonluları nokauta saldı. “Qaratoyuqlar”ı zərərsizləşdirməyin yollarını fikirləşən “Tottenhem”in köməyinə Keyn və Eriksen çatdı. Danimarkalı yarımmüdafiəçi uzatma dəqiqələrində hesaba tarazlıq gətirdi.

Kristal Pelas - Liverpul 3:3

Bu oyunun tüstüsü hələ də “Liverpul” azarkeşlərinin başından çıxmayıb. Bəli, bu həmin çempionluq şansının əldən verildiyi qarşılaşmadır. “Çelsi”yə məğlubiyyətdən sonra “Mançester Siti” üzərindəki üstünlüyü “əriyən” “qırmızılar” “Kristal Pelas”la oyunda mümkün qədər çox top vurmalı idi. 55-ci dəqiqəyə kimi hər şey qaydasında idi. 3:0 “şəhərlilər”i narahat edən hesab idi. Amma son dəqiqələrdə baş verənləri sadəcə kabus adlandırmaq olar. 9 dəqiqə ərzində üç qol vuran meydan sahibləri mersisaydlıları matəmə qərq etdi. Bu, artıq çempionluq şansının əldən çıxması idi.

Lester - Mançester Yunayted 5:3

“Mançester Yunayted”in baş məşqçisi Lui Van Qalın sələfi Aleks Ferqyusona böyük rəğbəti var. Amma “kambek” məsələsində ona oxşaya bilmir. Əksinə “qırmızı şeytanlar” uzun illərdən sonra ilk dəfə oyun ərzində böyük üstünlüyünü əldən verdi. Debütant “Lester” Di Mariyalı, Van Persili, Falkaolu, iki dəfə iki top fərqiylə irəlidə olan MY-ni biabır etdi. 20 dəqiqəyə 4 qol vuran “Tülkülər” Van Qalın yetirmələrinin Mançesterin ən yaxşı komandası olmadığını xatırlatdılar.

İspaniya La Liqası

Real Sosyedad - Real 4:2

“Real”ın indi qarşısına keçəni yıxıb-sürüdüyünə baxmayın, mövsümün əvvəlində vəziyyət yaxşı deyildi. Serxio Ramos və Beyl 11 dəqiqəyəiki qol vursa da, sonradan Ançelottinin komandası “yatdı”. Fasiləyə kimi hesabı bərabərləşdirən san-sebastyanlılar ikinci hissədə daha iki qol vuraraq əzmkar qələbə qazandı. Hərçənd bu zəfərdən sonra basklar uğursuzluq zolağına düşdü.

Almaniya Bundesliqası

Ayntraxt - Herta 4:4

Yeni il ərəfəsində “Ayntraxt” və “Herta” futbolçuları azarkeşlərə yaşıl meydanda “atəşfəşanlıq” nümayiş etdirdilər. Qələbə qazanmağı daha çox istəyən berlinlilər 3:0, daha sonra 4:2 üstünlük qazansa da, frankfurtlular təslim olmadı. Hamı “Herta”nın evə 3 xalla qayıdacağını düşündüyü vaxtda Aleksandr Mayer inadkarlıq göstərdi. Uzatma dəqiqələrində iki qol vuran Emil Balayevin yeni komanda yoldaşı adi oyunu ilin oyunları sırasına yüksəltdi.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm