Qriqorçukun ilk sınağı: “Qəbələ” bu gün PSV-lə qarşılaşacaq
Bizi izləyin

İdman

Qriqorçukun ilk sınağı: “Qəbələ” bu gün PSV-lə qarşılaşacaq

2014/15 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" bu gün ilk yoxlama oyununu keçirəcək.

Publika.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqlərdə əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər üzərində çalışan “Qırmızı-qaralar” saat 17:30-da Avropanın sayılıb seçilən komandalarından PSV-ylə qarşılaşacaq. Düzdür, “Qəbələ”nin rəqibi Hollandiya klubunun əsas yox, ikinci heyəti olacaq.

İlk dəfə baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında meydana çıxacaq “Qəbələ” ümumilikdə 68-ci beynəlxalq oyununda gücünü sınayacaq.

İndiyədək baş tutan oyunlardan ikisi rəsmi xarakter daşıyıbsa, 65-i yoxlama xarakterli olub. Avropa Liqasındakı iki matçı nəzərə almasaq, komanda beynəlxalq matçlarda 28 qələbə qazanıb, 13 heç-heçə edib, 14 dəfə uduzub. Xarici komandaların qapılarından 95 qol keçirən “Qəbələ” 73 top buraxıb.

2 beynəlxalq yoxlama oyununu Qəbələdə keçirən “qırmızı-qaralar” ölkəxarici toplanışlarda 63 belə matça çıxıb. 28 qələbə və 22 məğlubiyyəti olan komanda 13 dəfə bərabərliklə kifayətlənib. 94 dəfə qol sevinci yaşayan “Qəbələ” 69 top buraxıb.

Bu matçlar 5 müxtəlif ölkədə keçirilib. Türkiyədə 10, Sloveniyada 2, İngiltərə, Avstriya və Hollandiyanın hərəsində 1 toplanışda olan “Qəbələ” 11-ci dəfə qonşu ölkədə hazırlıq keçir. Antalyada 43 beynəlxalq matça çıxan “qırmızı-qaralar” 18 qələbə qazanıb, 12 heç-heçə edib, 13 dəfə uduzub. Həmin görüşlərdə top fərqi 68-51-dir. Türkiyədə 44-cü beynəlxalq sınağadək “Qəbələ” qardaş ölkədə Azərbaycan təmsilçisi ilə də 2 dəfə üz-üzə gəlib. Həmin vaxt “Neftçi” ilə 2 görüş baş tutub.

Komanda indiyədək PSV ilə qarşılaşmasa da, Hollandiya klubları ilə əvvəllər də üz-üzə gəlib. 2014-cü ilin yayında Hollandiyada hazırlıq keçəndə 3 yerli klubla qarşılaşmışdı. “Arnem”i 4:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” “Alkmaar”a 0:2, “Herenven”ə 0:1 hesabı ilə yenilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm