İdman
“Bu, Toğrul Əsgərov üçün bir həyat dərsi oldu” - FOTOLAR
Güləş üzrə milli komandamız davamlı təlim-məşqlərdə olur. Çünki onlar qarşıdakı yarışlara hazırlaşır. Əsas da həm güləşçilərimizi, həm də digər idman növləri ilə məşğul olan idmançılarımızı iyunun 12-28-də Bakıda keçiriləcək İlk Avropa Oyunlarında çətin sınaq gözləyir.
İdmançılarımız vətəndə baş tutan bu mötəbər turnirdə bizi sevindirmək üçün güclərini ortaya qoyacaqlar. Burada güləşçilərimizin də üzərinə böyük yük düşür.
İlk Avropa Oyunları və qarşıdakı turnirlərə hazırlıq barədə sərbəst güləş üzrə milli komandamızın böyük məşqçisi Firdovsi Umudov Publika.az-a müsahibə verib. O, müsahibəsində komandadakı əhval-ruhiyyədən, hazırlıqdan və olimpiya çempionu Toğrul Əsgərovun məşqləri bərpa etməsindən danışıb:
- Artıq hamı Bakı 2015 həyəcanına bürünüb. Millimizin böyük məşqçisi kimi sərbəst güləşçilərimizin durumunu necə qiymətləndirirsiz?
- Şükürlər olsun ki, yığmada əhval-ruhiyyə yüksəkdir. Əsas da zədəli idmançılarımız yoxdur. Güləşçilərimiz özlərini yaxşı hiss edirlər. İlin əvvəlində Kislovodsk şəhərinin Olimpiya idman bazasında təlim-məşq toplanışını yüksək səviyyədə keçirdik. İdmançılar özlərini yaxşı tərəfdən göstərdilər, yükləməni vaxtlı-vaxtında götürdülər.
- I Avropa Oyunlarına hazırlığınız necə davam edəcək?
- Hazırda bizim hədəfimiz bəllidir. Bu mötəbər yarışda tam heyətlə çıxıb özümüzü yaxşı tərəfdən göstərməliyik. Dövlət başçımız İlham Əliyev idmana, idmançılara xüsusi diqqət və qayğı göstərir. Biz də çalışacağıq ki, İlk Avropa Oyunlarında bizə olan inamı doğruldaq, xalqımıza qələbə bəxş edək.
Bundan əlavə, Azərbaycan Güləş Federasiyasının yaratdığı şərait də bizi sevindirir. Bizə sadəcə nəticə göstərmək, qələbə qazanmaq qalır. Federasiya rəhbərliyinin daim yanımızda olması, diqqət yetirməsi də böyük stimuldur.
- Güləşçilərimizi Bakı 2015-dən əvvəl hansı çətin sınaqlar gözləyir?
- İlk olaraq Parisdə keçiriləcək Qran-pri yarışı var. Daha sonra Minskdə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəyik. Bundan əlavə Amerikada keçiriləcək dünya kubokları yarışlarında da öz gücümüzü göstərməyə çalışacağıq. Burada “ilk üçlük”də yer tutmağı qarşımıza məqsəd qoymuşuq.
Sözsüz ki, sonra da İlk Avropa Oyunları gəlir.
- Sadaladığınız yarışlardan kənar qalacaq güləşçi varmı?
- Demək olar ki, biz yığmanın tərkibində yer tutan, nəticə göstərən hər bir idmançını qarşıdakı beynəlxalq turnirlərdə sınayacağıq. Bu il gənclərin Avropa və dünya çempionatı var. Həmçinin Dünya Güləş Birliyinin verdiyi yeni qərara əsasən, U-23 adlı beynəlxalq turnir keçiriləcək. Yarış ilk dəfə olaraq martın 24-29-da Polşanın paytaxtı Varşavada baş tutacaq. Bu yarış 23 yaşa qədər olan güləşçilərin Avropa çempionatıdır, orada da pəhləvanlarımızın iştirakı nəzərdə tutulub. Yenə təkrarlayıram qarşıdakı bütün yarışlarda yığmada nəticə vermiş idmançılar iştirak edəcək. Sonda bu turnirlərin sayəsində biz İlk Avropa Oyunlarında, dünya çempionatında və dünya kubokunda iştirak edəcək idmançıları müəyyənləşdirəcəyik.
- Güləşdə müəyyən yeniliklər oldu. Bu yeniliklər sizcə idmançılarımıza təsir göstərirmi?
- Yox, mən deyərdim ki, ciddi təsiri yoxdur. Elə bir qlobal dəyişiklik də olmadı. Məşqlərimizi o yeniliklərə uyğun şəkildə təyin edirik. Buna görə də, güləşçilərdə dəyişikliyin təsiri hiss olunmur.
- Keçən il Toğrul Əsgərov üçün uğursuz keçdi deyə bilərik. Hər kəs ondan qələbə, medal gözlədi, amma təəssüf ki, alınmadı...
- Belə deyərdim, Toğrulda zədələr var idi. Bu da özünü göstərdi, problemlərlə üzləşdi. Ötən il onun həm şəxsi, həm də səhhətində problemləri var idi. Biz Toğrulun özünə də dedik ki, bu onun üçün bir həyat dərsi oldu. Bunu özü də hiss etdi.
- Elə mən də bunu soruşacaqdım. Sizcə olimpiya çempionumuzda keçən ilə nisbətən dəyişiklik olacaqmı?
- Sözün əsl mənasında Toğrul çox ciddi məşqlərə başlayıb. Özünü yaxşı tərəfdən göstərir. Belə deyərdim, məşq prosesində yüklənmələri yaxşı götürür - istər fiziki hazırlıqda, istərsə də texniki...
Parisdə keçiriləcək Qran-pri yarışında Toğrul 70 kq-da çıxış edəcək. Bu onun üçün yoxlama turniri olacaq. Gələcəkdə isə onun hansı çəkidə döşəyə çıxacağına biz qərar verəcəyik. Ümumilikdə isə Əsgərovun 65 kq-da çıxış edəcəyi gözlənilir.
- Yəni deyirsiz ki, Bakı 2015-də Toğrulun növbəti qızıl medalını gözləyək?
- İnşallah. Biz ona inanırıq, gedən iş prosesləri də, məşqlər də özünü göstərir. Tək Toğrul yox, digər idmançılardan da yaxşı nəticələr gözləyirik. Yığma komandadakı “dəmir” nizam-intizama hamı bir nəfər kimi riayət etməlidir. Fərqi yoxdur, istər olimpiya, istərsə dünya çempionu, istərsə də digərləri millidəki qaydalara əməl etməlidir. Nizam-intizam olan yerdə də nəticə olur.
Hər zaman demişəm, milli komanda elə bilin ki, bir ordudur. Yəni bu “ordu”da nizam-intizam yaratmalıyıq ki, nəticələrimiz olsun. Şükürlər olsun ki, hazırda komandamızda bu nizam-intizam var və qarşıdakı yarışlarda onlar bizi sevindirəcəklər.
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO