Ekopublika.az
Nazir: "Vergi daxilolmalarında özəl sektorun payı artaraq 72,5 faizə çatıb"
Azərbaycanda vergi daxilolmalarında özəl sektorun payı artaraq 72,5 faizə çatıb.
Publika.az-ın məlumatına görə, bunu iqtisadiyyat və
sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevin iştirakı
ilə Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının
icrasına həsr olunan konfransda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son
10 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı
nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni
mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru
inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük
uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna
rolu olan Dövlət proqramları regionların iqtisadi potensialının
əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal
xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir
müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün
bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.
Onun sözlərinə görə, nəticədə 10 il ərzində ümumi daxili məhsul 3,4
dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə,
əhalinin gəlirləri 6,5 dəfə artmış, yoxsulluğun səviyyəsi 8,4 dəfə
azalaraq 5,3 faizə, işsizlik səviyyəsi 1,9 dəfə azalaraq 5 faizə
enmiş, regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə başlamış və
1,2 milyondan çox yeni iş yeri yaradılmışdır ki, bunun 900 mini
daimidir. "Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı
3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri
6,3, orta aylıq əmək haqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər
isə 6 dəfə artmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, bir çox
göstəricilər üzrə artım tempi ölkə üzrə müvafiq göstəricilərdən
daha yüksək olmuşdur. Təsadüfi deyil ki, regionlardan vergi
ödənişləri 14,2 dəfə artmışdır. Artıq 5 şəhər və rayonda xərclər
yerli gəlirlər hesabına maliyyələşdirilir".
Ş.Mustafayev bildirib ki, Prezident İlham Əliyevin 10 il ərzində
bölgələrə səfərləri çərçivəsində 1300-dək müxtəlif təyinatlı
infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və
təməlqoyma mərasimlərində şəxsən iştirakı, müəssisələrin fəaliyyəti
ilə yaxından tanış olması, eləcə də ictimaiyyətlə keçirilən
görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq
737,4 milyon manat vəsaitin ayrılması barədə imzaladığı 240
sərəncam dövlət başçısının regionların inkişafına göstərdiyi
diqqətin bariz nümunəsidir: "Ümumilikdə proqramların icrasına bütün
mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın
icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard
manat vəsait yönəldilmişdir. Proqramların icrası ilə bağlı
konfranslarda dövlət başçısının verdiyi tapşırıqların yerinə
yetirilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir".
Onun sözlərinə görə, regionların inkişafının mühüm amillərindən
olan infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə 10 ildə
yol-nəqliyyat infrastrukturunun, elektrik, qaz və su təchizatının
yenilənməsi işləri aparılmış, nəticədə regionlarda kommunal
xidmətlərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir: "Bundan
əlavə, son 10 ildə su anbarları, hidroqovşaqlar, kanallar, drenaj
şəbəkələri, yüzlərlə subartezian quyusu inşa və ya əsaslı təmir
olunmuşdur. Bu obyektlər aqrar sektorun, sahibkarlığın inkişafını
sürətləndirir, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli
su və enerji təchizatının daha da yaxşılaşdırılmasına imkan
yaradır. Rabitə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi
məqsədilə regionlarda telefon stansiyaları və poçt binaları
istifadəyə verilmiş, bütün rayon mərkəzlərinə fiber-optik kabel
çəkilmişdir. Bu gün regionlarda hər 100 nəfərdən 60-ı internet,
48-i isə genişzolaqlı internet istifadəçisidir".
Nazir qeyd edib ki, regionlarda "ASAN xidmət"in fəaliyyətə
başlaması göstərilən xidmətlərin keyfiyyətini, şəffaflığını və
operativliyini artırmış və əhalinin gündəlik həyatını
asanlaşdırmışdır. Hesabat dövründə əhəmiyyətli ekoloji tədbirlər
həyata keçirilmiş, mühafizə olunan təbiət ərazilərinin sahəsi iki
dəfə artırılaraq 900 min hektara çatdırılmış, 9 milli park
yaradılmış, 20 milyon ağac və bəzək kolu əkilmişdir. Əhalinin
ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün
400 mindən çox əhalisi olan 222 yaşayış məntəqəsində modul tipli
sutəmizləyici qurğular quraşdırılmışdır.
Ş.Mustafayev deyib ki, proqramlar çərçivəsində 2708 məktəb,
regionlarda 38 mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə,
700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti
tikilmiş və ya əsaslı təmir olunmuşdur: "Heydər Əliyev Fondunun
təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin
reallaşdırılmasında mühüm rolu olmuşdur. Fondun, şəxsən Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin miqyası
minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar
açmışdır".
İqtisadiyyat və sənaye naziri bildirib ki, məcburi köçkünlərin
mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 12 çadır şəhərciyi
ləğv olunaraq 77 qəsəbə salınmış, burada 37 min ailə
yerləşdirilmişdir. Eyni zamanda əlil və şəhid ailələrinin sosial
müdafiəsinin gücləndirilməsi işləri davam etdirilmiş, 2788, o
cümlədən regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox
fərdi ev tikilmişdir:
"Möhtərəm cənab Prezident, Sizin "Ölkəmizin inkişafı sahibkarlığın
inkişafından asılıdır" strateji xəttinizə uyğun olaraq biznes və
investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı
ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu baxımdan qanunvericilik
bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi,
vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən
çox xidmətin elektron qaydada göstərilməsi, "bir pəncərə"
prinsipinin tətbiqi, 10 il ərzində regionlarda 100 mindən çox
sahibkarın iştirakı ilə 1200-dək maarifləndirmə, biznes forumların,
konfransların keçirilməsi və digər tədbirlər nəticəsində
regionlarda güclü özəl sektor formalaşmışdır".
Onun sözlərinə görə, ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun
vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard
manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış
vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit verilmiş və bu
layihələr hesabına 110 minədək yeni iş yeri yaradılmışdır.
Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların
payına düşür: "Bu müddət ərzində Azərbaycan İnvestisiya Şirkəti
regionlarda qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni
müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər
görmüş, "Milk Pro", "Ağstafa Aqroservis", "Azərtoxum" və "Dəvəçi
Broyler"də həyata keçirilən layihələrdə iştirak etmişdir".
Nazir deyib ki, bu tədbirlər nəticəsində hesabat dövründə
məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə, vergi
daxilolmalarında 42 faizdən 72,5 faizə qalxmış, sahibkarlıq
subyektlərinin sayı 2,5 dəfə artmış, nəticədə ümumi daxili məhsulda
özəl sektorun xüsusi çəkisi 80 faizi ötmüşdür: "Sözsüz ki, müasir
tələblərə cavab verən minlərlə infrastruktur və sosial obyektlərin
inşası ilə bərabər, biznes və investisiya mühitinin
yaxşılaşdırılması regionların iqtisadi potensialını gücləndirməklə,
ümumilikdə, iqtisadiyyatın diversifikasiyasının sürətlənməsinə,
qeyri neft sektorunun və ixracının artmasına, ərzaq
təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə vermişdir. Belə ki,
son 10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o
cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda
sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium,
Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen
borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki
yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic,
Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı,
Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və
qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər
tikinti materialı, mebel, emal, çörək və digər müasir müəssisələr
fəaliyyətə başlamışdır".
Ş.Mustafayev qeyd edib ki, təkcə güzəştli kreditlər hesabına ümumi
dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi
maliyyələşdirilmiş, bu layihələr üzrə 80 müəssisə istifadəyə
verilmiş, 24-ü üzrə işlər davam etdirilir. 2014-cü ilin "Sənaye
ili" elan olunması bu sahədə aparılan işləri daha da
genişləndirəcək və sənayeləşməni sürətləndirəcəkdir:
"Cənab Prezident, İntensiv metodlara əsaslanan aqrar sektorun
yaradılmasına yönəlmiş siyasətiniz, həyata keçirilən dövlət dəstəyi
tədbirləri öz nəticəsini vermiş, kənd təsərrüfatı məhsullarının
istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin
yüksəlməsinə səbəb olmuşdur. Sizin göstərişinizə əsasən yaradılmış
pilot taxılçılıq təsərrüfatında ötən il rekord həcmdə - hər
hektardan 55 sentner taxıl və 100 sentnerdən artıq yüksək
keyfiyyətli qarğıdalı yığılmışdır. Hazırda Beyləqan, Hacıqabul,
Cəlilabad və Xaçmaz rayonlarında da 5 iri fermer təsərrüfatının
yaradılması işləri yekunlaşmaqdadır".
Onun sözlərinə görə, aqrar sektorda emalçılar ilə istehsalçılar
arasında münasibətlərin tənzimlənməsi, fermerlərin dövlətin dəstək
mexanizmlərindən səmərəli istifadə etməsi məqsədilə regionlarda 50
başlıq südlük cins heyvandarlıq ailə təsərrüfatlarının
yaradılmasına başlanılmışdır. Bu mexanizm ət və süd məhsulları
istehsalının artırılmasında, emal sənayesinin davamlı və fasiləsiz
xammalla təmin olunmasında, iribuynuzlu mal-qaranın cins tərkibinin
yaxşılaşdırılmasında, kiçik sahibkarlığın daha sürətli inkişafında
əhəmiyyətli olacaqdır: "Hesabat dövründə güzəştli kreditlərin 64
faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı
layihələrinə yönəldilmişdir. Belə ki, illik istehsal gücü 55 min
ton quş əti, 84 milyon damazlıq və 164 milyon əmtəəlik yumurta olan
39 quşçuluq müəssisəsinə 100 milyon manat kredit verilmiş, sənaye
quşçuluğunun istehsal gücü 100 min tona çatdırılmış, quş əti
istehsalı 51 faiz artaraq 97 min ton, o cümlədən sənaye üsulu ilə
2,6 dəfə artaraq 55 min ton olmuşdur. Görülmüş tədbirlər
nəticəsində quş əti idxalı 73 faiz azalmışdır.
Bununla yanaşı, 20 min başlıq 16 cins heyvandarlıq kompleksinin,
illik gücü 175 min ton olan 7 süd, illik gücü 81 min ton olan 7 ət
istehsalı müəssisəsinin açılması nəticəsində ət və süd istehsalı
artmış, özünütəminetmə səviyyəsi yüksəlmişdir. Eyni zamanda, 28
intensiv bağçılıq və üzümçülük təsərrüfatının, 30 müasir istixana
kompleksinin və illik gücü 120 min ton olan 15 meyvə-tərəvəz emalı
müəssisələrinin fəaliyyətə başlaması nəticəsində bu sahədə istehsal
və ixrac imkanları xeyli artmışdır".
Nazir bildirib ki, kənd təsərrüfatı məhsullarının tədarükü,
saxlanması və satışı üzrə ümumi tutumu 203 min ton olan 40 logistik
mərkəzin və ümumi tutumu 342 min ton olan 21 taxıl anbarı
kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli
məhsullarla təminatında, istehsal olunan meyvə-tərəvəzin və taxılın
tədarükündə, ixracın artmasında, qiymətlərin sabitliyinin təmin
edilməsində mühüm rol oynayır: "Cənab Prezident! Ötən konfranslarda
yeni ixrac bazarlarının müəyyənləşdirilməsi və ərzaq məhsullarının
ixracının artırılması ilə bağlı verdiyiniz göstərişlərin icrası
məqsədilə ixrac qabiliyyətli müəssisələrin yaradılması diqqətdə
saxlanılmış, qablaşdırma, saxlanma, daşınma imkanlarının
artırılması üzrə layihələr həyata keçirilmiş, Aktau şəhərində
logistik mərkəzin yaradılmasına başlanılmışdır".
Ş.Mustafayev deyib ki, ümumilikdə, 10 il ərzində qeyri-neft ixracı
4,7 dəfə, o cümlədən meyvə-tərəvəzin emal məhsullarının ixracı 2,5
dəfə, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 1,7 dəfə, ixrac
ölkələrinin sayı isə 20 vahid artmışdır. Ötən müddətdə 14
beşulduzlu otel də daxil olmaqla, regionlarda turizm
komplekslərinin, istirahət mərkəzlərinin istifadəyə verilməsi
turizmin inkişafına geniş imkanlar yaratmışdır:
"Regionların müəllifi olduğunuz inkişaf strategiyasının uğurla
həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ümumilikdə ölkənin
inkişafında bir dönüş nöqtəsi olmuş, aparılmış möhtəşəm quruculuq
və abadlıq işləri bütün şəhər, rayon və kəndlərin simasını tanınmaz
dərəcədə dəyişərək, regionlarda əhalinin həyat səviyyəsinin daha da
yaxşılaşmasına böyük töhfə vermişdir.
Sizin xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf
strategiyasından qaynaqlanan, hər bir vətəndaşın rifahının davamlı
olaraq yüksəlməsinə yönələn uzaqgörən, sistemli və qətiyyətli
siyasətiniz bundan sonra da qarşıda duran vəzifələrin uğurla yerinə
yetirilməsini, ölkəmizin, o cümlədən regionların inkişafının daha
da sürətlənməsini təmin edəcəkdir".
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərin anım günü keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI