Köşə
İranda Azərbaycan dənizini kimlər “dalğalandırır?”
Asif Nərimanlı
Dünya ABŞ-İran qarşıdurmasını müzakirə etdiyi bir vaxtda
cənubdan Azərbaycana doğru yenə “soyuq küləklər” əsməyə başladı.
İran-Azərbaycan münasibətlərində zaman-zaman baş verən gərginlik
fonunda bu gün rəsmi Tehranın Bakı ilə isti münasibətlərə önəm
verməsinə rəğmən cənub qonşumuzda kimlərinsə göstərişi ilə ölkəmizə
qarşı hücumu yenidən aktuallaşdırıblar. Hərçənd, geosiyasi
proseslər, xüsusilə Tramp Administrasiyasının təhlükəli İran
planları Azərbaycana münasibətində rəsmi Tehranın önünə biri xəstə,
digəri sağlam olmaqla iki seçim qoyur:
- Tehranda Azərbaycanın anti-İran cəbhəsində yer
almaq qorxusu: Rəsmi Bakı Tehrandakı müəyyən
qüvvələrin iddialarına və qorxularına rəğmən indiyə qədər İrana
qarşı heç bir cəbhədə yer almayıb, əksinə, daim bərabərhüquqlu
tərəfdaşlığa və mehriban qonşuluq siyasətinə söykənən yanaşma
sərgiləyib. Bu yanaşma bu gün də belədir. Birincisi, Azərbaycan
xarici siyasətini müstəqil və milli maraqlarına uyğun şəkildə
həyata keçirir və bu mövqe İranla sırf mehriban qonşuluq
münasibətlərini əsas tutur. İkincisi, siyasi maraqlar, eləcə də
Bakı-Tehran xəttində siyasi münasibətlər və hər iki ölkənin
“Şimal-Cənub” nəqliyyat dəhlizi kimi nəhəng regional layihələrdə
birgə işləməsi Azərbaycanın İrana baxışlarının rəngini bəlli edir.
Hətta Azərbaycan İranın işğalçı Ermənistana dəstəyinə rəğmən də
qonşuluq siyasətindən vaz keçməyib.
- Azərbaycan etibarlı və mehriban qonşudur: İranın
geosiyasi proseslərdə üzləşdiyi maneələr və bu gün dünyanın super
gücünün hədəfində olması onun ətraf coğrafiyadakı ölkələrlə,
xüsusilə qonşu dövlətlərlə daha sıx yaxınlaşmasını vacib edir.
Bununla yanaşı, siyasi təcrübə İranın qonşu ölkələrlə məsafəli və
şübhəli münasibət saxlamasının öz maraqlarına zərbə vurduğunu sübut
edib.
Bu gün Həsən Ruhani hökumətinin Azərbaycanla münasibəti Tehranın
ağıllı seçimə üstünlük verdiyini göstərir. Lakin Tehranda dərc
olunan “Qanun” qəzetinin “Xəzərdə ekstremal dalğalar” sərlövhəli
məqaləsi, irəli sürülən absurd iddialar və Azərbaycan dövlətinin
tarixinə dil uzatması “soyuq küləkləri” cənubdan bizə doğru hansı
sirli əllərin əsdirdiyi haqda düşündürücü suallar yaradır.
Son iki həftədə Xəzərin hüquqi statusu məsələsinə toxunan “Qanun”
“Rusiyanın Kaspinlə (Xəzər) bağlı qarabasması” sərlövhəli ilk
məqaləsində Moskvanı hədəfə alaraq, milli suların “düzgün”
bölüşdürülmədiyini iddia edir və yazır: “Ruslar tarixən sübuta
yetiriblər ki, İran üçün etibarlı qonşu deyillər. Çar Rusiyası
1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçayda imzalanan
dəhşətli müqavilələrlə, Qafqazın 17 şəhəri ilə birlikdə Xəzər
dənizinin qərb sahilini işğal etdikdən sonra, 1881-ci il müqaviləsi
ilə, Böyük Xorasanın Vərarud çayı və Xəzər dənizinin şərq sahilini
ilhaq edib”.
Rusiyanı hədəfə alan bu iddiada əslində Azərbaycanın ərazi
bütövlüyünə qarşı təxribatçı yanaşma aydın görünür. Söhbət vaxtilə
Azərbaycana qarşı təxribatçı fəaliyyəti ilə seçilən “Səhər”
telekanalının əməkdaşı və İran XİN-in məsul işçisi Əsğər Fərdinin
kinoya çevirdiyi “17 Qafqaz şəhəri”ndən gedir. İranın Ə. Fərdi kimi
şovinistləri iddia edirlər ki, XIX əsrdə Rusiya-İran müharibəsi
zamanı “17 Qafqaz şəhəri” – Bakı, Gəncə, Şamaxı, İrəvan,
Naxçıvan... və s. – işğal edilib. Məlumdur ki, “Qanun” qəzeti kimi
nəşrlərdə fəaliyyət göstərən xəstə düşüncəli şovinistlər
Azərbaycanı ikiyə bölən və işğalı ilə nəticələnən Gülüstan və
Türkmənçay müqavilələrini “İranın bölünməsi” kimi qəbul edir. Ən
dəhşətlisi isə odur ki, bu gün Azərbaycanın cənubda qalan
torpaqlarına iddiasını bir kənara qoyaraq, İranla suveren ölkə kimi
münasibət saxlamaq istəyinin əksinə, cənub qonşumuzda ölkəmizin
suverenliyinə qarşı iddialar və çirkin niyyətlər səngimir. Və heç
də təəccüblü deyil ki, bu kəsimin öndə gedənlərindən olan Əsğər
Fərdi bu gün feysbuk sosial şəbəkəsində “Bermeki Müttəqi”, “Baba
Pünhan” və digər adlar altında Azərbaycanda etnik separatizm
toxumları səpməyə cəhd edir. Və bu xəstə düşüncəli kəslərin İrandan
Azərbaycana qarşı nifrət püskürməsi Bakı-Tehran xəttində mehriban
münasibətlərin mövcudluğu fonunda baş verir. Sual yaranır: rəsmi
Tehran İranın maraqlarına zərbə vuran bu iddiaların önünə niyə
keçmir?
“Qanun” qəzetinin “məlun” məqaləsində Rusiyanın hədəfə alınması da
təsadüfi deyil. İranda qeyri-farsları yox etmək kimi xəstə
düşüncəni ifraz edən bu nəşrin Rusiyaya düşmənçiliyi ilk növbədə
XIX əsrdə rusların “İran torpaqlarını işğal etməsi” iddiasından
qaynaqlanır. Qəzet beynəlxalq hüquq üzrə ekspert Abbas Kuçnejada
müraciət edir və “İranın Xəzərdə 50 faizlik hüququ” iddiasını
ekspertin dilindən şərh edir: “İranın Xəzər dənizinə olan hüququnun
itirilməsinin ən vacib səbəbi Aran və ya Azərbaycan daxil olmaqla,
geniş ərazilərin itirilməsi olub. 1921-ci il müqaviləsinə əsasən,
İranın Xəzər dənizindəki payı 50 faiz təşkil edir, çünki bu dəniz
İran və Sovet İttifaqı arasında bölüşdürülüb. Digərlərinin
fikrincə, həmin müqaviləni tənzimləyən şərtlər artıq mövcud
deyil... İran 1921-ci il müqaviləsinə istinadla, tarix boyu öz
hüquqlarını müdafiə etməyib. Digər tərəfdən, əgər İran öz bivec
rəhbərləri ilə Aran (Azərbaycan) kimi mühüm hissəsini itirməsəydi,
indi, şəksiz, biz mütləq hüququmuzdan istifadə edəcəkdik; son
nəticədə, güclü diplomatiyamız və digər ölkələrlə müsbət və geniş
əlaqələrimiz mövcud olacaqdı. Biz 20 faizlik payımızı itirə
bilmərik. İran hökmdarları tarix boyu bu cür məsələlərə az diqqət
yetiriblər, ümid edirik ki, bu gün Rusiyanın son layihəsi ilə
yaranmış olan bəhanə ilə İranın Xəzər dənizinə olan hüququ ön plana
çıxıb və hökumət İran xalqının tarixi hüququnu sonadək müdafiə
edəcək”.
İranda ermənilər də daxil olmaqla şovinist kəsimin tribunası olan
“Qanun” 1921-ci il və 1940-cı il müqavilələrinə istinad edərək
Azərbaycanın milli sularına göz dikir. Həmin müqavilələr SSRİ ilə
İran arasında bağlanıb. SSRİ artıq yoxdur və mövcud olmayan
“dövlətlə” bağlanmış müqavilənin şərtlərini əsas götürmək kimi
xəstə xülyalara qapılmaq özünü gülünc vəziyyətinə qoymaq
deməkdir.
“Qanun” isə özünü gülünc vəziyyətə qoymaqdan çəkinmir və Xəzərin
adını öz xəstə təxəyyülü ilə “Kaspin”, “Hirkan dənizi”, “Mazandaran
gölü” adlandırır. Əslində qəzetin Rusiyaya nifrətinin arxasında
Xəzərin öz tarixi adı ilə qəbul edilməsi faktoru da dayanır. Çünki
Azərbaycan və Rusiyanın səyi ilə İranın Xəzərin adını farslaşdırmaq
niyyətləri baş tutmayıb. Vaxtilə Azərbaycan Prezidenti Heydər
Əliyev Bakıya gələn İran rəsmilərini məhz Xəzəri “Mazandaran”
adlandırdıqları üçün qəbul etməmişdi. Bu gün Prezident İlham Əliyev
də eyni qətiyyəti nümayiş etdirərək, Xəzərin tarixi kimliyini
qoruyur. Xəzərin beynəlxalq hüquqda da bu adla qəbul edilməsi
Azərbaycan dövlətinin böyük uğurudur. Görünür, İranda Xəzəri
farslaşdırmaq niyyəti güdənlər Azərbaycanın bu uğurundan
qıcıqlanırlar.
Cənubdan əsən “soyuq küləklərin” arxasında İrandakı erməni
lobbisinin də başı aydın görünür və bu heç də təsadüfi
qarşılanmamalıdır. Cənubi Azərbaycanda ictimai-siyasi xadimlər
dəfələrlə “Qanun” qəzetinin ermənilərlə işbirliyi içində olduğunu
dilə gətiriblər. Əslində qəzetin “Xəzər iddialarını” XX əsrin
əvvəlindəki müqavilə ilə əsaslandırması ilə ermənilərin Sevr
müqaviləsinə istinad edərək, “böyük Ermənistan” xülyası qurması
arasındakı xəstə təxəyyülün bənzərliyi açıq şəkildə görünür.
Qəzetin Azərbaycanı “Aran”, yaxud “Bakı Cümhuriyyəti” adlandırması
da erməni və fars şovinistlərinin ortaq mövqeyindən xəbər
verir.
“Qanun”un ermənilərə bağlı olmasını qəzetin Azərbaycanın işğal
edilmiş Dağlıq Qarabağ bölgəsini “erməni dövləti” adlandırması və
separatçı-terrorçu rejimi dəstəkləyən materiallar yayımlaması da
təsdiqləyir. Qəzet ötən il yayımladığı “Ermənistandakı və Dağlıq
Qarabağdakı İran məscidlərinin (Söhbət erməni işğalı nəticəsində
dağıdılmış Azərbaycan məscidlərindən gedir) yerində araşdırılmış
vəziyyəti” sərlövhəli məqaləsində yazırdı: “İranda kilsələr dövlət
tərəfindən qorunur və İran ermənilərinin ictimai fəaliyyətini
dəstəkləyir. Digər tərəfdən, Ermənistan və Qarabağdakı İran
məscidlərinə (??) xüsusi ehtiramla yanaşılır. Erməni tərəfi İrana
bu tarixi abidələri bərpa icazəsi vermiş və bəzi hallarda bərpa
təşəbbüsü ilə çıxış edib. Xüsusilə Orta Şərqdə etnik gərginlik və
məzhəb fundamentalizminin tüğyan etdiyi bir zamanda bu növ əlaqələr
dinlərarası dialoqa nümunə göstərilməlidir. Belə bir mühitdə İran
və Ermənistan müştərək sivilizasiyanın varisləri kimi mədəniyyət
sahəsində ideal razılaşmaya nail olub. “Dağlıq Qarabağ hökuməti”
(dırnaq bizə məxsusdur-red) məscidlərə heç bir zərər yetirməyib,
əksinə, onların təmirinə böyük məbləğdə maliyyə vəsaiti sərf edib.
Digər tərəfdən isə hüquqi nöqteyi-nəzərdən Ağdam və Şuşadakı İran
məscidlərinin Azərbaycan Respublikası ilə çox cüzi əlaqəsi var. Bu
məscidlər iranlıların Qafqazda, xüsusilə də Şuşadakı
yadigarıdır”.
Qəzet daha sonra Ağdamı “fars şəhəri” adlandırır və Dağlıq
Qarabağın şimal-qərbində yerləşən “Ağdam” şəhər məscidinin “Dağlıq
Qarabağ hökuməti tərəfindən” İranın mədəniyyət irsi kimi
təsdiqləndiyini yazırdı.
Görünür, ermənilər fars şovinistlərindən Azərbaycana qarşı silah
olaraq istifadə etməyə davam edirlər. Hərçənd, bu silah ilk olaraq
İranın dövlət maraqlarına tuşlanıb. Rəsmi Tehran bu haqda düşünməyi
və tədbir görməyi təxirə salmamalıdır, əks təqdirdə, xəstə
təxəyyüllər dövlətlərarası münasibətlərə də sirayət edə bilər.
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?