Köşə
Qüdrət Həsənquliyevin 55 yaşına sözardı
Elçin Mirzəbəyli
Gerçək qəhrəmanların obrazını yaratmaq, sözlə portret cizgilərini çəkmək çox çətindir. Xüsusilə də həmin qəhrəman sənin bir addımlığındadırsa. Onu bəlkə də hər kəsdən yaxşı tanıyırsansa. Bircə kəlmə sözündən, işarəsindən, üzünün xəfifcə, sezilmədən dəyişən cizgisindən nə demək istədiyini anlayırsansa, duyursansa... Yaradıcı insanlar adətən təxəyyüllərində canlandırdıqları, yaxud yaratdıqları obrazları, qəhrəmanları daha çox sevirlər. Çünki uydurulmuş qəhrəmanlar onları uyduranların müəyyənləşdirdiyi yerdə və məsafədə dayanırlar. Onların obrazına, portretinə arzuladığın istənilən cizgini əlavə etmək olar. Xoşuna gəlmədi... sil və yenisini əlavə elə, öz ideallarına, dünyagörüşünə, zövqünə uyğunlaşdır. Mənim qəhrəmanım isə gerçəkdir. Olduğu və göründüyü kimi... Bu baxımdan, onun portretinə və xarakterinə arzuladığım hər hansı bir cizgini əlavə edə bilməyəcəyəm. Əslində, belə bir arzum da yoxdur. ...O, mübaliğəni sevmir, bəzək-düzəkli yanaşmaları, boyalı, sığallı, ütülü bənzətmələri xoşlamır. Hər şeyin olduğu kimi, bəzən olduğundan daha sadə, gözə sıçramayan və iddiasız görünməsini arzulayır. Onu foto, yaxud video kamera qarşısında konkret iş prosesindən kənar bircə dəqiqə də olsun dayanmağa razı sala bilməzsən. Çünki o, heç vaxt başqalarının görmək istədiyi, yaxud kənardan peşəkarcasına sırınan obrazda görüntülənmək istəməyəcək. Bəzən anlaşılmayacaq, yaxud hər kəsin anlaya biləcəyi bir obrazda görüntülənməsinə şans tanımayacaq. Daxili aləmini, dünyagörüşünü... üzünün cizgilərində, davranışlarında aşırı xəsisliklə ifadə edəcək. Onu duymaq, düşüncələrindən qopan işığı üzünün cizgilərində tutmaq an məsələsi olacaq. Bu anı əldən verdinsə, nə qədər istedadlı və peşəkar olursansa ol, geriyə qaytara bilməyəcəksən.Bütün hallarda, təbii şəkildə yaranmış, yaxud müxtəlif üsullarla yaradılmış vəziyyətlərdə olduğu və göründüyü kimi qalacaq.
Yol
...Təxminən 38 il öncə, qatarın yarıaçıq pəncərəsindən Azərbaycanı ikiyə ayıran tikanlı məftilləri, Arazın bu ayrılığın axan mənzərəsi kimi boz-bulanıq və qırmızı rənglərlə ikiyə bölünmüş sularını ilk dəfə gördüyüm zaman, nə vaxtsa mənim bir günlük təəssüratımı dünyaya göz açdığı gündən bəri yaşayan, ayrılıqla iç-içə olan bir insanla yol və əqidə yoldaşı olacağımı ağlıma belə gətirməzdim. O, mənim qatarın pəncərəsindən seyr etdiyim ayrılığın bir addımlığında, adını belə dilə gətirə bilmədiyimiz, “o tay” deyə adlandırdığımız Vətən torpağından əsən dəli küləklərin cövlan elədiyi bir məkanda dünyaya göz açdı... Həyatının ilk itkisini, ilk ağrısını burada – zəhmətsiz bircətoxumun belə cücərmədiyi bu torpaqlarda qarşıladı. ...Atasını itirəndə Qüdrət Həsənquliyevin 13 yaşı vardı. Birçəyini gənc yaşlarından övladlarının yolunda ağardan fədəkar bir ananın ümidinə qalan böyük bir ailə həyatın acı gerçəkləri ilə qarşı-qarşıya yaşam mücadiləsinə başladı və böyük məhrimiyyətlər bahasına olsa da belə bu amansız mücadilədən alnıaçıq çıxmağı bacardı...
Hələ kiçik yaşlarından hüquqşünas olmaq istəyirdi. Onu hər gün sübhün alatoranlığında qonşu kənddəki məktəbə aparan da elə bu arzusu idi. Orta məktəbi əla qiymətlərlə başa vursa da qarşısında onu arzusuna qovuşmağa qoymayan süni maneələr dayanırdı. O zamanlar hüquq fakültəsinə daxil olmaq üçün 2 illik iş stajı tələb olunurdu. Bu maneəni də geridə qoymaq üçün bir müddət doğulduğu kənddə fəhlə kimi çalışdı və sonra hərbi xidmətə yola düşdü. Hərbi xidmətini Sibirdə, İrtış çayının kənarında yerləşən, 50 dərəcə şaxtanın Tanrının lütfü hesab olunduğu bir məkanda keçdi. Nümunəvi xidmətinə görə ona Sverdlovsk Hüquq İnstitutunda ali təhsil almaq üçün göndəriş də verdilər. Bu sənədə görə, hərbi xidmətini yenicə başa vurmuş Qüdrət Həsənquliyev adıçəkilən ali təhsil ocağına müsabiqədənkənar qəbul olunmalıydı. Lakin bu dəfə qarşısına başqa bir mane – onun Sovet İttifaqı barədə təsəvvürlərini tamamilə alt-üst edən, gözlə görünməyən “tikanlı məftillər” çıxdı. İnstututda ona bildirdilər ki, SSRİ Təhsil Nazirliyindən verilən şifahi göstərişə görə, azərbaycanlıların hüquq ixtisasına qəbuluna icazə verilmir... Məhz azərbaycanlı olduğuna görə Sverdlovsk Hüquq İnstitunda təhsil almaq arzusu gerçəkləşməyən, ancaq həyatının ən böyük dərsini alan, Sovet rejiminin gerçək simasını görən Qüdrət Həsənquliyev “Böyük Vətən” haqqında nağılların boş və mənasız olduğunu anlayaraq kiçik Vətənə qayıdır...Arzusunu öz doğma vətənində gerçəkləşdirmək üçün paytaxt Bakıya gəlir, universitetin hüquq fakültəsinə qəbul olunur və elə ilk günlərdən gizli tələbə hərəkatına qoşularaq, Azərbaycanın azadlığı uğrunda mücadiləyə başlayır. Hərəkat yoldaşlarıyla birlikdə Azərbaycanın 16 ali təhsil müəssisəsini əhatə edən Şimali Azərbaycan Azad Tələbə İttifaqını yaradır və bu təşkilatın sədri seçilir...
...Bütün bunlar mənim Qüdrət Həsənquliyevi tanımadığım zaman kəsiyində baş verənlərdi. Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri kimi sonradan onunla yollarımız dəfələrlə kəsişib. Və artıq 19 ildir ki, uzun illər ayaq basdığımız yolu əqidə yoldaşlarımızla birgə və səbrlə addımlayırıq. Bir an belə tərəddüd etmədən, hədəflərimizin doğruluğuna, millətimizin və dövlətimizin mənafeyinə xidmət etdiyinə sonunadək inanaraq. Mənim üçün ən önəmli amil insanın özünəməxsus xarakterinin və bəlkə də ümumiyyətlə xarakterinin olmasıdır. Buna görə də çox zaman münasibətdə olduğum insanları iki hissəyə ayırıram: xarakteri olanlar və olmayanlar...
Qüdrət Həsənquliyev xarakter adamdır. Yalnız özünün qənaətlərinə söykənərək addımlayan, bir çox hallarda hansısa zaman kəsiyində məruz qalacağı təzyiqləri, hücumları önəmsimədən axına qarşı üzməyi bacaran əsil xarakter adamı! Bu yazıda məqsədim Qüdrət Həsənquliyevin siyasi portretini yaratmaq olmasa da, onun obrazındakı bəzi cizgiləri qabartmaq üçün yaxın tarixdə baş verən siyasi proseslərə diqqət çəkmək istəyirəm:
- Rəhbərliyində təmsil olunduğu siyasi partiya ikiyə parçalanır. O, partiyanın başqa bir qanadında təmsil olunduğuna baxmayaraq, digər qanadın təşkil etdiyi toplantıya qatılır, tamamilə fərqli və inkarçı ovqata köklənmiş insanların qarşısında çıxış edir, onları partiyanı parçalamamağa çağırır.
- AXCP ikiyə parçalandıqdan sonra öz prinsiplərinə sadiq qalaraq, partiyanın bütövləşməsi uğrunda açıq mübarizəyə başlayır. Hər iki qanadın rəhbərliyində təmsil olunan şəxslər partiyanın bütövləşməsi ilə bağlı verdikləri vədlərdən, elan etdikləri prinsiplərdən geri çəkilsələr də, o, öz yolunu davam etdirir.
- Partiyanın hər iki qanadında təmsil olunan insanların əhəmiyyətli hissəsinin iştirakı ilə AXCP-nin bütövləşməsinə nail olur. Ölkənin siyasi həyatında mühüm hadisəyə çevrilən birləşdirici qurultayda həmin dövr üçün qeyri-adi, ağlasığmaz sayılan mesajlar verir. Azərbaycanda sivil və etimadlı siyasi münasibətlər sisteminin formalaşmasının ölkəningələcəyi üçün taleyüklü önəm kəsb etdiyini vurğulayır.
- Ölkədə fəaliyyət göstərən əksər siyasi partiyaların, KİV-lərin, QHT-lərin ağlasığmaz təzyiqlərinə, böhtan və qarayaxmalarına rəğmən elan etdiyi prinsiplərdən geri çəkilmir.
- Rəhbərlik etdiyi partiya dövlət qeydiyyatına alınır və qıza müddətdən sonra Azərbaycandakı siyasi qütbləşmədə, inkarçılıqda maraqlı olan xarici qüvvələrin revanşı nəticəsində partiyanın qeydiyyatı ləğv olunur.
- O, yenə elan etdiyi prinsiplərdən geri çəkilmir. Əqidə yoldaşlarıyla birlikdə növbəti dəfə partiyanın təsis qurultayını keçirir. Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin Bütöv Azərbaycançılıq məfkurəsini İstiqlal mücadiləmizin aparıcı təşkilatının adi ilə bir araya gətirir.
- Siyasi partiyaların, medianın, QHT sektorunun əhəmiyyətli hissəsinin və beynəlxalq təşkilatların basqısı altında rəhbərlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının dövlət qeydiyyatına alınması üçün çoxsaylı maneələrdən, məhkəmə proseslərindən keçir. Və nəticədə, 2005-ci ilin avqust ayında BAXCP dövlət qeydiyyatına alınır...
...Və o, bu gün də bir an olsun belə tərəddüdə yol vermədən, elan etdiyi prinsiplərə sonsuz sədaqət nümayiş etdirərək yoluna davam edir. Vaxtilə Qüdrət Həsənquliyevə, əqidədaşlarına və onların Azərbaycanın siyasi münasibətlər sisteminə gətirdikləri dəyərlərə savaş elan edənlərin böyük əksəriyyəti bu gün tamamilə fərqli bir mövqedən çıxış edirlər. O, isə elə öz yolundadır. Özünün açdığı və başladığı yolda... Qüdrət Həsənquliyevin xarakterindəki ardıcılıq onun siyasi fəaliyyətində, insanlara münasibətində də özünü büruzə verir. Tələbə olduğu dövrdə Şimali Azərbaycan Azad Tələbə İttifaqının yaradılmasında fəal iştirak edir, bu qurumun sədri olur və... sonradan rəhbərlik etdiyitəşkilatın adına Bütöv Azərbaycan hədəfinin əlavə edilməsinə nail olur. 2008-ci ildə isə Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası adlandırılması təşəbbüsü ilə çıxış edir...
Qüdrət Həsənquliyev danışıqlar prosesində Rusiyanın vasitəçi deyil, tərəf olduğunu dilə gətirən yeganə siyasətçidir. O bütün dedi-qoduları, böhtan və qarayaxmaları göz önünə alaraq, danışıqların forpost Ermənistanla deyil, Rusiya ilə aparılmasının vacibliyini vurğulayır. Ən yaxın tarixdə Rusiyanın siyasi layihəsində iştirak edənlər, yaxud imkan düşdükdə bu ölkənin canişinlərinə quyruq bulayanlar ona qarşı bütün “damğavuran” vasitələrini işə salırlar. Amma o, yenə də bütün təzyiqləri öz üzərinə götürərək, qarayaxmalar fikir vermədən həqiqəti dilə gətirməkdən çəkinmir. Qüdrət Həsənquliyev sədaqətli dost, etibarlı yol və əqidə yoldaşıdır.
Konkret faktlara müraciət etməyə lüzum görməsəm də, ona sığınan insanlara görə özünün və doğmalarının həyatını belə riskə atdığını bilirəm. Səmimiliyinin, daxili humanizminin, başqalarının ağrı-acısını öz ağrısı kimi qəbul etməsinin, yıxılanı ayağa qaldırmaq əxlaqının, xeyirxahlığının ona çoxsaylı problemlər yaşatdığının da şahidi olmuşam. Həm də dəfələrlə... Əvvəllər buna etiraz edirdim. Amma başa düşdüm ki, Qüdrət Həsənquliyevin həyat fəlsəfəsi bütün dövrlər üçün keçərli olan sadə bir həqiqətə söykənir: Əgər kimlərsə pislik etməkdən əl çəkmirlərsə, o zaman mən nə üçün yaxşılıq etməkdən əl çəkməliyəm?!
55 yaşın mübarək, dostum! Tanrı yardımçın olsun!
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?