Köşə
Siz necə düşünürsünüz?
Elçin Mirzəbəyli
Yay isti keçir. Xəbər, hadisə yarada bilən insanların çoxu istirahətdədir. Hər il olduğu kimi medianın gündəmində boşluq var və bu boşluğu hər kəs öz ənənəsinə, dünyagörüşünə, mədəniyyətinə, istedad və bacarığına uyğun şəkildə doldurmağa çalışır. İctimai maraqları peşə prinsipləri ilə yanaşı tutanlar, atmosferin təkcə azot, oksigen, karbon, neon, kripton və digər qazlardan ibarət olmadığını, eyni zamanda sosial-psixoloji, mənəvi anlam daşıdığını dərk edənlər boşluqların yerinə analitik materiallar, araşdıramalarla rəng qatmağa, insanların rahatlığını, gündəlik həyatlarının ritmini pozmamağa çalışırlar, digərləri isə boşluqları sadəcə doldururlar. Həm də nə ilə gəldi...
Bu “boşluq doldurma” üslubu mənə nədənsə tüfəng yenicə kəşf
olunduqdan sonra bu silahın doldurulmasında istifadə edilən sümbəni
xatırlatdı. “Sümbə” sözünə klassik ədəbiyyatımızda tez-tez rast
gəlinir. Tüfəng kəşf olunmazdan öncə sümbədən topları barıt və
mərmi ilə doldurmaq üçün də istifadə edirdilər. Bildiyim qədər, elə
indi də bəzi ovçular sümbədən istifadə etməklə tüfəngin lüləsini
təmizləyirlər. Kəsəsi, sümbə “dayandoldurum” top-tüfəng dövrünün
vazkeçilməz elementlərindən biri kimi bu gün də işə yarayır.
Zamanında isə el arasında “dayandoldurum” kimi ad çıxaran tüfəngin
lüləsindən üzü aşağı öncə barıtı, sonra qırmanı buraxırdılar. Daha
sonra isə tüfəngin lüləsinə kağız parçası qoyub sümbə ilə möhkəmçə
qırmaya pərçimləyirdilər. Fitili yandırırdılar və əgər barıt yaş
deyildisə atəş açılırdı. Müəyyən zaman kəsiyindən sonra çaxmaq kəşf
olundu, adi kağızı öncə qəzet kağızı, daha sonra isə
“dayandoldurum” ləvazimatlarını barıtın, qırmanın və kağızın
birgəlik yaşadığı “üçü birində” patronlar əvəz elədi... Amma sümbə
hələ də “ömrünü” davam etdirir. Həm də müasir reytinq ovçularının
ən sevimli alətlərindən biri kimi.
Təəccüblənməyin, sümbənin virtual nümunələri də var. Belə
nümunələrdən isə adətən gündəmi doldumaq və reytinq ovlamaq üçün
istifadə edilir... “Dayandoldurum” saytların sayı çoxaldıqca
“sümbə”yə duyulan ehtiyac da artır. Daha bəzi virtual xəbərçilərin
Rusiyada, Amerikada, yaxud hər hansı bir xarici ölkədə baş verən
hadisəni “milliləşdirən” “13 yaşlı məktəbli intihar etdi”, “Şagird
məktəbə partlayıcı maddə gətirdi” və s. bu kimi xəbər başlıqları da
işə yaramır. İndi bir neçə hadisəni “sümbə” ilə pərçimləyib
saytlara doldururlar. Heç bir məsuliyyət hiss etmədən, vicdan əzabı
çəkmədən... Son günlərin ən məşhur “xəbər”ində olduğu kimi: “Şagird
müəllimi kitaba görə bıçaqladı”...
Əsil “dayandoldurum” xəbəridi... Bu xəbərdə şagird – barıt, müəllim – qırma, kitab da, yəqin anladınız, kağız funksiyasını yerinə yetirir. Üçünü də bir yerdə basdın xəbərə, sümbə ilə doldurdun sayta, fitili çəkdin, vəssalam, atəş açıldı... Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyasında olduğu kimi barıtı da bir az çox qoyursan, pah, əsl partlayış yaradır... Qəlpələri də hər kəsə dəyir – müəllimlərə, şagirdlərə, valideynlərə, bütövlükdə Azərbaycan təhsilinə və mediasına...
Sonra isə bəlli olur ki, “şagird”in 26 yaşı var... Yəni bu adam
artıq 9 ildir ki, şagird adını daşımır...
Problem heç cinayəti törədən şəxsin şagird, cinayətin hədəfinin
müəllim olub-olmamasında da deyil. Əgər hər hansı bir cinayət
hadisəsi, yaxud sıradanbir qarşıdurma məktəbdə baş verməyibsə, bu
cinayətin, qarşıdurmanın tədris prosesi ilə, məktəblə hər hansı bir
əlaqəsi yoxdursa, cinayəti törədən şəxsin və onun hədəfinin
daşıdığı vəzifəni, statusu gözə soxmağın heç bir halda izahı
yoxdur. Olmasın məktəb, olsun hansısa mətbuat orqanı, xəbər
agentliyi, sayt...
Təsəvvür edək, eyni xəbər hansısa kütləvi informasiya vasitəsi ilə bağlıdır. Məsələn, xəbərin başlığı belə - “Jurnalist baş redaktoru yazıya görə bıçaqladı” və yaxud əksinə, daha maraqlı oldun deyə “Baş redaktor yazıya görə jurnalisti qanına qəltan elədi” - kimi verilib. Sonradan da bəlli olur ki, hadisə istirahət mərkəzlərinin birində baş verib. “Jurnalist” adlandırılan şəxs hansısa saytda texniki işçi kimi çalışır, “baş redaktor” isə “bic.az”, “biz.info” və ya “peyser.com” domen adından istifadə etməklə reketçiliklə məşğul olan təhsilsiz, hətta bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmiş şəxsdir. Sosial şəbəkələrdən biri vasitəsi ilə kimisə şantaj edib ondan pul qoparıblar və bölüşə bilmədikləri üçün aralarında dava düşüb. Belə şəxslərin “jurnalist” və “baş redaktor” adlandırılmasına mən də daxil olmaqla peşəsinə, işinə, reputasiyasına hörmət edən həmkarlarım necə yanaşardılar?
Hər dəfə “reket jurnalist”, “reket media” sözlərini eşidəndə
ətim ürpəşir, özümü təhqir olunmuş hesab edirəm. Bu adı şərəflə
daşıyan həmkarlarım da həmçinin, hər dəfə sevimli peşələrinə zorla
yapışdırılan bu “yarlıq”dan əzab çəkdiklərini bildirirlər. Bəlkə
elə hər kəsi öz adı ilə çağıraq? Məktəb, müəllim, şagird, mətbuat,
jurnalist, baş redaktor sözlərini hörmətdən salmayaq?
Siz necə düşünürsünüz?
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?